Qay Yuli Sezar. Филипп Фриман
Чтение книги онлайн.
Читать онлайн книгу Qay Yuli Sezar - Филипп Фриман страница 7
Təbii ki, patrisilər həmin qanuna qarşı idilər, çünki onlara böyük gəlir gətirən torpaqlar plebeylərə verilirdi. Ümumilikdə isə bu, Roma dövlətçiliyi üçün son dərəcə faydalı qanun idi: torpaq sahibinə çevrilən adamlar ətraf yerlərə dağılışıb təsərrüfatla məşğul olmağa başlayacaqdılar. Bu isə həm həyat səviyyəsinin yüksəlməsinə, həm də bütün ölkədə sabitliyin bərqərar olmasına gətirib çıxaracaqdı.
Qoyduğu qanunları gələcəkdə ləğv etməsinlər deyə Sezar torpaq qanununa yeni bir bənd də əlavə etdi. Bu əlavəyə görə konsul vəzifəsinə iddia edən namizədlər təntənəli surətdə and içməli idilər ki, heç bir halda Sezarın təşəbbüslərinə qarşı çıxmayacaqlar.
Yuli qanunu
Pompey iki il idi ki, Romaya qayıtmışdı, lakin onun Şərqdə ələ keçirdiyi torpaqlar hələ də rəsmən dövlətin tərkibinə daxil edilməmişdi.
Parfiya dövləti Pompeyin tutduğu torpaqların yaxınlığında yerləşirdi. Mesopotamiyadan Çinə qədər uzanan bu dövlət Roma legionlarını məğlub etməyə qadir hərbi gücə malik idi. Unutmaq olmazdı ki, parfiyalılar35 Kiçik Asiyadan sonra Yunanıstanı da işğal etmişdilər. Odur ki Aralıq dənizi hövzəsindəki torpaqları Parfiyanın təhdidləri qarşısında müdafiəsiz qoymaq olmazdı. Selevkidləri36 Suriyadan qovandan sonra Pompey Parfiyanı Romanın əyaləti elan etdi. İndi bu ölkə Yəhudiyə37 ilə birlikdə Roma dövlətinin Qara dənizdən Ərəb yarımadasına qədər uzanan şərq sərhədini formalaşdıra bilərdi. Lakin bunun üçün Pompeyin ələ keçirdiyi torpaqları rəsmi olaraq Roma dövlətinin tərkibinə daxil etmək lazım idi.
Altı il əvvəl Sezar Misiri Romaya birləşdirməyi təklif etmiş, lakin senat bu təşəbbüsü dəstəkləməmişdi. Konsul olandan sonra Sezar birləşdirmə məsələsini yenidən gündəmə gətirdi. Ancaq bu dəfə o, Misiri Romanın əyaləti elan etmək təklifini irəli sürmədi. Baxmayaraq ki hüquqi baxımdan belə bir imkan var idi: əvvəl də qeyd etdiyimiz kimi, Misir hökmdarı XI Ptolemey öz dövlətini Romaya vəsiyyət etmişdi. Onun ölümündən sonra (M.ö. 80-ci il) xalq arasında heç bir hörməti olmayan XII Ptolemey taxta çıxdı. Yeni hökmdar Romadakı vəzifəli şəxslərə rüşvət verməklə hakimiyyətini qoruyub-saxlayırdı. Sezar senata XII Ptolemeyin hakimiyyətini tanımağı təklif etdi. Bunun da səbəbi vardı: görünür, karyerasının indiki mərhələsində böyük bir dövlətin anneksiyası38 ilə məşğul olmaq istəmirdi. Başlıcası isə o, Pompeylə birlikdə XII Ptolemeydən külli miqdarda rüşvət alırdı.
Sezar həmin vaxtlar Romanın əyaləti sayılan Asiyadan yığılan vergilər haqqında qanun qəbul etdirdi. Bu qanunlar Roma dövlətinin mənafeyinə xidmət etsə də, o hər dəfə optimatların müqaviməti ilə üzləşirdi. Siseron dostu Attikə məktubunda yazırdı: «Sezardan ehtiyat etmək lazımdır. O, get-gedə tirana çevrilir».
M.ö. 59-cu ilin yayında Pompey öz istəyinə çatdı – onun istila etdiyi torpaqlar rəsmi qaydada Roma dövlətinə birləşdirildi və veteran əsgərlərə torpaq verildi. Sezar başa düşdü ki, öz istəyinə çatmış Pompey triumviratı tərk edə bilər. Belədə Sezar onu öz yanında saxlamaq üçün başqa bir vasitəyə əl atdı: Pompeyə qızı Yuliya ilə evlənməyi təklif etdi – baxmayaraq ki Yuliya məşhur sərkərdədən təxminən otuz yaş kiçik idi. Üstəlik, Pompey Sezarın qatı tərəfdarlarından olan Servili Sepionun nişanlısıydı və bir neçə gün sonra toyları olmalıydı.
Sezar Sepionun xətrini çox istəyirdi, lakin Pompey daha lazımlı adam idi. Sepionu sakitləşdirmək, könlünü almaq üçün Pompey öz qızını ona ərə verdi. Sezarın özü isə tezliklə Lutsi Pizonun39 qızı Kalpurniya ilə evləndi. Növbəti il isə qayınatasının konsul vəzifəsinə seçilməsini təmin etdi.
Bütün bunlar Katonu özündən çıxardı, o bəyan etdi ki, qadınların köməyi ilə vəzifəyə gəlmək və hakimiyyətdə möhkəmlənmək yolverilməzdir. Lakin Katonun etirazlarının heç bir nəticəsi olmadı.
Sezarın konsulluq dönəmində Roma əyalətləri istismardan, ağır vergilərdən əziyyət çəkirdi. Lakin uzaqgörən romalılar yaxşı bilirdilər ki, bütün resurslardan əhalinin yalnız az bir qisminin faydalandığı heç bir imperiya uğur qazana bilməz.
Sezar bu vəziyyəti düzəltməyə qərar verdi. Şübhəsiz, bununla o, əyalətlərdə yaşayan yerli sakinlərin əzablarını yüngülləşdirmək yox, dövlətin süquta uğramasının qarşısını almaq məqsədi güdürdü. M.ö. 59-cu ildə Sezar Roma magistratlarında cinayət və sui-istifadə halları ilə bağlı qanun qəbul etdi. Bu sənəd tarixə “Yuli qanunu” kimi düşdü. Qanunda əyalətlərin necə idarə edilməsi göstərilirdi; həmçinin səlahiyyətlərdən sui-istifadə və rüşvətxorluq hallarına yol verən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi qaydaları əks olunurdu. Qanunun tam mətni qorunub-saxlanmayıb. Lakin məlumdur ki, Siseron onu “ən yaxşı və ən ədalətli qanun” adlandırmışdı. Hətta Sezarın, necə deyərlər, əzəli və əbədi düşmənlərindən olan Katon da həmin sənədin qüsursuz olduğunu etiraf etmişdi. Bununla belə, o, şəxsi nifrət və qısqanclıq səbəbilə Yuli qanunundan söz düşəndə heç vaxt Sezarın adını çəkmirdi.
Həqiqətən də bu, son dərəcə diqqətlə işlənib-hazırlanmış qanun idi. Belə ki, Roma imperiyası süquta uğradığı dönəmlərə qədər, hətta ondan sonra – Bizans imperiyasında da bu qanundan istifadə olunmuşdu.
Sezar canişin olmaq istəyir
Lakin nə qədər əhəmiyyətli qanunlar işləyib-hazırlasa da, Sezar yaxşı bilirdi ki, konsulluq müddəti başa çatan kimi toxunulmazlıq hüququnu itirəcək və optimatlar ondan qisas almağa çalışacaqlar. Vəzifədən gedən kimi Katon və müttəfiqlərinin ona qarşı hücuma keçməsi qaçılmaz idi. Aydın idi ki, rəqibləri onun bütün siyasi karyerasını məhv etmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Hətta Bibul meydana çıxıb bəyan edə bilərdi ki, bayram günlərində qəbul olunduğundan Sezarın qanunlarının heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin günlərdə qanunvericiliklə məşğul olmaq qadağandır.
Əlbəttə, xalq buna görə Sezardan üz çevirməyəcəkdi. Lakin qanunun müddəalarını əsas götürən məhkəmə gələcək hökmdarın gətirdiyi bütün yeniliklərin üstündən xətt çəkmək, onları qeyri-qanuni elan etmək iqtidarındaydı. Çünki o, həmin qanunları senatın icazəsi və razılığı olmadan qəbul etmişdi.
Sezarın tərəfdarlarını isə gələcək maraqlandırmırdı: onlar konsulun hər addımını qeyd-şərtsiz dəstəkləyir, iddia edirdilər ki, islahatlar aparılmasa, dövləti xaos bürüyə bilər. Hətta bildirirdilər ki,
35
36
37
38
39