Fateh Sultan Mehmed. Andre Clot

Чтение книги онлайн.

Читать онлайн книгу Fateh Sultan Mehmed - Andre Clot страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Fateh Sultan Mehmed - Andre Clot Tarixi yaradanlar

Скачать книгу

altında Gəliboludan bir donanma gəldi.

      1453-cü il martın 26-da Osmanlı ordusu artıq fəthə tam hazır idi. Həmin vaxt II Mehmedin ixtiyarında nə qədər əsgər vardı? Bu barədə o dövrün salnaməçiləri və tarixçiləri müxtəlif rəqəmlər səsləndirirlər. Həmin rəqəmlər bəzən olduqca şişirdilmiş təsir bağışlayır. Əksər araşdırıcıların fikrincə, böyük ehtimalla Osmanlı döyüşçülərinin sayı təxminən 150–200 min nəfərdi. Lakin bunun özü belə orta əsrlər üçün kifayət qədər böyük rəqəmdir.

      Osmanlı ordusunun real gücü barədə ən ağlabatan rəqəmləri Nikola Saqundinonun qələmindən oxuyuruq. Belə məlum olur ki, II Mehmedin əmrində 80 min əsas, 160 min köməkçi süvari, 9 min nəfərlik mühafizə alayı, 12 min piyada və 10 min yeniçəri vardı.

      Mühasirə başlayır

      Beləliklə, nəhəng Osmanlı ordusunun ilk dəstələri 1453-cü il aprelin 5-də axşam saat 8-9 arası Konstantinopol yaxınlığına yetişdi. Əvvəlcə şəhərdən 2,5 mil10 uzaqda, sonra isə bir az da irəliyə gəlib qala divarlarının lap yaxınlığında düşərgə saldılar.

      II Mehmedin çadırı sonralar məşhur Topqapı sarayının inşa ediləcəyi yerin düz qarşısında qurulmuşdu. Hökmdar belə hesab edirdi ki, qala divarlarının ən zəif yeri məhz həmin istiqamətdədir. Ona görə də əsas hücum hədəfi bura olacaqdı. Sultan üç nəhəng topun məhz orada yerləşdirilməsi üçün xəndəklər qazılmasını əmr etdi. Donanma başçısı Baltaoğluna isə döyüş gəmilərini Haliçin girişinə yığmağı əmr etdi. Məqsəd həm qala divarlarına dənizdən nəzarət etmək, həm də Haliçə daxil olmaqdı: çünki xristian donanması məhz burada lövbər salmışdı.

      İstanbulun qala divarları həmin dövrdə dünyanın ən güclü istehkamlarından biriydi. Şəhəri fəth etmək istəyənlər bir qayda olaraq onun divarları önündən kor-peşman şəkildə geri çəkilmək məcburiyyətində qalmışdılar. Bu divarları Roma imperatoru olmuş və «Böyük Konstantin» kimi də tanınan I Konstantin (274–337) inşa etdirmişdi. V yüzillikdə Şərqi Roma imperatoru II Feodosi şəhərin ətrafına ikinci bir divar da çəkdirmişdi. Məhz belə bir güclü, ikiqat müdafiə xəttini nəzərə alan Attila Konstantinopolu tutmaq fikrindən daşınmışdı. Qala divarları mütəmadi olaraq gücləndirilir, xüsusilə zəlzələlərdən sonra ciddi şəkildə təmir edilirdi. Lakin son illərdə zəifləyən Bizansın üzləşdiyi maliyyə çatışmazlığı ucbatından xarici divarların təmiri xeyli vaxtdır yarımçıq qalmışdı.

      Mərmərə dənizindən Haliçə qədər 6,5 kilometrlik divar uzanırdı. İç divar, ya da «böyük divar» adı verilən hissənin qalınlığı 34 metrə çatırdı. Hündürlüyü isə 13 metr idi. Şəhərin hündürlükləri 12 ilə 15 metr arasında dəyişən 96 qülləsi vardı… Divarların qarşısındakı xəndəklərin genişliyi 15–20 metr idi. Bir sözlə, iç-çöl divarları ilə birgə qalınlığı 70 metrdən çox olan qala divarları şəhəri üzük qaşı kimi sarmışdı. Konstantinopolun cəmi 10 qapısı vardı. Bunların yarısı hərbi, yarısı isə mülki məqsədlər üçün istifadə olunurdu.

      Hələ 717-718-ci illərdə ərəblər Konstantinopolu mühasirəyə alarkən Qalata adlanan qüllədən indi Bağçaqapı adlanan və Konstantinopolun ən qədim hissələrindən olan yerəcən ağac üzgəclərə bərkidilmiş qalın zəncir çəkilmişdi. Haliçə gəmilərin keçməsinin qarşısını almaq üçün çəkilən həmin zəncir hələ də işə yarıyırdı. Lakin qala divarlarının möhtəşəmliyi və haqqında danışdığımız zəncir XI Konstantini qətiyyən rahatlada bilməzdi. Məsələ burasındadır ki, onun ixtiyarında kifayət qədər döyüşçü yoxdu. Bizans imperatorunun tapşırığından sonra aparılan hesablama zamanı aydın oldu ki, vur-tut 4.774 əsgər var. XI Konstantin eşitdiyi rəqəmdən məyus olur və bu məlumatı gizli saxlamağı tapşırır. Tezliklə müxtəlif yerlərdən bir neçə minlik döyüşçü və muzdlu əsgər də cəlb olunur. Lakin bu halda da Konstantinopolu müdafiə etməli olan canlı qüvvənin sayı 7-8 mini keçməzdi.

      Üstəlik, Bizans ordusunun topları da zəif idi. Sayca az olan həmin toplar qala divarlarının fərqli yerlərinə qoyulmuşdu. Onlardan bəziləri düzgün emal edilmədiyindən elə ilk atışdaca parçalanaraq yan-yörəsindəki topçuları da öldürəcəkdi…

      Xristian ölkələrinin artıq bir müddətdir öz taleyinin ümidinə buraxdığı Bizans imperiyası zəif və böhranlı vəziyyətdə olmasına baxmayaraq Osmanlıya müqavimət göstərməkdə israrlı idi. Bu səbəbdən də ilk hücumdan öncə II Mehmedin təslim olmaqla bağlı təklifi XI Konstantin tərəfindən qətiyyətlə rədd edildi. Sultan şəhəri qan tökmədən fəth etmək istəyirdi. Belə görünürdü ki, onun bu istəyi elə istək olaraq da qalacaqdı.

      Aprelin 6-da Konstantin Təkfur Sarayını tərk etdi. Yəqin ki, qəlbinin dərinliyində buranı bir daha görməyəcəyini bilirdi. O, Sent-Roman kilsəsinin yanındakı iqamətgaha yerləşdi. İqamətgah Osmanlı sultanının qala divarlarının çölündəki çadırı ilə eyni istiqamətdəydi.

      II Mehmed 400 kilodan da ağır mərmi atmaq qabiliyyətinə ən böyük topunu hazırda Topqapı Sarayının yerləşdiyi səmtlə üzbəüz, 300 kiloluq mərmi ata bilən digər iki topu isə ona yaxın mövqelərdə yerləşdirdi. Nəhəng topu hər dəfə atəş açmaq üçün hazır vəziyyətə götürməkdən ötrü iki saat vaxt tələb olunurdu. Bu hesabla 24 saat ərzində ondan on iki dəfə istifadə etmək mümkün idi.

      II Mehmed Baltaoğluna qəzəblənir

      Aprelin 12-dən başlayaraq qala divarları, nəhayət ki, top atəşinə tutulmağa başladı. Atəş gecə-gündüz davam edirdi. Bir çox mazqallar, qüllələr, bürclər dağılsa da, divarlarda əsgərlərin içəri keçə biləcəyi böyüklükdə deşiklər açmaq alınmırdı. Belədə, macar əsilli bir nəfərin tövsiyəsi ilə eyni nöqtəni vurmaq əvəzinə, həmin nöqtənin ətraflarını atəşə tutmağa başladılar. Nəticədə vəziyyət dəyişdi. Şəhər müdafiəçiləri işlərini-güclərini atıb ağac parçaları və torpaq dolu çəlləklərlə divar deşiklərini bağlamağa girişdilər. Eyni zamanda bir neçə dəfə qaladan çıxıb kiçik hücumlarla Osmanlı ordusunun diqqətini yayındırmağa çalışsalar da, uğursuzluğa düçar oldular və məhv edildilər.

      Bunun ardınca II Mehmed Konstantinopoldan təxminən on kilometr uzaqda yerləşən Tarabya qalasına hücuma keçdi. Sultanın niyyəti Bizans döyüşçülərində daha böyük təşviş yaratmaq və müqavimətin mənasızlığını başa salmaq idi. Qala ələ keçirildi, onun 40 nəfər müdafiəçisi isə qətlə yetirildi. Daha sonra Studion qalası tutuldu. Bu zaman Baltaoğlu isə Mərmərə dənizindəki Böyükadanı ələ keçirmişdi.

      Konstantinopol müdafiəçiləri vəziyyətlərinin çıxılmaz olduğunun fərqindəydilər, lakin Osmanlı ordusuna qarşı dirəşməyə davam edirdilər. Beləcə, bir həftə keçdi. Qala divarları ciddi zərər görmüş, Sent-Roman kilsəsi yıxılmışdı. Buna baxmayaraq, bizanslılar hətta II Mehmedi heyrətləndirəcək qədər cəld, çevik tərpənib qala divarlarının daha çox zərər görən yerlərini təmir etməyi bacarmışdılar.

Скачать книгу


<p>10</p>

Mil – 1609 metrə bərabər uzunluq ölçü vahidi