Zamanın əsirləri. Reyhan Yusifqızı
Чтение книги онлайн.
Читать онлайн книгу Zamanın əsirləri - Reyhan Yusifqızı страница 2
– Sənsən, Kənan!
Kənan yenə kinayə ilə:
– Yox, mən deyiləm, kölgəmdir. Mən Aysellə birlikdə parkda bir saatdır ki, səni gözləyirəm, – dedi.
Rüstəm onun sözlərinə fikir vermədən qeydlərini yazıb bitirdi, sonra qələmi dəftərçəyə keçirərək köynəyinin döş cibinə basıb başını qaldırdı.
– Əgər sən bilsəydin biz bu gün nələr eləmişik, necə nəticələr almışıq!
Kənan ora-bura baxdı:
– Biz, yəni kim? Elxan müəllimi görmürəm nədənsə.
– Sənin qabağınca çıxdı, – adəti üzrə, Rüstəm eynəyinin ortasından basıb gözünə yaxınlaşdırdı, sonra Kənanı barmağı ilə yaxına çağırıb pıçıldadı: – Bizim zaman maşınımız özünü doğrultdu. Bu gün kiçik bir eksperiment aparmışıq.
– Doğrudan? – Kənan təəccübünü gizlədə bilmədi. O bu zaman maşınına heç bir ümid bəsləmir, bəlkə də, vaxtının çoxunu burada keçirən dostunu bu maşına qısqanırdı. – Nə eksperiment?
Rüstəmin gözləri parıldadı, yenə də pıçıldayaraq həyəcanla dedi:
– Biz bu gün bir neçə dəqiqə gələcəkdə, XXII əsrdə olmuşuq…
– Ola bilməz! Səni, yəqin, qara basıb!
– Hm. İnanmırsan, amma biz bu yaxında Lemi ilə görüşəcəyik.
– Leminin bura nə dəxli var? Onu gələcəkdə niyə axtarırsan?
– Başa düşmürsən? Bizim indi başqa planetlərə getmək üçün gəmilərimiz yoxdur, amma gələcəkdə bu məqsəd üçün texnologiyalar var, şübhəsiz. Biz onlardan istifadə edib Lemi yaşayan planetə uçacağıq.
Bu dəfə Kənan mızıldandı:
– Hm. Elxan müəllimin sənin bu planından xəbəri var?
Rüstəm qaşqabağını tökdü:
– Yox.
– Belə şeylərdə dürüst olmaq lazımdır, dostum! Elxan müəllimə açıb hər şeyi axıra kimi danış. De ki, mən gələcəyə ona görə gedirəm ki, oradan Lemigilin planetinə uçum.
– Təkcə ona görə yox… E-e, mənə deməyə başqa sözün yoxdur? – deyə Rüstəm incidi, – deyirəm biz bu gün 100 il bundan sonraya səyahət etmişik! Bəşər tarixində möhtəşəm bir hadisə baş verib! Yoxsa inanmırsan?
– Bura bax, Aysel bizi gözləyir, yığış gedək.
Rüstəm zənn ilə baxdı:
– Kənan, inanmırsan?
– Əlbəttə yox! – deyə Kənan kinayə eləməkdən özünü saxlaya bilmədi. – “100 il bundan sonraya”, yox bir! Hə, nə var idi orda?
Kənan çantasını çiyninə aşırıb ayağa qalxdı. Bu zaman otağın qapısı açıldı və Aysel başını içəri saldı. Sonrakı an baş verənlər isə heç kimin heç yerdə heç vaxt başına gəlməyən, anlaşılmaz, misli-bərabəri olmayan bir hadisə idi. O hadisədən Kənanın yadında qalanlar dəhşətli uğultu, partlayış, hər şeyi göyə sovuran burulğan, bir də Ayselin heyrətdən bərəlmiş gözləri oldu…
Zamanda dolaşanlar
Kənan dikəlib oturdu. Baş vermiş partlayışdanmı, ya nədənsə qulaqları batmışdı. Əlini qulağına aparıb udqundu. Başını qaldırıb harada olduğunu anlamağa çalışdı: mürgüləyən sıx, qorxunc meşə, tanış olmayan yad qoxu. Kənan başını silkələyib gözlərini bərk-bərk yumdu, sonra açıb bir də baxdı. Bir az aralıda düşüb qalmış çantasını görüb sevindi. Yerindən qalxıb çantanı götürdü və çırpıb çiyninə aşırdı.
Kənan ətrafı nəzərdən keçirməyə başladı. Qəribə bir tərzdə düşdüyü bu yerdən bir cığır taparaq tez çıxmaq və evlərinə getmək istəyirdi. Birdən qarşıdan zarıltıya bənzəyən səs eşidildi, sonra bir də. Kənan cəld yanındakı ağacın enli gövdəsi arxasında gizləndi. Hər ehtimala qarşı yerdən uzun bir ağac parçası götürüb gözləməyə başladı. Sonra başını yavaşca çıxarıb səs gələn tərəfə baxdı. Bu zaman çox aydın şəkildə öz adını eşitdi: “Kənan…” Kənan ağacı kənara tullayıb irəli cumdu: “Rüstəm!”
Rüstəm iri cod kolların arasında uzanmışdı, tərpənmirdi. Kənan dostunu qucaqlayıb yerdən qaldırdı. Rüstəmin alnı göyərmişdi, üzündə anlaşılmaz ifadə vardı. Kənan təlaşla dalbadal soruşdu:
– Nə oldu?! O nə partlayış idi?! Biz haradayıq?!
Rüstəm sanki Kənanı görməyərək öz-özünə danışırdı:
– Alındı! Bu baş verdi! Mən bacardım!
Hövsələsi daralmış Kənan onun çiyinlərindən tutub silkələdi.
– Dostum, özünə gəl! Nə baş verdi?! Biz bura necə düşdük?! Bu əcaib yerdən çıxıb evimizə necə gedəcəyik?!
Rüstəm duruxdu.
– Ev? Nə ev? Bilirsən, biz hara düşmüşük? Uzaq keçmişə. Bəlkə də, Daş dövrünə…
Meşə Kənanın başına fırlandı.
– Nə?! Necə?! Dəli olmusan?!
– Elədir ki var. Biz səninlə tarixə düşəcəyik!
– Sənin o axmaq maşının bizi bura gətirdi?! Ola bilməz!
Rüstəm ona fikir vermirdi. Sevincindən atılıb-düşür, gözləri parıldayırdı.
– Zaman maşınımız işlədi! Bu, böyük bir kəşfdir, sensasiyadır, başa düşürsən? İnanmırdın, gördün?
Kənan hirsləndi:
– Hə, yaxşı, inandım! İndi isə evimizə qayıtmaq istəyirəm. Tez bizi geri qaytar!
Rüstəmin üzündəki sevinc yoxa çıxdı. O, vəziyyətin ciddiliyini yalnız indi anlayaraq kəkələdi:
– Mən… Mən necə qayıdacağımızı bilmirəm…
– Nə?! – Kənan özündən çıxdı. – Sən nə deyirsən?! Necə yəni bilmirsən?!
Rüstəm günahkarcasına