Zamanın əsirləri. Reyhan Yusifqızı

Чтение книги онлайн.

Читать онлайн книгу Zamanın əsirləri - Reyhan Yusifqızı страница 6

Zamanın əsirləri - Reyhan Yusifqızı Müasir Azərbaycan ədəbiyyatı

Скачать книгу

arxasından hənirti və ayının donqultusu eşidildi. Uşaqlar qorxub susdular. Onların qoxusunu alan ayı gəlib qayaya dirənəcəyini heç gözləmirdi. Bu onun əhvalını korladı. O, arxa pəncələri üstə oturub key-key baxdı. Bu qənaətə gəldi ki, səhv eləyib. Təzədən yerindən qalxanda dəliyi aşkar elədi. İki ayağı üstə qalxaraq burnunu dəliyə soxub işığın qarşısını kəsdi. Bir an hər şey zülmətə büründü. Ayının nəfəsinin xışıltısı və sulu dodaqlarının marçıltısı aydınca eşidilirdi. Uşaqlar mağaranın divarına qısılıb yerə çökdülər. Acıqlı heyvan başını dəlikdən içəri salmağa cəhd edirdi, amma görünür, burnunu içəri soxduqca qayanın iti çıxıntısı onu yaralayırdı. O başını geri çəkib donquldana-donquldana dəliyin arxasında yerə oturdu və pəncələri ilə başına döyməyə başladı.

      – Mən ayının belə nəhəng olduğunu bilmirdim, – deyə Kənan pıçıldadı.

      – Bu bizim tanıdığımız ayılardan deyil, onların əcdadı olan mağara ayısıdır, – Rüstəm astadan cavab verdi. – Mağara ayıları daha böyük və bədheybət olur. Arxeoloqlar onların sümüklərini və daşlaşmış qalıqlarını, adətən, mağaralardan tapdıqları üçün onlara mağara ayıları deyirlər.

      Uşaqlar ayının içəri girə bilməyəcəyinə əmin olub rahatlaşdılar və dəlikdən düşən solğun işıqda bir-birinə baxdılar. Oğlan daş baltasını əlindən buraxmamışdı, görünür, nədənsə ehtiyat edirdi. Kənan ona müraciət etdi:

      – Sənin adın nədir?

      Rüstəm tərs-tərs dostuna baxdı:

      – Hə, bu saat cavab verəcək! O sənin dilini bilir bəyəm?

      O, əli ilə özünü göstərib bir neçə dəfə təkrar etdi: “Rüstəm! Rüstəm! Rüs-təm!” Sonra Kənanı göstərdi: “Kənan! Kə-nan!” Uşaqlar zənn ilə oğlana baxdılar. O, əlini sinəsinə vurub cır səslə bərkdən dedi: “A-xo! A-xo!” Uşaqlar onu göstərib təkrar etdilər: “Axo!” Rüstəm sevindi: “Dərrakəli imiş!” Axo əvvəl Rüstəmi, sonra Kənanı, daha sonra özünü göstərib ”Sam! Kam! Axo!” dedi. Kənan hirsləndi:

      – Bizə qoyduğu adlara bax! Sən də deyirsən dərrakəlidir.

      – Eybi yoxdur, qoy necə istəyir elə də çağırsın. Sənin üçün nə fərqi var?

      Axo bir tərəfdə oturub əşyalarını yanına yığdı. Kənan da çantasını açıb içindəkiləri çıxardı. Çantadan çıxan hər bir şey uşaqlar üçün çox qiymətli idi: dərsdən çıxanda Kənanın marketdən aldığı bir torba çips və alma şirəsi, məşqdən sonra duş almaq üçün götürdüyü dəsmal, sabun və şampun. Köynəyi Rüstəmin əynində olan kimononun şalvarını isə yerə salıb üstündə oturdular.

      İçəridə soyuq və nəmişlik hiss olunurdu. Haradasa su şırıldayırdı. Bu, gölə axan çayların səsi ola bilərdi. Susuzluqdan yandığını hiss edən Rüstəm bunu Axodan soruşub dəqiqləşdirmək istədi.

      – Su! Su! – o, ovuclarını dodaqlarına dayayıb su içirmiş kimi hərəkət etdi.

      Oğlan, deyəsən, onu başa düşdü, bərkdən “va” qışqırıb hansısa heyvanın kəllə sümüyündən olan qabını qaparaq mağaranın qaranlıq ucunda gözdən itdi. Bir neçə saniyədən sonra əlindəki qab ağzınacan su ilə dolu vəziyyətdə qayıtdı.

      – Su! – Rüstəm qışqırdı.

      – Sən əminsən ki, o, içməli sudur?

      – Əlbəttə! Burada qayalardan süzülən su təmiz olmalıdır.

      – Yoxsa ölü heyvanın kəlləsindən su içəcəksən?

      Rüstəm duruxdu. Axo suyu ona uzadıb “va” dedi, sonra özü əyilib sudan içdi.

      – Suyu haradan götürüb? Yaxşısı budur, bunu öyrən, – deyə Kənan məsləhət verdi. Qısa sorğu-sualdan sonra hər şey aydın oldu.

      Qayalardan süzülüb gələrək gölə tökülən suyun bir qolu mağaranın aşağı tərəfindən keçirmiş. Uşaqlar mağaranın getdikcə daralan və tamamilə qaranlıq olan o biri ucuna keçib əl-üzlərini yuduqdan sonra doyunca su içdilər. Buz kimi soyuq ləzzətli su, Rüstəmin fikrincə, “ölünü də dirildə bilərdi”.

      Tanışlıq

      Vahiməli sakitlik idi. Sükutu yalnız bayquşların çığırtısı, bir də o biri tərəfdə yatmış ayının xorultusu pozurdu. Külək qalxmışdı, dəlikdən içəri soxulub uşaqları daha da üşüdürdü. Təkcə Axo üşümürdü. Onun arıq bədəni soyuğa alışmışdı.

      Axo nazik işıq zolağında oturmuş uşaqları uzun-uzadı nəzərdən keçirəndən sonra torbasından iki quru ağac parçası çıxardı. Onlardan biri qısa və qalın idi, ortasında oyuq vardı. Həmin ağacı ayaqları altına qoyub möhkəm sıxdı, o birinin bir ucunu oyuğa keçirib o biri ucunu ovucları arasında bərk-bərk fırlatmağa başladı. Uşaqlar onu diqqətlə izləyirdilər. İbtidai insanların odu necə əldə elədiyi haqqında eşitmişdilərsə də, heç vaxt gözləri ilə görməmişdilər. Bir azdan oyuqdan tüstü çıxmağa başladı və altdakı quru ot alovlandı. Oğlan cəld alovu ocaq yerinə – daşların üstünə keçirib üstünə quru çubuqlar qoydu. Bir anın içində mağara işıqlandı. Uşaqlar sevinib qışqırdılar. Bu səs ayını yuxudan oyatdı. O donquldanıb elə o dəqiqə təzədən yuxuya getdi.

      Rüstəm ocağa yaxın oturub əllərini qızdırdı.

      İndi onların çırtıltı ilə yanan isti ocaqları vardı.

      Uşaqlar möhkəm acmışdılar. Kənan çantasındakı çipsi və alma şirəsini çıxarıb ortaya qoydu. Axo maraqla onlara baxırdı. O, həyatında heç vaxt maye şüşəsi və parıltılı əlvan torbada yemək görməmişdi. O da torbasından öz yeməyini çıxarıb ortaya qoydu. Bunlar 5-6 iri cövüz, bir neçə yeməli bitki kökü və çöpə taxılmış iri bir soxulcan idi. Rüstəm dilxor oldu.

      – Bu indi soxulcanını bizim yanımızda yeyəcək?

      Kənan yeməyi bölüşdürdü. Axonun sümükdən olan qabına şirə tökdü və qabağına bir neçə çips qoydu. Onun yeməyindən isə hərəsinə bir şirəli bitki kökü və iki cövüz götürdü. Rüstəm tez onları aparıb yaxşı-yaxşı yudu. Cövüzlərin yaşılaçalan yumşaq qabığını dişləri ilə təmizləyib yağlı ləpələri ləzzətlə yedilər. Şirin bitki kökü də Rüstəmin xoşuna gəldi. Axo isə çipsləri çox bəyəndi: xırçıldadaraq içəri ötürdü. Soxulcandan başqa nə varsa yedilər. Ən axırda Axo onu kömürün üstündə qızartdı. Cız-bız iyi Rüstəmi birtəhər elədi. Axo bişmiş soxulcanı onların hər ikisinə təklif edəndən sonra özü yeməli oldu.

      Ocağa Axo nəzarət edir, sönməsin deyə vaxtaşırı içinə quru budaqlar atırdı. Hərdən dinməzcə altdan-altdan qonaqlarına baxırdı.

Скачать книгу