Dəfinələr adası. Роберт Льюис Стивенсон
Чтение книги онлайн.
Читать онлайн книгу Dəfinələr adası - Роберт Льюис Стивенсон страница 5
Bir azdan kapitanın meyidini axtaranlar mehmanxananın qapısında göründülər:
– Onu bizdən qabaq ələk-vələk ediblər. Bizə bir şey qalmayıb.
– Bizi mehmanxana sahibləri qarət etmişlər. Bu o küçüyün işidir. Heyif ki, mən onun gözlərini oymadım. Onlar bir az əvvəl burada imişlər. Mən gələndə qapı içəridən bağlı idi. Axtarın onları, tapın!
Beləliklə, bizim köhnə mehmanxanada bir vurhavur başladı ki, gəl görəsən. Ancaq hər şey əbəs idi. Sonda quldurlar bir-bir çölə çıxır, bizi tapmadıqlarını deyirdilər. Bu, an uzaqdan fit səsi eşidildi. Bu həmin bizi qorxudan fit səsi idi. Amma bu dəfə iki dəfə fit verdilər. Deyəsən, bu, quldurlar üçün təhlükə siqnalı idi. Onlardan biri dedi:
– Bu, Dekdir. Eşitdiniz, iki dəfə çaldı. Qaçmaq lazımdır.
– Qaçmaqmı, sarsaqlar?! Dek axmaq və qorxaqdır. Onlar yaxında olmalıdırlar. Axtarın!
Bir neçə nəfər könülsüz olaraq ağacların arasını axtarmağa başladı.
Kim isə donquldandı:
– Pullar bizdədir, daha nə lazımdır?
– Görünür, kağızı gizlədiblər, – deyə başqa birisi əlavə etdi, – Pyu, götür pulları, özündən çıxma.
Pyu lap hirsləndi. Quldurların etirazı onu lap dəli etmişdi. Dəyənəyini qaldırıb sağa-sola hərləyərək yoldaşlarının başına endirirdi. Onlar da kora ağızlarına gələni deyir, dəyənəyi əlindən almaq istəyirdilər.
Bu savaş bizi xilas etdi. Savaşın qızğın vaxtı kənd tərəfdən, təpənin üstündən atların tappıltısı eşidildi. Həmin dəqiqə də uzaqda atəş səsi gəldi.
Quldurlar hərəsi bir tərəfə qaçmağa başladı. Yarım dəqiqə keçməmiş Pyu yolun ortasında tək qalmışdı. O, yolu tamam itirdi, dənizə tərəf getmək əvəzinə kəndə sarı qaçmağa başladı.
Təpənin döşü ilə çapan atların səsi lap yaxınlaşırdı. Bu yerdə kor da hiss etdi ki, düz getmir. Bərkdən söyüş söyərək geri döndü və elə o an da yol kənarındakı xəndəyə yuvarlandı. Ancaq tez qalxıb dırmaşaraq yola çıxdı. Bu dəfə isə qabaqda çapan atın düz qabağına düşdü. Atlı onun böyründən ötmək istəsə də, bacarmadı. Atın ayaqları altında qalıb xurd-xəşil oldu. Pyu palçığın içində üzüüstə çevrilib hərəkətsiz qaldı.
Mən yerimdən sıçrayıb atlıları səslədim. Onlar atların cilovunu çəkib durdular. Mən onların hamısını tanıdım. Ən arxada həkim Livsinin dalınca gedən oğlan gəlirdi. O biri atlılar isə sahil mühafizə dəstəsinin atlıları idi.
Pyunun canı o saat çıxmışdı. Anamı kəndə apardıq, üzünə soyuq su vurduqdan sonra bir az özünə gəldi. Keçirdiyi sarsıntılara baxmayaraq, kapitanın pullarından bizə çatacaq məbləği götürə bilmədiyi üçün şikayətlənirdi.
Mühafizə dəstəsinin rəisi Dans atlıları ilə limana çapdı. Amma quldurların gəmisi artıq sahildən aralanmışdı.
Mister Dans dedi:
– Yalnız bir şeydən razıyam ki, cənab Pyu cəzasına çatdı.
Quldurlar evi bərbad hala salmışdılar. Onlar kapitanın pul kisəsindən başqa, bizim kassamızdakı bir neçə gümüş pulu da aparmışdılar.
Mister Dans uzun müddət bir şey başa düşə bilmədi. Buna görə də məni sorğu-suala tutdu:
– Sən deyirsən, pulları yığıb aparmışlar. Houkins, onda məni başa sal görüm, istədikləri başqa nə idi? Məgər ayrı pullar da var?
– Xeyr, ser. Pul üçün gəlməmişdilər. Onların axtardıqları şey burada, mənim yan cibimdədir. Doğrusu, mən bunu etibarlı bir yerə qoymaq istəyirəm.
– Düz deyirsən, oğlum. Ver onu mən gizlədim.
– Mən onu həkim Livsiyə vermək istərdim.
– Lap yaxşı, düz eləyirsən. Gərək mən özüm də onun yanına gedib baş vermiş əhvalat barədə müfəssəl məlumat verim. Gəl bir yerdə gedək.
Biz yola düzəlib həkim Livsinin evinə yollandıq.
Kapitanın kağızları
Bütün yolu çaparaq həkim Livsinin evinə çatdıq. Qapını qulluqçu qız açdı. Həkimin yaxınlıqda, skvayr Treloninin malikanəsində olduğunu söylədi və bizi oraya apardı. Biz içəri girəndə həkimlə skvayr gurhagur yanan ocağın qırağında oturub çubuq çəkirdilər.
Skvayr kübarlara xas təmkin və ləyaqətlə dilləndi:
– Buyurun, mister Dans, axşamınız xeyir.
Həkim də salamlaşdı:
– Axşamınız xeyir, Dans. Cim, dostum, səni də xoş gördük. Siz hara, bura hara?
Mühafizə dəstəsinin rəisi şax dayanıb başımıza gələn əhvalatı təfsilatı ilə onlara danışdı. Skvayr dedi:
– Mister Dans, qəddar quldurun axırına çıxmaqla siz şərəfli bir iş görmüsünüz. Belə adamları tarakan kimi əzmək lazımdır. Zənnimcə, Cim Houkins özü də cəsarətli oğlandır.
Həkim dedi:
– Cim, deməli, onların axtardıqları şey indi səndədir?
– Bəli, budur! – deyib müşəmbəyə bükülü bağlamanı ona uzatdım.
Həkim bağlamanı nəzərdən keçirdi. Üzündən görünürdü ki, açıb içinə baxmaq istəyir. Lakin özünü saxlayıb təmkinlə cibinə qoydu və dedi:
– Skvayr, Dans iş başına qayıtmalıdır. Cim Houkins isə gecəni mənim yanımda qalacaq. Onun etdikləri yaxşı bir şam yeməyinə layiqdir.
– Əlbəttə, Houkins daha böyük mükafata layiqdir, – deyə skvayr Treloni cavab verdi.
Beləcə, mənə bir böyük nimçədə göyərçin qızartması gətirdilər. Çox acmışdım. İştahla yedim.
Həkim skvayrdan soruşdu:
– Flint haqqında eşitmisən?
– O bu vaxta kimi dənizdəki quldurların ən qaniçəni idi. Flintlə müqayisədə Qara Saqqal uşaqdır.
Həkim dedi:
– Yaxşı, onun pulu vardımı?
– Pulumu? – skvayr ucadan soruşdu. – Əgər o, qarət etdiklərini