Sonuncu mogikan. Джеймс Фенимор Купер
Чтение книги онлайн.
Читать онлайн книгу Sonuncu mogikan - Джеймс Фенимор Купер страница 2
III fəsil
Heyvord və onun səfər yoldaşları meşənin içəriləri ilə yollarına davam edirkən Vebbin düşərgəsindən birgünlük məsafədə itiaxan dağ çayının sahilində iki nəfər oturmuşdu. Onlardan biri hindu idi. O birinin dərisi açıq rəngdə olsa da, gündən yanmışdı, hiss olunurdu ki, bu yerlərə mühacirət etmiş ilk avropalıların nəslindəndir.
Hindu mamır basmış kötüyün üstündə oturmuşdu. Təsirli və təmkinli sözlərinə əl hərəkətləri ilə qüvvət verirdi. Onun bədənində qara və ağ boyalarla çəkilmiş cürbəcür naxışlar vardı. Kəmərindən tomahavk və bıçaq asılmışdı. Ülgüclə qırxılmış başında yalnız bir çəngə saç vardı.
Ağ adamın tomahavkı yox idi, kəmərindən xəncər asmışdı. Tüfəngini dizinin üstünə aşırmışdı. Onlar söhbət etsələr də, qulaqları meşədən gələn səslərdə idi. Ağ adam qırmızıdərili hindu ilə Hudzon çayı və Potomak çayı arasında yaşayan yerli sakinlərin bələd olduqları hindu dilində danışırdı. O deyirdi:
‒ Çinqaçkuk, sənin qəbilənin rəvayətləri mənim üçün çox maraqlıdır. Sənin ata-babaların bu yerlərə günbatan tərəfdən gəliblər. Mənim əcdadlarım isə dan yeri sökülən yerdən gəliblər. De görüm, qırmızıdərililərin rəvayətləri sənin ulu babalarınla mənim ulu babalarımın ilk rastlaşması barədə nə deyir?
‒ Bu diyara birinci gələn solğunbəniz adamlar heç də ingiliscə danışmırdılar. Ey Şahingöz, bilirsənmi, o vaxtlar biz xoş güzəran keçirirdik. Duzlu göl bizə balıq, meşələr maral, göylər quş verirdi. Mənim qəbiləm ‒ mogikanlar bütün hindu tayfalarının başçısı idi. Bəli, mənim damarlarımdan qəbilə başçılarının qanı axır.
‒ Bəs sonra nə oldu?
‒ Sonra ağlar mənim ulu babalarıma odlu su5 verdilər. Onlar bu suyu acgözlüklə içir, doymaq bilmirdilər. Elə o vaxtlar mənim ulu babalarımın vətəni əllərindən çıxdı. Onları sevdikləri sahillərdən qovub çıxardılar. Sonda biz bu yerlərə gəlib çıxdıq. Delavarlara qarışdıq, onlarla qardaş olduq, dilimiz bir, qanımız bir oldu. Ancaq hər bir delavar bilir ki, mogikanlar seçilmiş təbəqədir. İndi mən qəbilə başçılarının məzarlığından çox-çox uzaqlardayam. Ancaq Monitto mənim ruhumu öz yanına aparanda bədənim həmin məzarlığa getməlidir.
Çinqaçkukun həmsöhbəti mütəəssir olaraq:
‒ Bu, çox kədərli aqibətdir, ‒ dedi. ‒ De görüm, mogikanlar indi harada yaşayırlar?
‒ Mənim qəbiləm məhv olmuşdur. Oğlum Unkas sonuncu mogikandır!
Bu an bir gəncin səsi eşidildi:
‒ Unkas burdadır.
Ağ ovçu qeyri-ixtiyari əlini tüfənginə atdı. Çinqaçkuk isə təəccübləndiyini hiss etdirmədi. O, üzünü oğluna çevirdi:
‒ Meşədə nə gördün?
‒ Makuaslar öz mokasinlərinin6 izlərini bu meşələrdə buraxmağa cürət etmişlər. Mən onların ləpirləri ilə gəlirdim. Onların sayı mənim iki əlimin barmaq sayı qədərdir. Onlar qorxaqdır və kolların dalında gizlənirlər.
Böyük hindu batmaqda olan günəşə baxaraq:
‒ Biz onları meşədən qovub çıxararıq, ‒ dedi.
Şahingöz dedi:
‒ Razıyam, amma indi qarnımızı bərkitmək üçün bir şey tapmalıyıq. Budur! Heyvan öz ayağı ilə gəlib çıxmışdır! Bir bax, mən hələ bu yekəlikdə maral görməmişəm.
Şahingöz nişan aldı, lakin yaşlı hindu atəş açmağa qoymadı.
‒ Dayan, səs salmaq olmaz. Makuasların diqqətini cəlb etmək hələ tezdir!
Ağ ovçu razılaşaraq tüfəngini aşağı saldı:
‒ Onda, Unkas, bu maralı oxla öldürmək sənin boynunda qalır.
Çinqaçkuk ovçunun təklifini bəyəndi və oğluna baxıb əlini mənalı bir tərzdə marala uzatdı. Unkas oxunu çıxarıb kirişə qoydu və başını əyib maralı nişan aldı. Kamanın kirişi vıyıldadı. Yaralanmış maral sıçrayıb kolluqdan çıxdı. Gənc oğlan marala sarı hoppanıb cəld bıçağını onun boğazına soxdu.
Şahingöz səssizcə gülərək:
‒ Bax hinduların bu zirəkliyinə varam! ‒ dedi.
Sonra bir qədər dinşəyib əlavə etdi:
‒ And olsun Tanrıya, deyəsən, buraya bir sürü maral gəlir. Çinqaçkuk, sən də eşidirsən?
Hindu aşağı əyilib qulaqlarını yerə toxundurdu.
‒ Yox, ağların atları yaxınlaşmaqdadır, ‒ deyə Çinqaçkuk qalxıb qəddini düzəltdi. ‒ Şahingöz, onlar sizin adamlardır. Onlarla sən danış.
Ağ ovçu:
‒ Yaxşı, mən onlara ingilis dilində elə bir nitqlə müraciət edərəm ki, ingilis kralının özü də cavab verməyə məcbur olsun… Aha! Sınan budaqların çatırtısını eşidirəm. Düzdür, ayaq səsləri gəlir!
IV fəsil
O, sözünü qurtaran kimi kiçik dəstədən birinci atlı göründü. Şahingöz bir neçə addım irəli gedib onları qarşıladı:
‒ Siz kimsiniz?
Onun əli tüfənginin tətiyində idi, lakin tüfəngini elə tutmuşdu ki, gələnləri qorxutmasın.
‒ Biz qanun və kral dostlarıyıq, ‒ deyə qabaqda gələn atlı cavab verdi. ‒ Bilmirsiniz, Uilyam-Henri fortu buradan çoxmu uzaqdır?
‒ Oho! ‒ deyə ovçu təəccübləndi və qəhqəhə çəkib güldü. ‒ Uilyam-Henri!.. İlahi!.. Əgər, doğrudan da, kralın dostlarısınızsa, onda yaxşısı budur, Eduard fortuna gedin və sizə nə lazımdırsa, Vebbə deyin.
Mayor Heyvord səfər yoldaşlarından aralanıb Şahingözə yaxın gəldi.
‒ Eduard fortundan bu səhər çıxmışıq. Biz bələdçi hinduya bel bağlamışdıq, vəd etmişdi ki, bizi meşədən qısa yolla keçirsin, amma görünür, yolu azmışdır.
Ağ ovçu təəccübləndi:
‒ Hindu meşədə
5
6