Sonuncu mogikan. Джеймс Фенимор Купер
Чтение книги онлайн.
Читать онлайн книгу Sonuncu mogikan - Джеймс Фенимор Купер страница 5
Şahingöz gəlib əlini Davidin başına çəkdi.
‒ O sağdır, ürəyi döyünür, Unkas, onu götür, mağaraya apar, çırpının üstünə uzat, qoy yatsın.
Şahingöz bunu deyib cəld hərəkətlə tüfəngini doldurmağa başladı.
‒ Deməli, siz onların ikinci dəfə basqın edəcəklərini düşünürsünüz? ‒ deyə Heyvord soruşdu.
‒ Bunlar makuaslardır – mənim və mogikanların qəddar düşməni. Çox güman ki, onları sizin quron bizim izimizə salmışdır. Makuaslar yoldaşlarından birini itirdilər. Birinci basqınları uğursuz alındığından geri çəkiliblər. Amma skalplarımızı7 ələ keçirmək üçün başqa hiylə fikirləşəcəklər. Ancaq bizim sığınacağımız etibarlıdır, odur ki burada qalıb özümüzü müdafiə etməliyik.
Dunkan qızlara baş çəkmək üçün mağaraya girdi. Onlara bir qədər təskinlik verdi, yaralı Davidi gənc xanımlara tapşırıb çıxarkən Koranın səsi onu dayandırdı:
‒ Dunkan… Unutmayın ki, biz bu təhlükədən salamat qurtulmaq üçün birinci növbədə siz sağ qalmalısınız. Unutmayın ki, atamız bizi sizə tapşırıb. Nicatımız sizin ehtiyatlı olmağınızdadır.
Dunkan gəlib dar yarğanda uzanmış ovçuya və mogikanlara qoşuldu. Onlar elə yer seçmişdilər ki, şəlaləyə yaxınlaşan olsa, görə bilsinlər. İndi səhər açılmışdı. Qarşı sahil aydın görünürdü. Şahingöz və mayor diqqətlə cəngəlliyə baxırdılar. Dunkan elə güman edirdi ki, yoldaşlarını itirən makuaslar tamam çəkilib getmişlər. Bir də geri qayıtmazlar. Şahingöz buna şübhəsini bildirdi:
‒ Əgər belə güman edirsinizsə, deməli, onları yaxşı tanımırsınız. Makuaslar yaxşı bilirlər ki, biz azıq. Ona görə də əl çəkməyəcəklər. Sss! Çayın axarı ilə yuxarı, suyun daşlara dəyib sıçradığı yerə baxın. Sss! Səsinizi çıxarmayın.
Çayın gətirib daşlara ilişdirdiyi kötüklərin arxasından dörd adam başı göründü. Çayda beşinci baş göründü, üzüb onlara yanaşmağa çalışırdı. İti axan su onu aşağı aparırdı. O, son qüvvəsini toplayıb əlini yoldaşlarına uzatdı. Lakin su onu yoldaşlarından kənara atdı və o, çayın girdabında gözdən itdi.
‒ Bir gülləyə qənaət etdik, ‒ deyə Şahingöz dilləndi.
O, bir barmağını ağzına qoyub qəribə bir fit verdi. Mogikanlar onun səsinə səs verdilər. Kötüklərin arasından dörd baş qalxdı, sonra tezcə aşağı sindilər. Unkas sürünüb yaxınlaşdı və sakitcə yeni mövqe seçdi. Bir azdan gənc mogikan eyni fit səsi ilə siqnal verdi.
‒ Görürəm, görürəm, dostum, ‒ Şahingöz cavab verdi, ‒ onlar basqına hazırlaşırlar. Nə olar, bu bizim üçün yaxşıdır. Onların birincisi mənim gülləmdən salamat qurtarmayacaq.
Heyvordun səbri çatmırdı, qalxıb vəhşilərin üstünə getmək istəyirdi. Lakin yoldaşları onu saxlayırdılar.
Nəhayət, çayın içində mövqe tutan hindular üzüb sahilə çıxmaq istədilər. Şahingöz tüfəngini qaldırdı və atəş açdı. Hücuma keçən makuasların dəstəsindən öndə gedəni vurulmuş maral kimi hoppandı və yıxılıb qayaların arasına düşdü.
‒ Unkas, indi növbə sənindir, ‒ deyə Şahingöz əmr etdi və xəncərini çıxardı.
Heyvord tapançasının birini Şahingözə verib qayadan düşmənlər tərəfə enməyə başladı. Ovçu və mayor hər ikisi eyni vaxtda atəş açdılar, lakin güllələrin ikisi də boşa çıxdı.
Şahingöz balaca tapançanı nifrətlə şəlaləyə atdı. Xəncərini çıxarıb qışqırdı:
‒ İndi hünəriniz varsa, yaxın gəlin, ey qaniçən cəhənnəm köpəkləri!
Bu sözlər bitər-bitməz hündürboylu, üz-gözündən quduzluq yağan bir hindu onun qabağını kəsdi. Şahingözlə düşmən əlbəyaxa oldular. Birdən Şahingöz sərt hərəkətlə özünü ondan aralayıb xəncəri düşməninin sinəsinə sapladı.
Dunkanla başqa bir hindu arasında əlbəyaxa döyüş gedirdi. Hər ikisinin xəncəri əlindən düşmüşdü. Hindu, deyəsən, onu özü ilə uçuruma yuvarlatmaq istəyirdi. Mayorun bədəni vəhşinin hədsiz qüvvəsinə tab gətirmirdi. Bu vaxt onun gözü qarşısında xəncər tiyəsi göründü. Unkas özünü vaxtında yetirmişdi. Uçuruma yuvarlanan hindu az qala Heyvordu da özü ilə aparacaqdı. Unkas Dunkanı uçurumun başından geri çəkdi.
Unkasın zəfər hayqırtısı ətrafa yayıldı.
‒ Daldaya çəkilin! ‒ Şahingözün bağırtısı eşidildi.
Unkasla mayor cəld daşların arasında gizləndilər.
VIII fəsil
Əlbəyaxa döyüş zamanı düşmənlər bir-birinə nə güllə, nə də ox ata bilirdilər, çünki özününkülərə dəyə bilərdi. Lakin vuruşma qurtardıqda quduz bağırtılar başlandı, dalbadal atəşlər açıldı.
Çinqaçkuk ara vermədən atəşlə onlara cavab verirdi. O öz yerində qətiyyətlə dayanmışdı. Oğlu Unkasın zəfər hayqırtısına eyni səslə cavab verdi.
Atışma xeyli uzandı. Şahingöz güllələrin vıyıltısına qulaq verərək:
‒ Qoy onlar barıtlarını işlədib qurtarsınlar, ‒ dedi. ‒ Bunun bizə xeyri var. Unkas, oğlum, sən nahaq yerə patrona barıtı çox doldurursan. Tüfəng geri təpir, güllə də pis gedir.
‒ Siz nahaq yerə Unkası bacarıqsız bilirsiniz, ‒ deyə Dunkan söhbətə qarışdı. ‒ O məni ölümdən qurtardı. Sağ qaldığıma görə ona minnətdar olmalıyam.
Unkas yerindən qalxıb əlini Heyvorda uzatdı.
Şahingöz gülümsünüb dedi:
‒ Çöllükdə dostlar tez-tez bir-birinə bu cür kömək edirlər. Deyəsən, mən də bir dəfə Unkası dardan qurtarmışam. O da yadımdadır ki, Unkas beş dəfə məni ölümdən qurtarıb. Üç dəfə makuaslarla vuruşmada, bir dəfə Qorikandan üzüb keçərkən və …
Bu zaman güllə Dunkanın düz qulağının dibindən vıyıldayıb söykəndiyi qayaya dəydi. Bu, üzbəüz duran düşmənin gülləsi ola bilməzdi, çünki Dunkan iri bir daşın arxasında dayanmışdı.
Unkas tüfəngini qaldırıb yuxarı baxdı. Dikdirdə böyük bir
7