Sindbadın yeddi səyahəti. Группа авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Sindbadın yeddi səyahəti - Группа авторов страница 4
Bəxtimiz gətirdi, xoşbəxtlik üz verdi, gecə-gündüz yol gedib sağ-salamat gəlib çatdıq Bəsrə şəhərinə. Gəmidən düşüb bu şəhərdə bir az qaldıq. Mən xilas olduğuma, sağ-salamat vətənə qayıtdığıma çox sevinirdim.
Sonra oradan yola düşüb əmin-amanlıq şəhəri Bağdada getdik. Özümlə tay-tay bahalı mal apardım. Çatanda öz məhəlləmizə üz qoydum, gəlib evimizi tapdım. Qohum-qardaş, yar-yoldaş tökülüşüb gəldi. Az sonra özümə çoxlu nökər-naib, qul-qaravaş tutdum, qabaqkından da çox ev-eşik, bağ-torpaq aldım. Dost-aşnayla əvvəlkindən də artıq yaxınlıq eləməyə, durub-oturmağa başladım. Yorğunluğu, qəriblikdə çəkdiyim əzab-əziyyəti, yolda başıma gələn müsibətləri – hamısını yaddan çıxartdım.
Günlərim eyş-işrətdə, ləzzətli yeməklər yeyib bahalı içkilər içməkdə keçirdi. Bəli, birinci səyahətimdə başıma belə-belə işlər gəldi. Allah qoysa, sabah yeddi səyahətimdən ikincisini nağıl elərəm.
Belə olan surətdə dəniz səyyahı Sindbad hambal Sindbada şam yeməyi verdirib əmr elədi ona yüz misqal qızıl gətirsinlər. Sonra da dedi:
– Sən bu gün bizim ürəyimizi açdın.
Hambal ona razılıq elədi, verdiyi bəxşişi alıb yola düzəldi. Gedə-gedə heyrətlə fikirləşirdi ki, dünyada insanın başına nə əcaib işlər gəlir.
Hambal gecəni öz evində yatdı, səhər olcaq qalxıb yenə dəniz səyyahı Sindbadın evinə getdi. İçəri girəndə ev sahibi dedi:
– Xoş gəlmisən!
Sonra da hörmətlə öz yanında oturtdu. Qalan dostları da yığışandan sonra qonaqlara yemək-içmək gətirdilər. Onlardan ötrü saatın xoş dəqiqəsiydi, hamısı şad-xürrəm idi.
Bu vaxt dəniz səyyahı Sindbad dedi:
– İndi isə sizə ikinci səyahətimdən danışacağam.
SİNDBADIN İKİNCİ SƏYAHƏTİ
Dəniz səyyahı Sindbad hamının ona qulaq kəsildiyini görəndə əhvalatını nəql etməyə başladı:
– Bəli, dünən dedim ki, eyş-işrət içində, qəm-qüssəsiz ömür sürürdüm. Ancaq günlərin bir günü yenə ağlıma yerləşdi ki, uzaq səfərə çıxım. Təzə yerlər, adalar görmək, qara gün üçün pul qazanmaq arzusunda idim.
Qərara gələndən sonra çoxlu pul qoyub xeyli mal aldım, hamısını yol üçün qablaşdırıb bağladım. Bir gün limanda yelkəni gözəl parçadan, hər ləvazimatı, avadanlığı yerli-yerində təzə, etibarlı bir gəmi gördüm. Gəmidə çoxlu adam vardı. Başqa tacirlərə qoşulub mən də mallarımı bu gəmiyə vurdum. Elə o gün yola düşdük. Səfərimiz yaxşı keçirdi, bu dəryadan o dəryaya, bu adadan o adaya adlayırdıq. Hər yerdə tacirlərlə, əyanlarla, mal alan, mal satan adamlarla görüşüb alış-veriş, dəyiş-düyüş eləyirdik.
Günlərimiz bu minvalla keçirdi. Bir dəfə gözəl bir adaya gəlib çıxdıq. Burada çoxlu ağac vardı, meyvə bol idi, quşlar səs-səsə vermişdi, çayların suyu dumduru idi. Ancaq adada nə bir ev, nə də bir adam görünürdü. Od-ocaq yandıran yox idi. Gəmi adaya yan aldı. Tacirlər, yolçular gəmidən düşüb ağacların, quşların tamaşasına durdular, bir olan Allaha şükür eləyib yerin-göyün sahibinin qüdrətinə heyran oldular. Mən də adaya düşənlərin arasında idim, ağacların arasından axan çayın qırağında oturmuşdum. Çayın suyu göz yaşı kimi duru idi.
Özümlə bir az yemək götürmüşdüm, Allah verəndən yedim-içdim. Sərin yel əsirdi, heç bir qəm-qüssəm yox idi. Mehdən, gül-çiçəyin ətrindən xoşhallanıb mürgüləməyə başladım. Bir azdan məni yuxu tutdu, bərk yatdım. Bir də onda ayıldım ki, adada bir ins-cins qalmayıb; adamlar gəmiyə minib gediblər, heç kimin yadına düşməmişəm – nə tacirlərin, nə də gəmiçinin. Adada tək qalmışam.
Oyan-buyana ha göz gəzdirdim, özümdən başqa bir inli-cinli görmədim. Canımı qara-qorxu aldı, dərddən, qəmdən az qaldı bağrım yarılsın.
Dünya nemətindən heç nəyim yox idi – nə yeməyim vardı, nə də içməyim, tək-tənha qalmışdım, ürəyim partlayırdı. Əlacsız qalıb öz-özümə dedim: «Su sənəyi suda sınar, birinci dəfə ölmədin, sağ qaldın, adamlara rast gəldin, səni adadan insan yaşayan yerə apardılar. Bu dəfə çətin bir kəs tapasan ki, səni adam ayağı dəyən səmtə aparıb çıxarsın».
Başladım hönkürüb ağlamağa, özümə yazığım gəlirdi, əlim heç yana çatmırdı. Tutduğum işə peşman olub özümü danlayırdım ki, axı belə ağır səfərə çıxmaq mənim nəyimə gərək idi, rahatca oturmuşdum öz yurdumda, öz evimdə, yeməyə gözəl yeməklərim, içməyə gözəl içkilərim, geyməyə gözəl libaslarım – nə pula, nə də bir ayrı şeyə ehtiyacım vardı.
Birinci səfərimdə başım o qədər müsibət çəkmişdi ki, az qalmışdı ölüb itəm. Bu azmış kimi, dübarə Bağdaddan çıxıb bu dərya mənim, o dərya sənin səyahət eləməyimə çox peşman olmuşdum. Öz-özümə təskinlik verib dedim: «Hamımız Allah bəndəsiyik, əvvəl-axır ömrümüzü ona tapşıracağıq». Elə bil ağlım başımdan oynamışdı.
Yerimdən qalxıb adada oyan-buyana gəzməyə başladım, daha bir yerdə qərar tutmurdum. Sonra hündür bir ağaca çıxıb oradan dörd yana göz gəzdirdim, ancaq ətrafımda göydən, sudan, ağacdan, quşdan, adalardan, qumsallıqdan başqa heç nə görmədim.
Diqqətlə baxanda birdən adada gözümə iri ağ bir şey dəydi. Ağacdan düşüb ona sarı getdim; gəlib çatanda məlum oldu ki, bu, böyük bir ağ günbəzdir. Yaxınlaşıb günbəzin dövrəsində hərləndim, gördüm heç yerindən qapısı yoxdur. Divarları çox hamar, sürüşkən olduğundan üstünə çıxmağa gücüm çatmadı.
Belə olanda dayandığım yeri nişanladım, günbəzin başına dolanıb dövrəsini ölçdüm: əlli addım çıxdı. Başladım götür-qoy eləməyə, günbəzə girməyə bir fənd axtardım. Axşam yaxınlaşırdı, günün batmağına az qalırdı. Birdən gün yox oldu, hava qaraldı, fikirləşdim, yəqin, gün buluda girdi. Ancaq yayın ortası olduğundan təəccüblənib başımı qaldırdım ki, görüm bu nədir. Göydə nəhəng bir enliqanad quş uçurdu. Sən demə, günün qabağını kəsib adaya kölgə salan o imiş.
Yerimdə quruyub qaldım. Elə bu vaxt yadıma bir əhvalat düşdü. Danışırdılar ki, hansısa adada Ruh deyilən nəhəng bir quş var, balalarına fil yedizdirir. Başa düşdüm ki, gördüyüm də