Frankenşteyn və ya müasir Promotey. Мэри Шелли

Чтение книги онлайн.

Читать онлайн книгу Frankenşteyn və ya müasir Promotey - Мэри Шелли страница 5

Frankenşteyn və ya müasir Promotey - Мэри Шелли Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

Elizabet qardaşlarımdan, qonşulardan, mənim məktəb yoldaşlarımdan yazır, məktubunu bu sözlərlə qurtarırdı:

      “Bizə özün barədə yaz, Viktor. Bir sətir, bir söz də olsa, bizim üçün böyük sevincdir. Anriyə min dəfə “sağ ol” deyirik ki, səni tək qoymur və səndən bizə xəbər göndərir. Özünü qoru və yalvarıram, məktub yaz! Cenevrə, 18 mart 17..

Elizabet Lavensa”.

      Dərhal sevimli Elizabetin xahişini yerinə yetirdim.

      İki həftədən sonra, özümü tam sağlam hiss edən kimi, ilk növbədə Klervalı universitetimizin professorlarına təqdim etdim. Onlardan bəziləri ilə görüşmək mənim üçün çox ağır idi və unutmaq istədiyim xatirələri oyadırdı. Professor Valdmanla söhbət isə əsl işgəncəyə çevrildi. O, böyük uğurlarıma görə məni təriflədikcə içimdən kəsilir, amma üzdə dözməli olurdum. Klerval dost gözü ilə mənim əzab çəkdiyimi gördü və bizim danışığımızdan bir şey anlamadığını deyib söhbəti dəyişdi.

      Klerval heç vaxt mənim təbiət elmlərinə həvəsimi başa düşmürdü, onu filoloji elmlər daha çox maraqlandırırdı. Universitetə də Şərq dillərini öyrənmək üçün gəlmişdi, fars, ərəb dilləri və sanskritdən dərs alırdı. Məni də bu sahəyə yönəltmək onun üçün çətin olmadı. Artıq təbiət elmlərinə nifrət edirdim, dostumla birlikdə Şərq müəlliflərinin müdrik əsərlərini heyranlıqla oxuyurduq.

      Növbəti yazda Cenevrəyə qayıtmağa hazırlaşırdım. Evə dönəcəyimə Anri məndən çox sevinirdi. Ayrılmazdan əvvəl birlikdə iki həftəliyinə səfərə çıxdıq, ətraf kəndləri və şəhərləri gəzdik, doyunca şənləndik.

      VII fəsil

      İnqolştadta qayıdanda otağımda məni atamın məktubu gözləyirdi:

      “Əziz Viktor, yəqin, indi evə qayıdacağın günü səbirsizliklə gözləyirsən. Amma gəlib burada səni qarşılayanların üzündə sevinc yox, kədər və göz yaşları görəcəksən. Təəssüf ki, gözlərimi yoluna dikdiyim oğluma ağır xəbər verməliyəm.

      Bizim Uilyam, gülərüz və sevimli kiçiyimiz artıq yoxdur, Viktor. Onu öldürüblər.

      Ötən cümə axşamı (mayın 7-si) mən, Elizabet və iki qardaşın şəhər kənarında, Plenpaledə gəzməyə getmişdik. Axşam evə qayıtmaq üçün yığışanda Uilyamı və Ernesti tapmadıq. Bir azdan Ernest də gəldi, qardaşını soruşdu, dedi ki, gizlənqaç oynayırlarmış, Uilyam haradasa gizlənib, Ernest onu nə qədər axtarıbsa, tapa bilməyib, bir az da gözləyib, sonra bizim yanımıza qayıdıb.

      Uilyamı gecə düşənə qədər axtardıq. Fikirləşdik ki, yolu tanıyır, bəlkə, özü qayıdıb, amma o, evdə də yox idi. Məşəl götürüb təzədən onu itirdiyimiz yerə getdik. Səhər saat beşə yaxın mən balamı otluqda tapdım, nəfəsi gəlmirdi, boğazında qatilin barmaq izləri qalmışdı.

      Onu evə gətirdik. Elizabet uşağı görən kimi “İlahi, onu mən məhv etdim” deyib huşunu itirdi. Ayılanda dedi ki, dünən axşam Uilyam üstündə anasının şəkli olan bahalı medalyonu boynuna salmaq istədi, mən də verdim. Görünür, qatil bu medalyona tamah salıb.

      Tez gəl, Viktor. Elizabetə yalnız sən təsəlli verə bilərsən. Elə hey ağlayır, uşağın ölümündə özünü günahlandırır.

      Tez gəl və ürəyində qisas hissi yox, yaralarımızı sağaldacaq sevgi hissi gətir. Cenevrə, 12 may 17..

Dərddən beli bükülmüş atanAlfons Frankenşteyn”.

      Məktubu masanın üstünə atıb başımı tutdum.

      – Əziz Frankenşteyn! – göz yaşlarım Klervalı çaşdırdı. – Sənin bədbəxtliklərinin sonu olmayacaqmı? İndi nə baş verib?

      Məktubu ona göstərdim. Klervalın da gözləri yaşardı.

      – Gedək, – dedim, – at tapaq, mən gərək təcili Cenevrəyə çıxım.

      Bu, çox kədərli səfər idi. Əvvəl tələsirdim, atı qovurdum, amma doğma yerlərə yaxınlaşdıqca sürəti azaltdım.

      Altı il idi bu yerlərdə olmamışdım. Kortəbii olaraq hiss edirdim ki, qarşıda məni ağır günlər, dəhşətli faciələr gözləyir və irəli getməyə qorxurdum. Təəssüf ki, hissiyyatım məni aldatmadı. Bircə şeydə yanılmışdım: təsəvvürümə gətirdiklərim sonradan başıma gələnlərin heç yüzdə biri də deyildi.

      Mən Cenevrəyə çatanda qaranlıq düşmüşdü. Şəhərin darvazalarını artıq bağlamışdılar və mən Cenevrədən təxminən iki kilometr aralıda yerləşən kənddə gecələməli oldum. Yata bilmirdim, odur ki gedib Uilyamın öldürüldüyü yerə baxmaq qərarına gəldim. Mən qayıqla gölü keçib Plenpaleyə çatanda yağış başladı.

      Yağış güclənsə, ildırım çaxmağa başlasa da, geri qayıtmadım. Yumruqlarımı düyünləyib göyə qaldırdım: “Uilyam, mənim mələyim! Bu, göylərin sənə tutduğu yasdır, sənin üçün çalınan əcəl zəngidir”. Elə bu an ağacların dalından bir fiqur çıxdı. Səhv ola bilməzdi. İldırımın işığında onun nəhəng boyunu, eybəcər sifətini gördüm. Qarşımdakı mənim həyat verdiyim bədheybət idi! Bəs o, burada nə gəzir? Yoxsa qardaşımın qatili elə odur? Bu fikirdən dizlərim əsdi, kürəyimi ağaca söykədim. O, sürətlə yanımdan keçib qaranlıqda itdi. Yox, heç bir insan günahsız uşağın həyatına qəsd etməz. Qatil ancaq bu şeytan ola bilər!

      Bədheybətin arxasınca qaçmaq istədim. Ancaq əbəs yerə: növbəti ildırımın işığında onun sıldırım qayaya dırmaşdığını gördüm.

      Bir azdan göylər sakitləşdi, ətraf yenidən qaranlığa büründü, yağışsa yağmaqda davam edirdi. Kəşfimin mərhələləri – varlığa nəfəs verməyim, onun çarpayımın yanında dayanıb mənə baxmağı və sonra yoxa çıxmağı bir-bir yadıma düşdü. Həmin gecədən iki ilə yaxın vaxt keçirdi. Bəlkə də, bu onun törətdiyi birinci cinayət deyildi? Gör mən nə etmişəm? Dünyaya insan qanına susamış yeni yırtıcı gətirmişəm!

      O gecə mənim nələr çəkdiyimi heç kim başa düşə bilməz. Gecəni yağışlı havada açıq səma altında keçirsəm də, nə islanmağımı, nə də üşüdüyümü hiss etdim.

      Hava işıqlaşanda şəhərə girdim. Atamın yanına gedib hər şeyi ona danışmaq, bədheybəti tutmaq üçün dərhal hərəkətə keçməyi xahiş etmək istəyirdim. Amma sonra tərəddüd etməyə başladım. Mənim özümə belə bir əhvalat danışsaydılar, inanardımmı? Yox, elə bilərdim sicilləmədir. Bir də ki sıldırım qayaya dırmaşan canlını biz necə tuta bilərdik? Çox düşündükdən sonra hələlik susmaq qərarına gəldim.

      Ata yurduma çatanda

Скачать книгу