Qəhvəyi kostyumlu kişi. Агата Кристи

Чтение книги онлайн.

Читать онлайн книгу Qəhvəyi kostyumlu kişi - Агата Кристи страница 3

Qəhvəyi kostyumlu kişi - Агата Кристи Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

“Doktorun” başı xalis braxisefalik (eni uzunundan artıq) idi. Bax bunu isə heç cür dəyişə bilməzsən!

      Bu vaxt inspektor Midouzun qələminin tərəddüdlə donub-qaldığını məmnunluqla seyr etdim. O, açıq-aşkar “braxisefalik” sözünü necə yazmağı bilmirdi.

      IV fəsil

      Belə səfeh söhbət məni özümdən çıxartdı, buna görə də qəti addım atmaq mənə çox asan gəldi.

      Skotland-Yarddan birbaşa lord Nesbinin evinə yollandım. Milyonçu lord Nesbi bir çox qəzetlərin sahibi olsa da, sevimli yetişdirməsi kimi “Deyli badcet” onun üçün daha əziz idi. Birləşmiş Krallıqda hamı onu məhz “Deyli badcet”in sahibi kimi tanıyırdı. Lordun evini tapmaq çətin iş deyildi. Düzdür, məni qəbul edəcəyinə inamım yox idi. Lakin təsadüf kömək etdi: Fleminqlərin hollunda markiz Loumslinin görüş vərəqi vardı. Onun kənarında karandaşla: “Zəhmət olmasa, miss Bedinqfeldi bir neçə dəqiqəliyə qəbul edin”, – yazdım və bu vərəqlə də Nesbinin malikanəsinə daxil oldum. Lord Nesbi məni qəbul etdi və bu xaşalqarın, yekəpər kişiyə baxmağa macal tapmamış o mənim üstümə bağırdı:

      – Nə var? Loumisli nə istəyir? Onun katibəsisiniz? Nə olub?

      – Hər şeydən əvvəl, – bacardığım qədər sakitcə cavab verdim, – mən lord Loumislini tanımıram, hətta onun da mənim mövcudluğum barədə heç bir təsəvvürü yoxdur. Bu vərəqi yaşadığım evdə tapmışam. Əlavəni də özüm yazmışam. Sizinlə görüşmək mənə vacib idi.

      Bütün bunları hüdüləyib-tökəndən sonra qorxmuş halda susdum.

      Bir anlığa elə bildim lordun beyninə qan vurdu. Ancaq o özünü birtəhər ələ alıb dedi:

      – Həsəd aparılacaq soyuqqanlılıqdır, miss, daha keçib, sizə iki dəqiqə vaxt ayırıram.

      – Kifayət edər, – tələsik cavab verdim. – Mill-hausda qətl!

      – Qəhvəyi kostyumlu adamı tapmısınız?

      – Xeyr, tapmamışam, lakin bu mümkündür.

      Vəziyyəti qısaca şərh etdim. Qurtaran kimi Nesbi gözlənilmədən soruşdu:

      – Başların tipləri haqqında haradan bilirsiniz?

      Atam barəsində danışdım.

      – Demək, siz professor Bedinqfeldin qızısınız? Yaxşı, deyin görüm, nə istəyirsiniz?

      – Qəzetinizdə işləmək fikrindəyəm! İstəyirəm bu işi araşdıram.

      – Lakin, miss, bu iş üçün öz adamlarımız var.

      – Məndə isə sensasiyalı məlumatlar var.

      – Bu danışdıqlarınızdı? Cəmi-cümlətanı beş-üç kəlmə?

      – O-o… yox, lord Nesbi! Məndə başqa şeylər də var!

      – Hə-ə… deyəsən, zirək qızsınız? Di döşəyin gəlsin!

      – Yalançı həkim liftə girəndə cibindən kağız parçası düşmüşdü. Həmin kağız məndədir. Kağız naftalin iyi verir. Metroda həlak olan kişinin paltosundan da həmin iy gəlirdi. Güman edirəm ki, özünü həkim kimi qələmə verən şəxs vərəqi onun cibindən çıxarmışdı. Vərəqdə iki söz və bir neçə rəqəm yazılmışdır.

      Lord Nesbi saymazyana əlini uzatdı:

      – Verin baxım!

      – Heç cür vermərəm, – deyə gülümsədim, – axı onu mən tapmışam.

      – Deyəsən, həqiqətən, bacarıqlı qızsınız! Deyəsən, kağızı polisə vermədiyiniz üçün vicdan əzabı-zad çəkmirsiniz.

      – İnspektor məni dinləmək belə istəmədi.

      – Uzaqgörən adam deyil. Yaxşı, öz versiyanızı hazırlamaqda davam edin. Əgər maraqlı bir şey tapsanız, dərc olunmaq imkanı əldə edərsiniz. “Deyli badcet”də istedadlı materiallara həmişə yer tapılar. Ancaq çalışmaq lazımdır. Başa düşdünüzmü?

      V fəsil

      Evə qayıdaraq otağıma çəkildim, sonra “həkim”dən qalmış qeyd vərəqini də götürüb, Allah bilir, neçənci dəfə oxuyub izah etməyə çalışdım. Bu beş rəqəmdə – 17. 122 – sirrin cavabı gizlənmişdi…

      Ağlıma min fikir gəlirdi: “Kilmorden qəsri”. Hansısa zadəgan ailəsinin dədə-baba yuvası? İtmiş varis? Gizlədilmiş varidat? Əgər bunlar düzdürsə, onda rəqəmlər sirrin koordinatlarını göstərir. Bir addım sağa, yeddi addım sola, iyirmi iki pillə aşağı… Yox! Mütləq cinayət baş verən yerdə – Marlouda olmalıyam. Agentliyin gülərüz xidmətçisi seçmək üçün mənə bir neçə ünvan təklif etdi.

      – Sizdə daha nə var? Məsələn, çay sahilində, bağ-bağatlı? – Sonra Mill-hausa uyğun gələn bir neçə əlamət də əlavə etdim.

      – Ser Pedlerin də villası kirayəyə verilir, ancaq bu, Mill-hausdur. Yəqin ki, qəzetlərdə oxumusunuz.

      – Bəs haradadır sizin bu Mill-haus? – qətiyyətlə onun sözünü kəsdim.

      – Marlouda, necə olub ki, eşitməmisiniz? Bu günlərdə orada qətl törədilib, çətin ki razılaşasınız…

      On beş dəqiqə sonra Mill-hausda idim. Qapıda məni əsəbi, yaşlı qadın qarşıladı.

      – Bu evə heç kəs girməyəcək! Eşidirsinizmi? Reportyorların əlindən lap təngə gəlmişəm!

      – Axı mənim bildiyimə görə, ev kirayəyə verilir?

      – Ah, bağışlayın, miss, elə bildim jurnalistsiniz. Bir dəqiqə də sakit buraxmırlar. Ev, əlbəttə, hələ ki kirayəyə verilməyib, ancaq çətin ki onu götürən ola.

      – Bir hadisəmi baş verib? – həyəcanla soruşdum.

      – Aman Allah! Bəyəm burada öldürülən əcnəbi qadın haqqında eşitməmisiniz?

      – Bu haqda qəzetlərdə nəsə oxumuşdum, – etinasızlıqla necə gəldi cavab verdim.

      – Hələ oxumamısınız? Bu barədə bütün qəzetlər yazıb. Polis hələlik susur, amma məncə, canini tutarlar. Onu da, qadını da yaxşı xatırlayıram. Qadın bax orada dayanmışdı, siz dayanan yerdə.

      – Qadın sarışın, yoxsa qarabuğdayı idi? Qəzet şəkillərindən ayırd etmək olmur.

      – Hə,

Скачать книгу