Quldur qızı Roni. Астрид Линдгрен
Чтение книги онлайн.
Читать онлайн книгу Quldur qızı Roni - Астрид Линдгрен страница 4
– Hə, hə, – Lovisa təsdiqlədi. – Təkcə boz cırtdanlar belə deyillər. Buna görə də meşədə təhlükələrdən uzaq olmaq üçün heç nədən qorxmamalısan.
– Yaxşı, – Roni dedi. – Bunu yadda saxlayaram.
Mattis yalnız ah çəkib onu köksünə sıxdı.
– Yadındadır, hələ özünü nələrdən gözləməlisən? – soruşdu.
Bəli, o bunların hamısını, sözsüz ki, yaxşı xatırlayırdı. Sonrakı günlərdə bütün təhlükələrdən qorunmaqla məşğul olurdu, buna görə də özünü qorxulu şeylərdən qorxmamağa məcbur edirdi. Mattis ona çaya yıxılmamağı tapşırdığı üçün suyun ən gur axdığı yerlərdə sürüşkən daşların üzərində cəsarətlə atılıb-düşürdü. Axı meşədə gəzməklə çaya düşməməyi öyrənə bilməzdi ki. Çaydan özünü gözləmək lazımdırsa, gərək suyun gur axdığı, burulğanlar olduğu yerlərə gedəsən.
Amma belə yerlərə getmək üçün yalnız qalanın yerləşdiyi dik qaya ilə düşmək lazım idi. Belə olduqda Roni həm də dik qayalardan qorxmamağı öyrəndi. Birinci dəfə çətinliklə düşdü, elə qorxurdu ki, gözlərini qıyırdı. Amma getdikcə cəsarətləndi, tezliklə qayadakı bütün yarıq və çıxıntıları, bütün nahamarlıqları öyrəndi: aşağı yıxılmamaq üçün bu yerlərdən ancaq barmaqla tutmaq mümkün idi.
“Bəxtim necə gətirdi, – deyə fikirləşdi, – belə gözəl yer tapdım, burada çaya yıxılmaqdan qorunmağı, ümumiyyətlə, heç nədən qorxmamağı öyrənmək olar!”
Roni günlərini belə keçirirdi. Özünü təhlükələrdən gözləyir, Mattis və Lovisanın icazə verdikləri yerlərdə cəsarətli olmağı məşq eləyirdi. Tezliklə vəhşi heyvancığaz kimi zirək, güclü və qorxmaz oldu. Nə boz cırtdanlardan, nə acıqlı drudlardan, nə çaya düşməkdən, nə də meşədə azmaqdan qorxurdu. Bircə ildırım zərbəsindən yaranmış dərin uçurumdan qorunmağı öyrənməmişdi, onu da tezliklə öyrənmək fikrindəydi.
O, quldur qəsrini qarış-qarış gəzmiş, zirzəmisindən qüllələrinə qədər girib-çıxmışdı. Kimsəsiz, boş zallarda oynayır, qaranlıq mağaralar və daş arakəsmələrlə dolu olan yeraltı keçidlərin labirintində azmaqdan qorxmurdu. İndi qaladakı bütün gizli keçidləri, meşədəki gizli cığırların hamısını beş barmağı kimi tanıyır, yollarda azmırdı. Amma meşəni qaladan daha çox sevir, günlərini orada keçirirdi.
Elə ki axşam düşür, quldur dağının üstünə qaranlıq çökür, zaldakı ocaqda od yanırdı, Roni yorğunluqdan ayaq üstə güclə dayanaraq evə qayıdırdı. Çünki təhlükələrdən qorunmağı, cəsarətli olmağı bu qədər səylə öyrənirdi. Bu vaxtlar, adətən, Mattis də on iki qulduruyla bərabər öz quldurluq yürüşlərindən qayıdırdı. Roni də atasıgillə birgə ocağın yanında oturur, onlara qoşulub quldur mahnıları oxuyurdu. Amma onların quldur həyatı barədə azacıq təsəvvürü də yox idi.
Söz yox, görürdü ki, onlar axşamlar qalaya dönəndə atlarına taylar, dəri torba və yeşiklər yüklənib, amma bu yükün haradan alındığını heç kim ona demirdi, onunsa bu barədə bir şey soruşmaq ağlına belə gəlmirdi. Axı dünyada çox sirlər var! O bunu artıq çoxdan duymuşdu.
Qız Borkanın quldurları haqqında söhbətlərə dəfələrlə qulaq asmışdı, başa düşürdü ki, ondan ehtiyat eləmək lazımdır. Amma indiyədək bu quldurların heç biriylə qarşılaşmamışdı.
– Əgər Borka belə nifrətəlayiq köpək olmasaydı, – bir axşam Mattis dedi, – mən ona rəhm edərdim. Əsgərlər onu meşədə vəhşi heyvan kimi gözümçıxdıya salıblar, bir dəqiqə də dincliyi yoxdur. Görərsiniz, tezliklə Borkanı öz yuvasından çıxaracaqlar. Düzdür, o, əsl yaramazdır, buna baxmayaraq…
– Borkanın bütün quldurları özü kimi donuzdur, dəstəsindəkilərin hamısı bir-birinin tayıdır, – Keçəl Per dedi, heç kim də onunla mübahisə etmədi.
“Allaha şükür ki, bizim quldurlar belə yaxşıdırlar”, – Roni düşündü.
Onlara nəzər saldı – quldurlar stol arxasında oturub iri qaşıqlarla şorba içirdilər. Saqqallı, kirli, vəhşiləşmiş bu adamlar dava salmaq üçün bir himə bəndiydilər. Qoy kimin hünəri varsa, qızın yanında onlara donuz desin! Axı onların hamısı – Keçəl Per də, Tyoqe də, Pelye də, Fosok da, Jutis də, Joen də, Labbas da, Knotas da, Turre də, Tyorm da, Sturkas da, Balaca Klipp də onun dostlarıdır və ondan ötrü özlərini oda-közə vurarlar.
– Bəxtimiz gətirib ki, bizim belə qalamız var, – Mattis dedi. – Burada biz tülkü yuvasında, qartal zirvəsində olduğu kimi təhlükəsiz yerdəyik. Əgər yaramaz əsgərlər bu tərəfə gəlməyə cəsarət eləsələr, hamısını cəhənnəmə vasil edərik.
– Onları geriyə, düz cəhənnəmə yollarıq! – Keçəl Per sevinclə təsdiqlədi.
Quldurlar Keçəl Perin sözlərini bəyəndilər və onların işlərinə burnunu soxmaq istəyən birisi varsa, onun nə qədər ağılsız olduğunu düşünərək gülməklərini saxlaya bilmədilər. Qəsr dağda alınmaz qalaya bənzəyirdi. Yalnız onun cənub tərəfindən yamac boyu dar bir cığır gedib meşədə itirdi, qalan üç tərəf isə dik qayalarla əhatələnmişdi.
– Belə sıldırımla dırmaşmağa cürət edən axmaq hələ anasından olmayıb, – deyə quldurlar gülürdülər.
Roninin qorxuya üstün gəlməyi öyrəndiyi yerin mövcudluğundan heç şübhələnmirdilər də.
– Əgər onlar cığırla qalxmağa cəsarət eləsələr belə, – Mattis dedi, – Qurd dərəsindən yuxarı qalxa bilməyəcəklər. Ora daş yığarıq, ya da fikirləşib başqa bir tələ qurarıq.
– Ya da başqa bir tələ qurarıq, – Keçəl Per qışqırdı və quldurbaşının növbəti hiyləsini hiss edib irişdi. – Mən bütün ömrüm boyu bu sıldırımda çox çağırılmamış qonağın qarnını yırtmışam, amma indi çox qocalmışam, indi gücüm bit-birəyə çatar. Ho-ho-ye-ye!..
Roni başa düşürdü ki, qoca olduğu üçün Keçəl Perə rəhm eləmək lazımdır, ancaq qətiyyən anlaya bilmirdi ki, onların qalasına qalxmaq istəyən əsgərləri, yaxud hər hansı başqa adamı niyə öldürmək lazımdır. Bundan savayı, qız bir gün ərzində elə yorulmuşdu ki, bu haqda düşünmək belə istəmirdi. Yaxşısı budur, çarpayıya uzansın, amma Lovisa Qurd nəğməsini oxumamış gözlərini yummasın; o bu nəğməni hər axşam buxarının odunu söndürmək və quldurların yatmaq vaxtı gələndə oxuyurdu.
Böyük zalda yalnız üç nəfər – Mattis, Roni və Lovisa yatırdı. Lovisa oxuduğu müddətdə, Roni yuxuya gedənə kimi çəkilmiş pərdənin