Quldur qızı Roni. Астрид Линдгрен
Чтение книги онлайн.
Читать онлайн книгу Quldur qızı Roni - Астрид Линдгрен страница 6
– Yamansan ha! – Birk qışqırıb onun dalınca tullandı.
Amma Roni gözləmədən öz tərəfinə atıldı. Qoy o, orada durub nə qədər istəyir gözlərini zilləyib qıza baxsın!
– Ey, noldu, məni niyə vurmadın, – Birk qışqırdı. – Gəlirəm yanına.
– Əzişdirmək lazımdır səni!
O, yenə qız tərəfə tullandı. Amma bu dəfə qız onu gözləməyib əks tərəfə atıldı. Roni qərara almışdı ki, lazım gələn qədər, lap son nəfəsinədək oyana-buyana tullansın, bircə onun yanında olmasın.
Bundan sonra heç biri bir kəlmə də danışmadı. Onlar sanki ağıllarını itirmiş halda dinməzcə irəli-geri tullanırdılar, ağır, kəsik-kəsik nəfəslərindən başqa heç nə eşidilmirdi. Yalnız qüllələrin dişlərində oturmuş qarğalar xırıltıyla qarıldayır, qorxulu, boğuq sükutu pozurdular. Elə bil Mattisin dağ başındakı qəsri indicə bir bədbəxt hadisə baş verəcəyini hiss edərək nəfəsini içinə çəkmişdi.
“İndi ikimiz də bu uçuruma yuvarlanacağıq, – Roni düşündü. – Heç olmasa, tullanmaqdan əl çəkərik”.
Birk yenə ona tərəf uçdu, o da yenə cavab sıçrayışına hazırlaşdı; artıq sıçrayışların sayı bilinmirdi. Roniyə elə gəldi ki, Birklə görüşməmək üçün sanki ömürboyu uçurumdan tullanmaqla məşğuluymuş.
Birdən gördü ki, Birk yerə düşəndə ayağı daşa ilişdi və yarıqda yoxa çıxmazdan əvvəl onun qışqırtısını eşitdi.
Sükut çökdü, yalnız qarğalar qarıldaşırdı. Roni gözünü qıydı, indi bircə istəyi bu idi ki, kaş bütün bunların heç biri olmayaydı. Niyə dəli kimi tullanırdılar? Yaxşı olardı ki, bu Birklə heç zaman qarşılaşmayaydı.
Roni uçurumun kənarına sürünüb aşağı baxdı və onu gördü. O, düz Roninin aşağı tərəfində bir ayaq enində qabağa çıxan bir daşın, ya sınmış bir tirin, ya da ildırımın parçaladığı divardan çıxan bir şeyin üstündə dayanmışdı. Aşağısında isə uçurum görünürdü. Birk titrəyən əllərini divarda gəzdirir, bir çıxıntı axtarırdı ki, barmaqlarıyla yapışıb yıxılmasın. O da, Roni də başa düşdülər ki, kömək olmasa, oradan çıxa bilməyəcək. Gücü tükənənə qədər orada dayanacaqdı, sonra aydın məsələdir ki, dünyada Birk adlı adam olmayacaqdı.
– Tərpənmə! – Roni qışqırdı.
– Daha neyləyim ki? – o cavabında istehzayla gülümsündü. Amma qorxduğu bəlliydi.
Qız tələsik həmişə belinə bağladığı uzun, hörmə qayışı açdı. Qayalara çıxanda, ya da ağaclardan düşəndə bu qayış daim ona kömək olmuşdu. Qayışın bir ucunda ilgək düzəldib o biri ucunu belinə doladı. Sonra ilgək olan ucu Birkə tərəf salladı və Birkin ilgəyi görən kimi gözlərinin sevinclə parıldadığını gördü.
Roni fikirləşdi ki, ilgək çox uzun çıxdı, Borkanın küçüyünün bəxti varmış və qışqırdı:
– Ey, bu ilgəyi özünə keçirt, amma mən deməmiş yuxarı çıxma!
Roni anadan olan gecə ildırım dişli divardan bir parça qoparmışdı, xoşbəxtlikdən bu daş parçası elə o vaxtdan bəri düz uçurumun kənarındaca düşüb qalmışdı. Roni onun arxasına sürünüb:
– Çıx! – deyə qışqırdı.
O saat da qayış ilgəyinin belində dartıldığını hiss etdi. Bərk ağrıdırdı. Yuxarı çıxan Birk hər dartınanda Roni qışqırırdı.
“Deyəsən, qayış məni tən ortadan kəsəcək, mən də bizim qala kimi iki yerə bölünəcəm”, – Roni fikirləşdi və inildəməsin deyə dişlərini sıxdı.
Amma birdən dartınma zəiflədi – Birk onun başı üstündə dayanıb baxırdı.
– Yaxşıca uzanmısan, – dedi.
– Aha, – qız dedi. – Yəqin, bir də atdanmayacaqsan?
– Yox, o tərəfə düşmək üçün bir dəfə də tullanmalı olacağam. Borkanın qalasına, evə qayıtmalıyam axı.
– Bircə mənim qayışımı tez çıxart! – Roni əmr verib ayağa qalxdı. – Mən sənə bağlı qalmaq istəmirəm, anladın?
Birk o dəqiqə qayışın ilgəyini açdı.
– Anladım, – dedi. – Ancaq indi onsuz da sənə bağlanmışam. Hətta qayışsız da.
– Get burdan, eşidirsən, – Roni qışqırdı. – Ad tapıb mənimçün – “Borkanın qalası”. Yeri burdan!..
O yumruğunu sıxdı, qolaylanıb oğlanın burnuna vurdu. Birk isə gülüb dedi:
– Amma bir də belə şey olmasın ha, bildin? Sən mənim həyatımı xilas elədin. Çox yaxşılıq elədin. Sağ ol!
– Get burdan, deyirəm sənə! – Roni çığırıb yan-yörəsinə baxmadan irəli atıldı. Qala divarından çıxışa çatanda Birkin ardınca qışqırdığını eşitdi:
– Ey, quldur qızı!.. Biz hələ görüşəcəyik!
Qız çevrilib gördü ki, o, sonuncu dəfə tullanmağa hazırlaşır.
– Ümidvaram ki, sən bu dəfə də ora düşəcəksən, Borkanın oğlu, – Roni qışqırdı.
Hər şey Roninin güman etdiyindən də pis oldu. Mattis elə qəzəbləndi ki, quldurlar da qorxdu.
Amma əvvəlcə heç kəs ona inanmadı və Mattis, bəlkə də, ömründə birinci dəfə qızına acıqlandı.
– Nə qədər istəyirsən yalan danış, bircə belə cəfəngiyat uydurma. Bircə bu qalmışdı beyninə yeridəsən ki, Borkanın quldurları Mattisin qalasına yerləşiblər. Bax sənə qulaq asdıqca hirsimdən cin atına minirəm, hərçənd bilirəm ki, hamısını özündən uydurursan.
– Yox, – Roni dedi, – mən yalan danışmıram.
Yenə də başladı Birkdən öyrəndiklərini danışmağa.
– Yalandır! – Mattis qışqırdı. – Özü də Borkanın oğlu yoxdur. Onun heç yerli-dibli uşağı yoxdur. Bu hamıya çoxdan məlumdur.
Quldurlar dinməzcə oturmuşdular, heç kim sükutu pozmağa ürək eləmirdi. Birinci özünə gələn