Məhv olmuş gəmilər adası. Александр Беляев
Чтение книги онлайн.
Читать онлайн книгу Məhv olmuş gəmilər adası - Александр Беляев страница 8
Miss Kinqman doğru verilmiş ləqəbə istər-istəməz gülümsədi.
– Məndən sizə nə lazımdır axı? – Viviana sualını təkrar etdi.
– Biz Məhv Olmuş Gəmilər Adasının qubernatoru Ferqus Sleytonun verdiyi əmrə kor-koranə və dinməz-söyləməz əməl etməliyik: hər təzə gəlmiş adam mütləq ona təqdim olunmalıdır.
– Kim olduğunuzu bilmək şərəfinə nail olmadığım miss, ya missis, sizi inandırım ki, kapitan Sleyton sizi gülərüzlə qəbul edəcək.
– Mən heç yerə getmirəm, – miss Kinqman cavab verdi.
Ternip köksünü ötürdü.
– Mən çox təəssüf edirəm, amma…
– Səni diplomat kimi ələ salacaqlar, – Flores yenə kobud şəkildə müdaxilə etdi və Vivianaya tərəf gəlib amiranə tərzdə dedi: – Siz bizimlə getməlisiniz.
Miss Kinqman müqavimət göstərməyin mənasız olduğunu başa düşdü. Bir az fikirləşib dedi:
– Yaxşı. Mən razıyam. Amma icazə verin, paltarımı dəyişim, – deyib öz işçi paltarını və önlüyünü göstərdi.
– Artıq işdir, – Flores onun sözünü kəsdi.
– Axı bu, çox vaxt aparmayacaq, – Ternip eyni zamanda Floresə və miss Kinqmana müraciət etdi.
– Cəmisi bir neçə dəqiqə! – və qız göyərtəni tərk etdi.
Bir neçə dəqiqədən sonra Flores paroxod borusunun tüstüləndiyini gördü. Bunun hərbi hiylə olduğunu dərhal başa düşdü.
– Lənətə gəlmiş qadın bizə kələk gəldi. Tüstünü görürsən? Bu, siqnaldır. O kimisə köməyə çağırır, – silahı çiynindən götürüb Ternipi danlamağa başladı. – Sənin ucbatından oldu. Qızın qabağında əriyib özündən getdin, razılaşdın. Arvadına deyəcəm!
– Siz düzələn deyilsiniz, Flores. Biz köməksiz qadını zorla apara bilməzdik axı.
– Cəngavərlik! Ədəb-ərkan! Ferqus sənə cəngavər rütbəsi verəcək! Buyursana! – sonra tüfəngi qabağa tutub başı ilə Qatlinqlə birlikdə Simpkinsin aşıb gəldikləri borta işarə etdi. Xəfiyyənin hələ suyu qurumamışdı, üstü-başı yaşıl yosuna bulaşmış, paltarına yengəc yapışmışdı.
– Bu su adamı haradan çıxdı?..
Danışıqlar başlandı. Bu iki səfillə gücünü sınamaq Qatlinqi qorxutmurdu. Ancaq onlar yalan danışmırlarsa, döyüşün heç bir nəticəsi olmayacaq. Onların dediyinə görə, adada bütöv bir əhali – yaxşı silahlanmış qırx üç adam var. Qüvvələr qeyri-bərabərdir, qələbə onların tərəfində olacaq.
Qatlinq Simpkinsi girov qoyub miss Kinqmanla vəziyyəti müzakirə etməyə yollandı. O da döyüşün faydasız olacağı ilə razılaşdı. Qərara alındı ki, hamılıqla gedib özlərini kapitan Ferqusa “təqdim etsinlər”.
Qubernator Ferqus Sleyton
Məhv Olmuş Gəmilər Adasında, sən demə, çox yaxşı rabitə yolları varmış.
Qabaqda gedən Ternip üçgöyərtəli köhnə freqatdan keçib əsirləri “yola” çıxartdı, bunlar gəmiləri birləşdirən və dağılmış göyərtələrin üzərindən keçən körpülər idi. Bütün yolboyu kiçik sütunlara və salamat qalan dorlara bərkidilmiş məftil uzanırdı.
– Buraya! Buraya! Geri qalmayın, miss, – o, miss Kinqmana nəvazişlə müraciət edirdi. Ardınca Qatlinqlə Simpkins gəlirdilər. Sombrerosunu qaşlarına qədər çəkmiş qaşqabaqlı Flores lap arxada addımlayırdı. Yolda qarşılarına cır-cındır geyinmiş, bədənlərini tük basmış, günəşdən yanmış sakinlər: ağdərili şimallılar, qarabuğdayı cənublular, bir neçə zənci və üç çinli çıxdı. Hamısı adanın yeni sakinlərinə həris bir maraqla baxırdı.
Adanın mərkəzində, müxtəlif dövrlərə və xalqlara məxsus kiçik, yelkənli gəmilərin arasında böyük, kifayət qədər yaxşı qalmış “Yelizaveta” freqatı görünürdü.
– Qubernatorun iqamətgahıdır, – Ternip hörmətlə dedi.
Bu iqamətgahın göyərtəsində fəxri qarovula bənzər bir şey dayanmışdı, bunlar eyni və şıq forma geyinmiş əlisilahlı altı matros idi.
Qubernator qonaqları böyük kayutda qəbul etdi.
Bu kayut dağılmış gəmilərin məyusluq yaradan mənzərəsindən sonra istər-istəməz heyrət doğururdu.
O, tamamilə yaşayış üçün uyğunlaşdırılmış və demək olar ki, dəbdəbəli tərzdə bəzədilmişdi. Bəzədilmə tərzinin bir qədər müxtəlif olması onu göstərirdi ki, bu qəribə adaya gələn gəmilərdə yaxşı nə tapılmışdısa, buraya daşınmışdı.
Döşəməyə bahalı İran xalçaları salınmışdı. Divar çıxıntılarına bir neçə yaxşı Çin vazası qoyulmuşdu. Qara palıddan hazırlanmış oyma karnizlı qara divarlardan holland, ispan və italyan ustalarının: Velaskesin, Rubensin, Tisianın, flamand mənzərəçi rəssamı Teynerin gözəl şəkilləri asılmışdı. Burada marıta durmuş bir it etüdü vardı, yanında ipəkdən toxunmuş gözəl bir yapon şəkli asılmışdı. Şəkildə qarla örtülən ağac budaqlarına qonmuş durna və Fudziyama dağının konusu təsvir olunmuşdu.
Böyük, dəyirmi stola on altıncı əsrə aid köhnə, təraşlı Venesiya vazaları, Direktoriya dövrünün bürünc şamdanları və çəhrayı rəngli bir neçə nadir balıqqulağı qoyulmuşdu. Üstünə donuz dərisi salınmış, kənarları qızıl haşiyəli mebel kayuta yaraşıqlı görkəm verirdi.
Adanın qubernatoru Ferqus Sleyton isə kitab şkafına söykənib durmuşdu. O, digər sakinlərdən möhkəm bədən quruluşu, tərtəmiz qırxılmış sifəti və qəşəng kapitan kostyumu ilə fərqlənirdi.
Bir az yastı burnu, iri çənəsi, ehtiraslı ağzı adamda elə də xoş təəssürat oyatmırdı. Boz, soyuq gözləri gələnlərə zillənmişdi. Dinməzcə və sakit-sakit onları süzür, sanki qonaqları öyrənir və özlüyündə nəsə götür-qoy edirdi. Bu, adamların talelərinə onların şəxsi arzu, zövq və maraqlarına məhəl qoymadan sərəncam verməyi öyrənmiş bir adamın baxışı idi. Baxışlarını Simpkinsin üzərində gəzdirib, görünür, onu diqqətəlayiq saymadan uzun müddət miss Kinqmana baxdı, nəzərlərini Qatlinqə, sonra yenə miss Kinqmana yönəltdi…
Bu susqun baxışlar Viviananı utandırmış, Qatlinqi hirsləndirməyə başlamışdı.