İtmiş dünya. Артур Конан Дойл
Чтение книги онлайн.
Читать онлайн книгу İtmiş dünya - Артур Конан Дойл страница 6
– Səhv edirsiniz. Bu, qutan deyil. Atəş açıb onu öldürdüm ki, əlimdə dəlil-sübut olsun.
– Gəlin o dəlil-sübuta baxaq.
– Qayıq burulğana düşüb çevriləndə plyonkalar kimi o da axıb getdi, əlimdə təkcə qanadının bir hissəsi qaldı. Böyük əziyyətlə üzüb sahilə çıxsam da, həmin hissəni əlimdən buraxmadım. Buyurun, baxın.
O, siyirməni açıb içindən olduqca böyük yarasanın, daha doğrusu, qanadının yuxarı hissəsini xatırladan şeyi çıxartdı.
Uzunluğu iki fut olardı.
– Nə böyük yarasadır! – təəccüblə dedim.
– Bu, yarasa deyil, – professor acıqlı tərzdə dedi. – Siz müqayisəli anatomiyanın ən elementar məsələlərini bilmirsiniz?
– Bilmirəm, – dedim.
O artıq mənə tanış gələn kitabı yenidən açıb göydə uçan qeyri-adi varlığın şəklini göstərdi və dedi:
– Buyur, bax, Yura dövrünün uçan-sürünən pterodaktilinin şəklidir. Digər səhifədə onun qanadının quruluşu göstərilib. Həmin şəkillə əlinizdəki nümunəni müqayisə edin.
Şəklə baxanda heyrətdən donub-qaldım, şəkillər bir-birinə oxşayırdı. Mən tədricən professor Çellencerin sözlərinə inanmağa başladım. Başqa cür ola bilməzdi, çünki istənilən qədər dəlil-sübut var idi. Dedim ki, onu çox nahaq yerə gözümçıxdıya salıblar. Professor arxaya söykənərkən gözlərini yumdu. Sifətinə təbəssüm qondu, xoşhallandı. Görünür, sözlərim onun xoşuna gəlmişdi.
– Heç adamın ağlına sığmır, – dedim. – Möcüzədir! Siz yeni bir dünya tapmış elm fədaisi, müasir dövrün Kolumbusunuz. Əvvəl sözlərinizə şübhə ilə yanaşırdım, sonra fikrim dəyişdi, məni inandırdınız.
Professor xoşhallanmış tərzdə başını yırğaladı.
– Sonra nə etdiniz, ser? – deyə soruşdum.
– Yağışlar başlamışdı, cənab Meloun, ərzaq ehtiyatım da tükənmək üzrə idi, odur ki tələm-tələsik qayaların ətrafını gəzib yoxladım, amma yuxarı qalxmağa yol tapmadım. Şəklini çəkdiyim tənha qayaya çıxmaq olardı, çıxdım da, lakin axıradək yox, yarıyadək. Oradan görünən yastana olduqca geniş idi, ucu-bucağı görsənmirdi, xarici aləmdən bir növ təcrid olmuşdu.
– Yastanaya baxarkən orada elə bir canlı varlıq görmədiniz?
– Xeyr, ser, görmədim, amma çadır qurub bir həftə qaldığımız müddət ərzində yuxarıdan gələn qəribə səslər və cürbəcür qışqırıqlar eşitdik. Mən indiyəcən o cür səslər eşitməmişdim.
– Amerikalının çəkdiyi o qorxunc şəkil haqda fikriniz nədir?
– Yəqin, amerikalı yol taparaq qayanın başına çıxa bilmişdir. Şəkli çəkilmiş heyvanı da məhz orada görüb.
– Necə olub ki, heyvanlar salamat qalıb, ölməyib?
– Bildiyiniz kimi, Cənubi Amerikada tez-tez dəhşətli zəlzələlər baş verir, vulkanlar püskürür. Onun nəticəsidir ki, Sasseks boyda ərazi öz florası və faunası ilə birlikdə yuxarı qalxmış və bütünlüklə xarici aləmdən ayrılmışdır. Nəticədə Yura dövrünə mənsub olan pterodaktil və steqozavr kimi heyvanlar ölməmiş, salamat qalmışdır.
– Sizin əlinizdə sanballı dəlillər var, niyə onları elm sahəsində nüfuz qazanmış, adlı-sanlı alimlərə göstərmirsiniz?
Professor acı-acı güldü.
– Əvvəl mən də belə fikirləşirdim, xoşbəxtlikdən səhvimi tez başa düşdüm. Axmaqların və paxılların güdazına getdim, heç kəs mənə inanmadı. Əsl sınaqlar isə hələ qabaqdadır, ona görə də özümü ələ almalıyam. Xüsusilə də bu axşam. Səni də həmin məclisə dəvət edirəm. – O, stolun üstündən bir dəvətnamə götürüb mənə uzatdı. – Görkəmli təbiətşünas cənab Persival Uoldron saat doqquzun yarısında Zoologiya İnstitutunun mühazirə salonunda “Əsrlərin salnaməsi” mövzusu ilə çıxış edəcək. Məni ora dəvət ediblər ki, axırda hamının adından çıxış edib mühazirəçiyə minnətdarlığımı bildirim. Sözarası elə şey deyəcəm ki, dinləyicilərdə hədsiz maraq oyanacaq və onlar bu barədə daha ətraflı məlumat eşitmək istəyəcəklər. Bəlkə, bu yolla istəyimə çatdım. Axşam saat doqquzun yarısında Zoologiya İnstitutunun mühazirə salonunda görüşərik.
V FƏSİL
SUAL VAR!
Enmor-Parkdan çıxanda yorulub əldən düşmüşdüm. Həm professorun yumruq zərbələri, həm də maraqlı söhbət məni müxtəlif hislərin, düşüncələrin qoynuna atırdı. Onun hekayəsinə getdikcə daha çox inanırdım, həm də başa düşürdüm ki, bu məlumat bütün dünya ictimaiyyətini lərzəyə gətirəcəkdir. Elə ki professor qoyduğu qadağanı götürdü, bu barədə qəzetə məqalə yazıb hamını heyrətə salacam. Yolun kənarında fayton gördüm, ona minib redaksiyaya tələsdim.
Makkadl, həmişə olduğu kimi, öz yerində oturmuşdu.
– Hə, – dedi, – səfərin necə keçdi? Yoxsa dalaşıbsınız?
– Əvvəlcə sözümüz çəp gəldi.
– Belə də adam olar?.. Bəs sonra?
– Sonra sakitləşdim, söhbət etdik, amma qəzet üçün ondan heç bir məlumat alammadım.
– Eybi yoxdur, qəzet üçün başqa material var. O, yumruğu ilə sənin gözünün altını qaraldıb, bu, qəzet üçün yaxşı materialdır. Elə günü sabah hörmətli professoru qəzetimizdə elə rüsvay edim ki, ömründə bunu unutmasın.
– Lazım deyil, ser.
– Niyə?
– Çünki o nə yaramaz, nə də fırıldaqçıdır.
– Nə? – deyərək Makkadl təəccüblə qışqırdı.– Yoxsa söylədiyi cəfəngiyyata inanırsan?
– Mən inanıram ki, o nə isə qəribə bir şey görmüşdür.
– Onda bu barədə yaz.
– Yazardım, amma söz vermişəm ki, ondan icazəsiz heç nə yazmayacam.
Sonra professorla olan söhbətimizin qısa xülasəsini ona danışdım.