Yerin mərkəzinə səyahət. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу Yerin mərkəzinə səyahət - Жюль Верн страница 2
– Bu yazılar eyni əllə yazılmayıb, – dedi. – Şifrlənmiş yazı kitabdan xeyli sonra yazılıb. Əlyazma ilə sənəd arasında, ən azı, iki yüz il fərq var. Aydın məsələdir ki, kitab əldən-ələ keçib. Belə çıxır ki, sirli yazını kitabın sahiblərindən biri yazıb. Bəs bu adam kimdir, lənət şeytana? Görəsən, əlyazmanın səhifələrində adını yazmayıb ki?
Dayım eynəyini yuxarı qaldırdı, zərrəbini götürüb kitabın ilk səhifələrini səylə gözdən keçirdi. İkinci səhifədə mürəkkəb ləkəsinə bənzəyən bir şey vardı. Ancaq diqqətlə baxanda bir neçə silinmiş işarəni ayırd etmək olurdu. Dayım başa düşdü ki, əsas diqqəti elə buraya yönəltməlidir, bir az çalışandan sonra, axır ki, oxuya bildi:
– Arne Saknussem! – təntənəylə dedi. – Bu ki on altıncı əsrdə yaşayan məşhur əlkimyaçının adıdır.
Mən təəccüblə dayıma baxdım. O, sözünə davam etdi:
– Niyə də olmasın? Məgər Saknussem kimi bir alim kəşf edə bilməzdi? Ancaq burası da maraqlıdır ki, öz kəşfini şifrləməkdə nə məqsəd güdürmüş? Sənəd yüz otuz iki hərfdən ibarətdir. Burada yetmiş doqquz samit və əlli üç sait var. Belə çıxır ki, biz cənub dillərindən biriylə qarşılaşmışıq.
Onun gəldiyi nəticə doğru idi.
– Saknussem alim olduğu üçün öz doğma dilində yox, təbii ki, o dövrün ziyalıları arasında geniş yayılmış latın dilində yazırdı. Deməli, bunun latın dili olduğuna heç bir şübhə yeri qalmamalıdır. Biz bir az tər töküb bu şifri aça bilərik. Yeri gəlmişkən, sən latın dili üzrə mütəxəssissən. Bizə şifrin açarını əldə etmək lazımdır. Açarı əldə etsək, onu asanlıqla oxuyacağıq. Aksel, fikrin haradadır?
Mən bu suala cavab vermədim. Baxışlarım Otto Lidenbrokun xaç qızlığı Qretxenin portretinə yönəlmişdi. Qız indi qohumlardan birinin evinə getmişdi və mən ondan ötrü bərk darıxırdım. Etiraf edim ki, uzun müddət idi bir-birimizi təmiz məhəbbətlə sevirdik. Amma dayımın bu sevgidən xəbəri yox idi. Biz ondan xəbərsiz nişanlanmışdıq. Fikirləşmişdik ki, özünü elmə həsr etmiş bir geoloq bizim hisslərimizi başa düşməz. Qretxen mavigözlü qəşəng bir sarışın idi, ciddi və ötkəm xarakterə malik olması mənə olan sevgisinə heç bir xələl gətirmirdi.
Bu zaman dayım yumruğunu stola çırpıb məni xəyaldan ayırdı:
– Səninlə deyiləm? Məncə, cümlənin mənasını almaq üçün sözləri üfüqi yox, şaquli istiqamətdə yazmaq lazımdır. Görək bundan nə çıxır!
Mən sözləri yuxarıdan aşağı yazdım.
– Yaxşı, Aksel, indi buraya bir cümlə yaz. Ancaq hərfləri beş-beş, altı-altı sütuncuqlar şəklində yaz.
Mən onun dediklərini yerinə yetirdim.
– Əladır, – dayım dedi. – İndi cümləni oxumaq üçün hər sözün əvvəlcə birinci, sonra ikinci, sonra üçüncü hərflərini birləşdir və beləcə də davam et.
Mən böyük heyrət içində cümləni oxudum:
"Səni var qəlbimlə sevirəm, əziz Qretxen!"
Özümdən asılı olmayaraq yazdığım bu cümlə məni axmaq kimi ələ vermişdi.
– O-o-o! – professor dedi. – Deməli, sən Qretxeni sevirsən?
– Hə… Yox… – deyə utana-utana mızıldandım.
– Sən Qretxeni sevirsənmiş! Yaxşı, bu məsələni sonraya saxlayaq. İndi gəl başqa üsullara keçək, – deyə söhbəti dəyişdi.
Dayım bir neçə başqa üsuldan istifadə edib hərfləri mənə müxtəlif formalarda yazdırdı. Amma yenə də hərf yığınından başqa heç bir şey alınmadı. Güclü yumruq zərbəsindən stol silkələndi. Dayım yenə özündən çıxmışdı:
– Lənət şeytana, bu ki cəfəngiyyatdır!
Bunu deyib güllə kimi otaqdan çıxaraq küçəyə düşdü və var gücüylə qaçmağa başladı.
O gedəndən sonra bu qərara gəldim ki, hər şeyi Qretxenə danışım. Amma sonra fikrimi dəyişdim. Birdən dayım geri qayıdar, məni evdə tapmaz, lap əsəbiləşər. Bilirdim ki, dayım bu sirli şifri açmamış bir yerdə otura bilməyəcək. Ən yaxşısı elə evdə qalmaq idi.
Başqa işlə məşğul olmaq istədim. Amma sənəd yadımdan çıxmırdı ki, çıxmırdı. Təzədən onun üzərində işləməyə başladım. Hərfləri iki-iki, üç-üç birləşdirsəm də, bir şey çıxmadı. Ancaq on dörd, on beş, on altıncı hərflərdən ingilis sözü olan "ice" sözünü, daha bir neçə hərfdən isə “sir” sözünü düzəldə bildim. Nəhayət, sənədin düz ortasında bir neçə latın sözünü oxuya bildim. Ardınca bir yəhudi və bir neçə fransız sözünü də aşkar etdim. Müxtəlif dillərə məxsus olan "buz", "cənab", "qəzəb", "qəddar", "müqəddəs meşə", "dəyişkən", "ana", "soğan", "dəniz" sözləri arasında nə əlaqə ola bilərdi?
Birdən elə bil məni ilan vurdu. Qarşımda iki latın sözü dururdu: "craterem", "terrestre"! Çox həyəcanlanmışdım. Özümü ələ alıb sözlərdə gizlənən cümləni başdan-ayağa oxuya bildim. Yox, bu, inanılmazıdır! Doğrudanmı, bu səyahəti eləyən tapılıb…
– Yox, – deyə qışqırdım. – Dayım bunu bilməməlidir! Yoxsa o da həmin yerə səyahət edəcək. Bu cəsur geoloqu sözündən döndərmək mümkün olmayacaq! Professor özü də bu sirri aça bilər. Yaxşısı budur, onun əlinə keçməmək üçün sənədi yandırım!
Buxarıda od yanırdı. Bu vərəqi və Saknussemin perqamentini götürüb oda atmaq istəyirdim ki, otağın qapısı açıldı və dayım içəri girdi.
3
Mən cəld sənədi stolun üstünə qoydum. Professor Lidenbrok üzgün görünürdü. Ehtimal ki, gəzinti zamanı çox baş sındırmış, yeni-yeni üsullar üzərində fikirləşmişdi. O öz kreslosuna əyləşib riyazi hesablamaları xatırladan düsturlar yazmağa başladı.
Mən ona diqqətlə göz qoyurdum. Birdən sirri aşkar elədi, onda necə?
Dayım üç saat ərzində dayanmadan çalışdı, nə başını qaldırdı, nə bir kəlmə söz dedi. Mən yaxşı bilirdim ki, o bu hərflərdən bütün mümkün birləşmələri düzəltsə, axtarılan cümləni əvvəl-axır tapa bilərdi. Bu yazıda isə yüz otuz iki hərf vardı, bu hərflərdən o qədər söz birləşməsi düzəltmək olardı ki, sayı-hesabı bilinməzdi.
Vaxt keçdi, gecə düşdü. Küçələrin səs-küyü kəsildi. Dayım hələ də tapşırığın