Yerin mərkəzinə səyahət. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу Yerin mərkəzinə səyahət - Жюль Верн страница 5
5
Yola düşmək vaxtı yetişdi. Cənab Tomson İslandiya baronu və bir sıra digər vəzifəli şəxslərə yazdığı tövsiyə məktubunu dayıma verdi və bizimlə xudahafizləşdi. Səmt küləyi əsirdi, bu da səfərimizin rahat və uğurlu keçəcəyindən xəbər verirdi. Tezliklə Kopenhagen şəhəri görünməz oldu. Bir müddətdən sonra isə gəmi Danimarka sahillərindən uzaqlaşdı və Norveç sahillərinin yaxınlığından keçib Şimal dənizinə çıxdı. Dəniz səfəri on günə yaxın çəkdi. Nəhayət, gəmimiz İslandiyanın cənub sahillərində bir buruna yanaşdı.
Mən dəniz xəstəliyini yüngül keçirdim. Dayım isə özünü pis hiss edirdi.
Biz burunun yaxınlığından keçib köpəkbalığı və balina dəstələrinin arasıyla qərbə tərəf üzdük. Üç saatdan sonra isə gəmi Reykyavik yaxınlığındakı bir körfəzdə lövbər saldı.
Rəngi qaçmış, yorulmuş, ancaq məmnun qalmış professor, axır ki, göyərtəyə çıxdı. Dərhal da mənə buxtanın şimal tərəfində yüksələn dağı göstərdi. Onun daimi qarla örtülmüş zirvəsi iki yerə bölünmüşdü.
– Snayfelds! – ucadan dedi. – Snayfelds!
Sonra əliylə mənə susmağı işarə edib qayığa mindi. Tezliklə biz İslandiya torpağına ayaq basdıq. Bizi adanın qubernatoru şəxsən özü qarşıladı. Professor cənab Tomsonun məktubunu ona verdi və aralarında qısa söhbət oldu. Qubernator bizə hər cür kömək etməyə hazır olduğunu bildirdi. Bizi Fridrikson adlı təbiətşünaslıq müəlliminin evinə yerləşdirdilər. O, island dilindən savayı, latın dilini də bilirdi, xoşxasiyyət adam idi.
– Hə, Aksel, hələlik işlər yaxşı gedir, – professor Lidenbrok dedi. – İndi mən kitabxanaya gedim görüm Saknussemin başqa bir əlyazmasını tapa bilirəmmi. Ondan sorğu kitabçası kimi istifadə edərik.
– Mənsə gedib şəhəri gəzərəm, – deyə evdən çıxdım.
Reykyavikin qəribə mənzərəsi var. Şəhər alçaq və bataqlıq bir dərənin kənarı boyunca uzanır. Bir tərəfdən maili şəkildə dənizə enən donmuş lava təbəqəsiylə əhatə olunub. Digər tərəfdən şimala sarı Snayfeldsin buzlaqları, gəmimizin lövbər saldığı Foksafloi körfəzi yerləşir. Mən Reykyavikin qaranlıq, darıxdırıcı küçələrini gəzdim, şəhərin görməli yerləriylə tanış oldum, əhalisinə göz yetirdim. Kişiləri möhkəm bədənli, amma bir az yöndəmsizdirlər. Qadınların kədərli, ancaq xoşagələn üzləri var. Bu adamların gözləri fikirlidir, sanki burada özlərini insan cəmiyyətindən qovulmuş və həmişəlik buzlar ölkəsində yaşamağa məhkum olunmuş kimi hiss edirlər.
Geri dönəndə isə dayımı artıq ev sahibiylə söhbət edən gördüm. Nahar hazırlanmışdı. Söhbət yerli dildə gedirdi. Amma mənim onları başa düşməyim üçün dayım tez-tez alman, cənab Fridrikson isə latın sözlərindən istifadə edirdi. Dayım kitabxananın elə də zəngin olmadığı barədə ona məlumat verdi. Cənab Fridrikson isə dəlillər gətirməyə başladı ki, kitabxanaları elə də yoxsul deyil. İslandların ədəbiyyata, kitaba böyük marağı var. Burada hər bir peşə sahibi mütaliə ilə məşğuldur.
– Xahiş edirəm, deyin görək, sizə hansı kitab lazımdır? Bəlkə, mən sizə kömək edə bildim.
– Cənab Fridrikson, mən qədim kitabları və Arno Saknussemin əsərlərini necə tapa bilərəm?
– Siz on altıncı əsrin məşhur təbiətşünas alimi, əlkimyaçısı və səyyahınımı nəzərdə tutursunuz?
– Bəli, görürəm onu yaxşı tanıyırsınız.
– Necə tanımaya bilərəm? O, island elminin fəxridir. Ancaq onun əsərləri bizdə yoxdur.
– Necə yəni İslandiyada yoxdur?
– Nəinki İslandiyada, heç yerdə yoxdur.
– Nə üçün?
– Çünki o, kilsə tərəfindən kafir kimi təqib olunmuş və əsərləri Kopenhagendə yandırılmışdır.
– Aha, məsələ aydındır, – professor dedi. – Bu səbəbdən də o öz böyük kəşfini şifrləmişdir.
– Hansı kəşfini? – müəllim xəbər aldı.
Dayım başa düşdü ki, ağzından söz qaçırıb. Tez dedi:
– Bu yalnız mənim fərziyyəmdir. Belə alimlər, adətən, öz kəşflərini gizlədirlər.
– Dünyada hələ nə qədər öyrənilməmiş yerlər – dağlar, vulkanlar, buzlaqlar var; məsələn, uzağa getməyək, götürək elə bu Snayfelds dağını. Bu ən gözəl vulkanlardan biridir. Ancaq onun kraterinə nadir hallarda səfər edirlər.
– O sönübmü?
– Bəli, beş yüz il bundan əvvəl sönüb.
– Deməli belə, – dayım sevincini büruzə verməməyə çalışdı. – Mən fikirləşirəm ki, geoloji tədqiqatlarıma elə bu vulkandan başlayım.
– Yaxşı olardı, ancaq çox təəssüf ki, mən sizinlə birlikdə gedə bilməyəcəyəm. Dərslərim buna imkan vermir.
– Yox, zəhmət çəkməyin, biz heç kəsi narahat etmək fikrində deyilik.
– Bu çox yaxşı fikirdir. Siz orada əla müşahidələr apara və məlumatlar əldə edə bilərsiniz. Bəs Snayfelds dağının yerləşdiyi yarımadaya necə getmək fikrindəsiniz?
– Körfəzlə, ən qısa yolla.
– Bu, mümkün olmayacaq. Çünki indi oraya bircə qayıq da getmir. Siz sahil boyunca, quru yolla getməli olacaqsınız. Uzun olsa da, maraqlı yoldur. Mən sizə münasib bələdçi də qoşaram. O, mahir quş ovçusudur, bu yerləri yaxşı tanıyır. Sabah sizi görüşdürərəm. Ondan razı qalacaqsınız.
– Təşəkkür edirəm, – dayım məmnun halda dedi.
6
Ertəsi gün gəzintidən qayıdanda professorun bələdçimizlə söhbət etdiyini gördüm. Bu, sağlambədənli, ucaboylu bir oğlan idi. Düşüncəli baxışları, ağıllı gözləri vardı. Deyəsən, böyük fiziki gücə malik idi. Ev sahibinin dediyi kimi, mahir qaqara3 ovçusu idi. Adı Hans olan bu gənc bizi düz vulkanın ətəyində yerləşən kəndə aparmalı və bizimlə birlikdə Yerin mərkəzinə enməliydi. Bu kəndə təxminən iyirmi iki mil4 yol vardı. Dayımın hesablamasına görə, biz bu yolu iki günə qət etməliydik.
Səfərə dörd at götürməli olduq. İkisinə dayımla mən mindik, ikisinə isə
3
4