Əlvida, silah!. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.
Читать онлайн книгу Əlvida, silah! - Эрнест Миллер Хемингуэй страница 3
– Sizə nə olub?
– Mənim qarnımda şiş var.
– Bəs niyə piyada gedirsiz, niyə hospitalda deyilsiz?
– Buraxmırlar. Leytenant deyir ki, guya mən özümü yalandan xəstəliyə vurmuşam.
– Əgər biz cəbhəyə yaxın olsaydıq, mən sizi birinci tibb məntəqəsinə təhvil verərdim. Lakin burda – arxada sənədsiz olmaz.
– Əgər qayıtsam, məni əməliyyat eləyəcək, sağalan kimi isə ön xəttə basacaqlar. Siz istəyərsiniz həmişə ön xətdə olasız?
– Yox, – dedim.
– Ah, lənətə gəlsin bu müharibəni…
– Bura bax, – dedim, – səni burda salacağıq. Başını yerə elə vur ki, alnında şiş əmələ gəlsin. Geri qayıdanda bunu bəhanə eləyib səni hospitala apararam.
Maşını saxlayıb həmin əsgəri düşürtdük.
– Leytenant, məni elə burda tapacaqsız, – o dedi.
– Hələlik, – dedim.
Yolumuza davam etdik. Bir az keçəndən sonra yaralıları təhvil verəcəyimiz hospitallara çatdıq.
Geri qayıdarkən sükan arxasında özüm oturmuşdum. Boş maşını sürətlə əsgərin gözlədiyi yerə qovurdum. Yolun ortasında sanitar arabası göründü. İki sanitar həmin əsgəri qaldırırdı. Burnu sıyrılmış, qanlı yarasının üstü toza bulaşmışdı.
– Leytenant, görün necə şişib?! – deyə qışqırdı. –Amma çarə yoxdur. Onlar ardımca gəliblər.
Mən villaya qayıdanda saat 5 idi. Çoxdandı ki, Birləşmiş Ştatlara məktub yazmırdım. Yazmağa elə bir şey də yox idi. Sadə bir poçt kartoçkası yollamağı qərara aldım. Yazdığım mətn də sadəydi: «Mən sağ və salamatam». Belə kartoçkaları Amerikada çox xoşlayırdılar.
Hücum birisi günə təyin olunmuşdu. Mən maşınlarımla Plavaya getməli idim.
Sağ sahildəki orduda Hersoq Aosta vardı. O, kralın əmisi idi və üçüncü orduya komandanlıq edirdi. Biz ikinci ordudaydıq. Üçüncü orduda bir neçə ingilis batareyası vardı. İngilis ordusunda qulluq etsəydim, daha yaxşı olardı. Hər şey asan başa gələrdi. Ancaq bu hər an ölüm təhlükəsi ilə üzləşməyə bərabər idi. Sanitar dəstəsində isə belə təhlükə çox azdır.
Düzdür, bəzən ingilis sanitar maşınlarının sürücüləri də həlak olurdular. Lakin mən bilirdim ki, ölməyəcəm. İllah da bu müharibədə… Bu müharibənin mənə heç bir dəxli yoxdu. Ürəkdən arzu edirdim ki, müharibə qurtarsın. Bəlkə, bu yay qurtardı. Bəlkə, avstriyalıları əzdilər. Avstriyaya getmək istərdim, amma müharibənin olmadığı Avstriyaya. Şvarsvaldda, Qarsda olmaq istərdim. Doğrudan, bu Qars hardadır? Döyüşlər indi Karpat dağlarında gedirdi. Ora getməyi çox arzulayırdım.
Bu fikirlər içində zabitlər yeməkxanasına yollandım. Keşiş yenə oradaydı. Yenə onunla məzələnirdilər. Şam edib villanın qəbul otağına gəldim. Ketrini gözləyirdim. Kimsə vestibülə girdi. Elə bildim Ketrindi, ayağa durdum. Ancaq bu, miss Ferqyuson idi.
– Salam, – o dedi. – Ketrin məndən xahiş elədi deyim ki, bu gün sizinlə görüşə bilməyəcək.
– Xahiş edirəm, ona deyəsiz ki, mən çox məyus oldum.
– Deyərəm.
– Bəlkə, mən sabah gəlim?
– Gəlin.
– Təşəkkür edirəm, – mən dedim. – Gecəniz xeyrə qalsın.
Qəbul otağından çıxdım. Birdən-birə darıxmağa başladım.
7
Növbəti gün öyrəndik ki, çayın yuxarı sahillərində hücum əməliyyatı başlamalıdır. Biz də dörd maşınla ora getməliydik. Mən birinci maşında oturmuşdum. İngilis hospitalının yanından keçəndə maşını saxlatdırıb düşdüm. Tələsik addımlarla xiyabanı keçdim. Qəbul otağına daxil olub miss Barklini çağırmağı xahiş etdim.
Onun arxasınca sanitar göndərdilər. Çox keçmədən sanitar Ketrinlə birlikdə qayıtdı. Mən ona dedim:
– Gəldim ki, sizdən hali olum. Dedilər növbədəsiz. Xahiş elədim ki, çağırsınlar.
– Mən lap yaxşıyam, – o dedi.
– Mən getməliyəm.
– Bir dəqiqəliyə sizinlə çıxaram.
– Mən elə indi yola düşürəm.
– Bəs nə vaxt qayıdacaqsız?
– Sabah.
O nəyi isə boynundan açıb ovcuma qoydu.
– Bu, müqəddəs Antoni medalyonudur, – dedi.– Sabah axşam gəlirsiz.
– Məgər siz katoliksiz?
– Xeyr. Ancaq deyirlər ki, bu, çox kömək eləyir. Ağıllı olun. Özünüzü qoruyun.
Ayrıldıq. Geri döndüm. Gördüm pilləkənlərin üstündə dayanıb. Mənə əl elədi, mən də ona öpüş göndərdim. Maşına mindim, yola düşdük. Əlimdəki medalyonu silkələdim. Sürücü onu görüb dedi:
– Məndə də var, – sonra köynəyinin altından öz medalyonunu çıxarıb göstərdi.
Sürücünün təkidiylə mən də miss Berklinin bağışladığı medalyonu sinəmdən asdım.
Nəhayət, gəlib çayın yuxarısına çatdıq. Buradakı təpənin üstündən baxanda digər sahildəki dağların yamacında avstriyalıların müşahidə qurğularını gördüm.
Maşınları kərpic zavodunun xarabalıqları içində saxlamışdıq. Baş həkim balacaboy adam idi, bığlarını yuxarı eşmişdi. Mayor rütbəsindəydi. O dedi ki, hər şey yaxşı qurtarsa, məni mükafata təqdim edəcək.
Hücumun nə vaxt başlayacağını xəbər aldım. Cavab verdilər: gecə yarısı. Sürücülərin yanına qayıtdım. Onlar blindajda oturub söhbət edirdilər. Mən içəri girən kimi susdular. Onların dördü də mexanik idi və müharibəyə nifrət edirdilər. Blindajın yeri isti və quru idi. Kürəyimi divara söykəyərək oturdum.
Passi ehtiramla dilləndi:
– Müharibədən pis heç nə yoxdur.
– Hamı