Əlvida, silah!. Эрнест Миллер Хемингуэй

Чтение книги онлайн.

Читать онлайн книгу Əlvida, silah! - Эрнест Миллер Хемингуэй страница 5

Əlvida, silah! - Эрнест Миллер Хемингуэй Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

az sonra ingilis maşını gəldi. Məni xərəyə uzadıb maşının kuzasına qoydular. Yanımda bir xərək də vardı. Bu xərəkdə sifəti tamamilə sarınmış bir nəfər uzatmışdılar. O, ağır-ağır nəfəs alırdı. Daha iki xərəyi qaldırıb yuxarıdakı qayışlara keçirdilər. Ucaboy ingilis yaxınlaşıb qapıdan baxdı.

      – Yavaş sürəcəyəm, – dedi. – Çalışaram ki, sizi incitməyim.

      Biz tərpəndik. Mən sakit uzanmışdım. Ağrıya dözmək üçün var gücümü toplamışdım.

      Çox keçmədi ki, yuxarıdan nəyinsə damcıladığını, sonra isə süzülüb axdığını hiss etdim. Tez sürücünü səslədim.

      – Nə olub? – o soruşdu.

      – Üstümdəki yaralını qan aparır.

      – Aşırıma az qalıb. Təkbaşına xərəyi çıxara bilmərəm.

      Qanın brezentin harasından axıb töküldüyünü görmürdüm. Bir az kənara çəkilsəm də, qan yaxama tökülüb köynəyimi bədənimə yapışdırmışdı. Mən həm donurdum, həm də ayağım elə bərk ağrıyırdı ki, ürəyim bulanırdı. Bir az sonra yuxarıdan axan qan yavaşıdı.

      – Hə, nə təhərdi orda vəziyyət? – ingilis qanrılaraq soruşdu. – Biz lap çathaçatdayıq.

      – Mənə elə gəlir ki, o ölüb, – dedim.

      Posta çatan kimi sanitarlar xərəkləri çıxartdılar, başqalarıyla dəyişdilər. Biz yolumuza davam etdik.

      8

      Səhra hospitalının palatasında mənə dedilər ki, nahardan sonra yanına gələn olacaq. İsti bir gün idi, otaqda isə çoxlu milçək vardı. Onların əlindən güclə yata bilirdim. Oyananda ayaqlarım göynəyirdi.

      Sanitarlardan biri Rinaldini palataya gətirdi. O cəld addımlarla mənə yaxınlaşdı və əyilib üzümdən öpdü.

      – Hə, işlər necədir? Özünüzü necə hiss edirsiniz? Bir xoş xəbər var: siz gümüş medala təqdim olunmusuz; amma bu, tunc da ola bilər.

      – Nədən ötrü?

      – Axı siz ciddi yaralanmısız. Belə deyirlər ki, əgər igidlik göstərdiyinizi sübut etsəniz, gümüş medal alacaqsınız. Yoxsa tunc olacaq. İgidlik göstərmisiniz?

      – Yox, – dedim. – Mərmi partlayanda makaron yeyirdim.

      – Axmaqlıq eləməyin. Ola bilməz ki, bir igidlik göstərməyəsiniz. Yaxşı yadınıza salın.

      – Heç bir şey eləməmişəm. Qızlardan nə xəbər?

      – İki həftədir ki, onların növbəsini dəyişmirlər. Lap biabırçılıqdır!

      Rinaldi ilə bir qədər çənə döydükdən sonra o mənimlə xudahafizləşib getdi.

      Çox keçməmiş yanıma keşiş gəldi.

      – Özünüzü necə hiss edirsiz? – o da hamı kimi soruşdu. Sonra isə əlindəki boğçanı yatağın yanına, yerə qoydu.

      – Yaxşıyam, müqəddəs ata.

      Keşiş stulda əyləşdi və pərt halda pəncərəyə baxdı. Çox yorğun görkəmi vardı.

      – Mən bircə dəqiqəliyə gəlmişəm, – dedi. – Çox qala bilmərəm. İcazə vermirlər.

      – Niyə ki? Oturun bir az. Təzə nə xəbər var?

      O gülümsündü.

      – Əvvəlki kimi yenə məni lağa qoyurlar, – onun səsində də yorğunluq hiss olunurdu. – Allaha şükür, hamı sağ-salamatdır. Çox şadam ki, bu cür qurtarmısınız. Çox ağrıtmır ki?

      Mən onu heç vaxt belə görməyə adət etməmişdim.

      – İndi o qədər də ağrıtmır, – dedim.

      – Orda sizsiz çox darıxıram.

      – Mən də burda darıxıram. Sizinlə söhbət etmək mənim üçün həmişə xoşdur.

      – Sizə bəzi şeylər gətirmişəm, – dedi. Boğçasını döşəmədən qaldırıb içindəkiləri bir-bir göstərdi. – Bu mığmığa torudur. Bu da bir şüşə vermut3. Vermut xoşlayırsız? Hə, bu da ingilis qəzetləri…

      – Bunları böyük məmnuniyyətlə oxuyaram.

      – Onları güc-bəlayla tapmışam. Yenə də taparam.

      – Lütf edib yanıma gəldiyiniz üçün sizə təşəkkür edirəm, müqəddəs ata, – bir az ordan-burdan laqqırtı vurduqdan sonra soruşdum. – Sizə nə olub, niyə belə yorğun görünürsünüz?

      – Mümkün olsa, Abrutssıya qayıdacam, – keşiş dedi. – Orda yaşamaq və sevərək Allaha xidmət etmək… Orda – mənim vətənimdə insanın Allahı sevməsi təbii bir şey sayılır, yoxsa iyrənc hoqqabazlıq hesab edilmir.

      – Başa düşürəm.

      O mənə baxıb gülümsədi.

      – Başa düşürsüz, amma Allahı sevmirsiz.

      – Bəzən gecələr ondan qorxuram.

      – Yaxşı olardı ki, onu sevəydiz.

      – Mən heç kəsi sevmirəm.

      – Sevəcəksiz. Bilirəm ki, sevəcəksiz. Onda siz xoşbəxt olacaqsız.

      – Bəs qadına məhəbbət? Əgər mən, doğrudan da, bir qadını sevsəydim, onda da belə olacaqdı?

      – Bunu bilmirəm. Çünki mən heç bir qadını sevməmişəm.

      – Bəs öz ananızı?

      – Bəli, anamı, görünür, sevmişəm.

      – Siz Allahı həmişə sevmisiz?

      – Lap uşaqlıqdan.

      – Belə… – dedim. –Siz hələ çox cavansız.

      – Cavanam, – dedi, – amma siz mənə «müqəddəs ata» deyirsiz.

      – Bu, nəzakət üçündür.

      O gülümsündü.

      – Getməliyəm, – dedi. – Mənə görə bir qulluğunuz var?

      – Hədiyyələr üçün sağ olun.

      – Dəyməz.

Скачать книгу


<p>3</p>

Vermut – dərman bitkiləri və ədviyyatlardan hazırlanan içki