Kor çalğıçı. Владимир Короленко
Чтение книги онлайн.
Читать онлайн книгу Kor çalğıçı - Владимир Короленко страница 1
1
Uşaq dövlətli bir ailədə gecəyarısı anadan olmuşdu. Gənc ana özündən getmiş bir halda yatırdı. O, yeni doğulmuş uşağın ilk, üstəlik, zəif səsini eşidəndə yatağında gözüyumulu çırpınmağa başladı. Dodaqları nə isə pıçıldayırdı; solğun üzündə nə isə dözülməz əziyyəti göstərən bir ifadə vardı.
Mamaça əyilib qulağını onun pıçıldayan dodaqlarına yaxınlaşdırdı. Qadın güclə eşidilə biləcək bir səslə soruşdu:
– Nə üçün?.. Nə üçün o?
Mamaça sualı başa düşmədi. Uşaq yenə də çığırdı. Xəstənin üzündə kəskin bir ağrı sezildi və qapalı gözlərindən iri yaş damlası axdı.
– Nə üçün, nə üçün? – deyə onun dodaqları yenə də əvvəlki kimi pıçıldayırdı.
Bu dəfə mamaça sualı başa düşdü və sakitcə cavab verdi:
– Siz uşağın nə üçün ağladığını soruşursunuz? Qaydadır, həmişə belə olur. Sakitləşin!
Lakin ana sakit ola bilmirdi. Hər dəfə körpə yenidən çığırdıqda o diksinir və hey acıqlı bir səbirsizliklə təkrar edirdi:
– Nə üçün… belə… bu qədər qorxunc qışqırır?
Mamaça uşağın qışqırtısında qəribə heç nə görmürdü. Axı dünyaya yeni gələn bütün körpələr qışqıraraq ağlayırlar.
Mamaça ananın sözlərini, sadəcə, sayıqlama hesab etdi, buna görə də ona fikir verməyib uşaqla məşğul oldu.
Bundan sonra gənc ana da susdu, lakin gözlərindən iri yaş damlaları axmağa davam edirdi.
Bəlkə, yeni doğulan körpə ilə birlikdə dünyaya ağır, heç vaxt bitməyəcək bir dərdin də gəldiyini ananın ürəyi hiss etmişdi? Bəlkə, hiss etmişdi ki, bu dərd yenicə doğulmuş bu körpəni bütün həyatı boyu amansızcasına izləyəcəkdi? Ya da bu, ola bilsin, doğrudan da, bir sayıqlama idi.
Ancaq hər nə cür olursa olsun, həqiqət bu idi ki, uşaq kor doğulmuşdu.
2
Əvvəlcə bunu heç kəs hiss etməmişdi. Oğlan bütün yeni doğulanlar kimi müəyyən yaşa qədər donuq və qeyri-müəyyən bir nəzərlə baxırdı. Günlər bir-birini əvəzlədikcə körpənin gözləri aydınlaşdı, onlardakı bulanıqlıq yox oldu. Lakin uşaq pəncərənin lap qabağında dayandığı halda günəşin otağa dolan şüalarına doğru başını belə çevirmirdi.
Ana uşaqdakı bu əcaib halı, hərəkətsizliyi və körpələrə yaraşmayan ciddiyyəti hamıdan əvvəl sezmiş, narahat olmuşdu.
Gənc qadın ürkmüş göyərçin kimi insanlara baxır və soruşurdu:
– Deyin görüm, o nə üçün belədir?
– Necədir? – deyə qohum-qonşular laqeydcəsinə soruşurdular. – Onu öz yaşıdlarından heç nə fərqləndirmir.
Bir dəfə isə ana onu və körpəni müayinə etməyə gəlmiş həkimdən soruşmuşdu:
– Baxın, o, əli ilə qeyri-adi şəkildə nəyi isə axtarır…
– Bu bütün körpələr üçün adi haldır, – deyə həkim etinasız halda cavab vermişdi.
– Bəs nə üçün o həmişə bir tərəfə baxır?.. O… o, kordur? – deyə birdən ananın köksündən qorxunc bir sual qopdu.
Həkim uşağı əlinə alıb tez işığa tərəf çevirdi və gözlərinə baxdı. Onun üzü tutuldu, sonra bir neçə anlaşılmaz cümlə söylədi, lap axırda da iki gündən sonra gələcəyini vəd edib getdi.
Ana uşağını bağrına basaraq yaralı quş kimi çırpınır, ağlayırdı. Uşağın gözləri isə yenə də eyni donuq və soyuq nəzərlərlə baxırdı.
Həkim, həqiqətən, iki gündən sonra gəldi. O özü ilə bərabər oftalmoskop1 da gətirmişdi. Həkim şamı yandırıb uşağın gözünə yaxınlaşdırdı, uzaqlaşdırdı, ona diqqətlə baxdı və axırda çaşqın halda dedi:
– Təəssüf ki, xanım, siz səhv etməmisiniz… Uşaq, doğrudan da, kordur, üstəlik, nə vaxtsa görə biləcəyinə də ümid yoxdur.
Ana bu xəbəri sakitcə və kədərlə dinlədi, sonra isə pıçıldadı:
– Mən çoxdan bilirdim.
3
Kor uşağın doğulduğu ailə bir o qədər də böyük deyildi: ana və körpədən başqa ailədə ata, bir də hamının «Maksim dayı» deyə çağırdığı bir nəfər vardı.
Körpənin atası pan2 Popelski rəhmdil kənd mülkədarı3 idi: ürəyi saf, mərhəmətli bir adam idi, işçilərə yaxşı baxır, dəyirman tikməyi və onların yerini dəyişməyi çox sevirdi. Bu iş, demək olar ki, onun bütün vaxtını alırdı. Buna görə də atanı günün ancaq müəyyən saatlarında: səhər yeməyi və ya nahar vaxtı evdə görmək olardı.
Maksim dayı isə tamamilə başqa adam idi. Təsvir etdiyimiz hadisədən on il əvvəl Maksim dayı dalaşqanlığı ilə məşhur idi. Hamı təəccüblənirdi ki, hörmətli bir nəsil sayılan pan Popelski ailəsindən necə olmuşdu, belə qorxunc bir adam çıxmışdı. Heç kəs onunla necə rəftar etməyi bilmirdi. Panların xoşsifətliyinə o, kobudluqla cavab verir, kəndlilərin özbaşınalığını, kobud hərəkətlərini isə bağışlayırdı.
Elə bir gün gəldi ki, Maksim dayı nəyə görəsə ətrafındakı insanlara qəzəblənib İtaliyaya getdi. Orada özü kimi dalaşqan birinə – Qaribaldinin4 dəstəsinə qoşuldu.
Nəhayət, bir gün xəbər gəldi ki, Maksim öz atı ilə birlikdə müharibə meydanında həlak olmuşdur.
Lakin bir müddət sonra həmin xəbərin yalan olduğu üzə çıxdı: Maksim qayıdıb öz bacısının evinə gəldi. Belə məlum oldu ki, o, döyüşdə ölməsə də, ağır yaralanıb, çünki Maksimin sağ ayağını dibindən kəsmişdilər. Buna görə də qoltuqağacı ilə gəzirdi. Üstəlik, sol əli də şikəst olduğundan birtəhər əsaya dayanmaq üçün yarayırdı. Bundan başqa, artıq sakit bir adama çevrilmişdi, arabir kimisə acılamasını nəzərə almasaq, dalaşqanlığından əsər-əlamət qalmamışdı.
Maksim cəmiyyət içərisinə az-az çıxır, vaxtının çoxunu öz kitabxanasında bəzi kitabları oxumaqla keçirirdi. Bu kitabların da nədən bəhs etdiyini heç kəs bilmirdi. Təkcə belə bir fikir var idi ki, bu kitablar tamamilə allahsızlıqdan danışan kitablardır. O özü də bəzən yazırdı, amma onun yazdıqları heç bir zaman heç bir yerdə çap olunmadığından bunlara heç kim ciddi əhəmiyyət vermirdi.
Bu kiçik kəndli evində yeni doğulmuş uşağın böyüməyə başladığı zamanlar Maksim dayının qısa kəsilmiş saçları gümüş kimi çallaşmışdı. Daim qoltuqağacına söykəndiyindən çiyinləri qalxmış, gövdəsi dördbucaq şəklini almışdı.
Maksim dayı bəzən belə düşünürdü ki, həyat – mübarizədir, bu mübarizədə isə onun kimi şikəst birinə artıq yer yoxdur. O fikirləşirdi ki, artıq əbədi olaraq sıradan çıxıb və yaxınları üçün əlavə yükə çevrilib. Gah da bu fikirləri beynindən
1
2
3
4