Kor çalğıçı. Владимир Короленко
Чтение книги онлайн.
Читать онлайн книгу Kor çalğıçı - Владимир Короленко страница 4
Lakin o bütün uşaqlara məxsus xoş və həyəcanlı dəqiqələr də keçirirdi. Həmin xoş və həyəcanlı dəqiqələr daha çox aldığı yeni təəssüratlarla, məlumatlarla bağlı olurdu.
Beləcə, oğlan beş yaşına çatdı. O, arıq və zəif idi, ancaq təkbaşına otaqlarda gəzir, hətta sərbəstcəsinə yüyürürdü də. Əgər yad bir adam otaqlarda onun nə cür arxayın gəzdiyinə, lazım olan tərəfə necə döndüyünə və istədiyi əşyaları necə asanlıqla tapdığına baxsaydı, düşünə bilərdi ki, qarşısındakı kor deyil.
Həyətdə isə uşaq əlağacını yerə vura-vura çox çətinliklə gəzirdi. Əgər əlində ağacı olmazdısa, o, torpaq üzərində iməkləyər, qarşısına çıxan şeyləri tez əli ilə yoxlayıb öyrənərdi.
Sakit yay axşamı idi. Maksim dayı bağda oturmuşdu. Pan Popelski həmişəki kimi uzaq bir tarlada əlləşməkdə idi. Həyət və ətrafda tam sakitlik idi; kənd yuxudaydı, xidmətçi otağındakı qulluqçuların da danışığı kəsilmişdi. Uşağı yarım saat olardı ki, yatağına uzatmışdılar.
O, yarıyuxulu idi. Neçə vaxt idi ki, belə sakit saatlarda uşaq yaddaşını qurcalayır, əcaib xatirələrə dalırdı. Şübhəsiz ki, mavi göyün necə qaranlıqlaşdığını, ağacların ulduzlu göyün altında necə tərpəndiyini, ətrafı bürüyən alaqaranlığın ay və ulduzların incə şüaları ilə qarışıb yeri necə işıqlandırdığını görmürdü. Lakin budur, neçə gündür ki, o nə isə xüsusi, məftunedici xatirələrin təsiri altında yatır, ertəsi gün isə bu xatirələrin nədən ibarət olduğunu özü də aydınlaşdıra bilmirdi.
Elə ki yuxu onu təntidir, fıstıq ağaclarının xışıltısı kəsilir, uzaqlarda hürüşən kənd itlərinin səsi, çayın o tərəfindəki bülbüllərin cəh-cəhi, çəməndə otlamaqda olan dayçanın boynuna bağlanmış zınqırovların dınqıltısı eşidilməz olur, belə vaxtlarda uşağa elə gəlirdi ki, bütün bunlar həmahəng şəkildə birləşir, asta-asta çəkilib pəncərəyə tərəf uçur. Sonra isə uzun müddət xoş səslər çıxararaq onun yatağının üstündə fırlanır, qeyri-adi xəyallar doğururlar. Ertəsi gün səhər o, xoşhallıqla oyanır və anasına müraciət edərək maraqla soruşurdu:
– Dünən… o nə idi? O necə şeydir?
Anası işin nə yerdə olduğunu bilmədiyindən belə düşünürdü ki, gecələr gördüyü yuxular uşağı narahat edir. O özü onu yatağına uzadır, qayğıkeş ana kimi üstündə xaç çəkir, uşaq mürgüləməyə başlayan kimi isə çıxıb gedirdi. Lakin sabahı gün uşaq yenə axşamdan bəri onu narahat edən qəşəng şeylər haqqında anasına danışırdı:
– Ana, elə yaxşı, elə gözəldir ki!
Bu axşam ana söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün uşağın yatağı yanında bir qədər çox qalmağı qərara aldı. O, çarpayının yaxınlığında qoyulmuş stulda oturub əlindəki hörgüyə davam edə-edə oğlunun – Petrusun nəfəs almasına qulaq verirdi. Sanki uşaq dərin yuxuda idi, lakin birdən qaranlıqda onun ahəstə səsi eşidildi:
– Ana, sən burdasan?
– Hə, oğlum, burdayam…
– Sən dur get, o səndən qorxur, buna görə də indiyə qədər gəlib çıxmayıb. Yuxuya getməyimə az qalıb, lakin o hələ də gəlməyib.
Təəccüblənmiş ana uşağın bu dediklərinə heç bir məna verə bilmir, daha doğrusu, onun sözlərindən bir şey başa düşmürdü. Uşaq öz yuxuları haqqında elə bir inamla danışırdı ki, guya bütün bunlar həqiqət idi.
Anası qalxıb oğlunu öpməyə əyildi və gizlincə bağça tərəfdən açıq pəncərəyə yaxınlaşmağa qərar verib yavaşca otaqdan çıxdı.
Bağı hərlənib pəncərənin yanına gəlib çatmamışdı ki, məsələ aydın oldu. Ana birdən tövlə tərəfdən cənub küləyinin xışıltısına qarışaraq gələn mülayim, lətif fit səsi eşitdi. O bu səsin uşağın mürgüləmə saatlarına təsadüf etdiyini anladı, başa düşdü ki, məhz bu səs uşağın yuxusuna qarışıb onu xəyallar aləminə aparırmış.
Qadın özü də bir neçə dəqiqə dayandı, ürəkdən çalınan fiti dinlədi, oğlunun məhz bu fit səsindən belə xoşhallandığına arxayın oldu, sonra bağın qaranlıq xiyabanı ilə Maksim dayının yanına getdi. Yolboyu o: «İohim yaxşı çalır. Çox qəribədir, üzdən kobud görünən bu nökərdə nə qədər incə hiss varmış!» – deyə düşünürdü…
8
İohim, doğrudan da, yaxşı çalırdı. Kamanda «Kazak», yaxud polyakların ürəkaçan «Krakovyak» havasını heç kəs onun kimi yaxşı çala bilmirdi. Bəzən o, kafenin bir küncündəki skamyada oturur, kamanı çənəsinə yaxınlaşdırır, hündür dəri papağını arxaya çəkərək əlindəki əyri yayı tarım çəkilmiş simlər üzərində gəzdirirdi. Bu zaman kafedə az adam tapılırdı ki, yerində otura bilsin. Hətta onunla bərabər kontrabasçalan taygöz qoca yəhudi Yankel belə cuşa gəlirdi.
Bir gün İohim qonşu panın həyət qulluqçularından Mariya adlı qıza vuruldu. Həmin gündən bəri o nədənsə şən kamanını yerə qoydu. Qızın qəlbini ovsunlamaqda kaman ona kömək edə bilmədi: Mariya ağasının nökərini bu çalğıçı oğlandan üstün tutdu. Həmin gündən kamanının səsi nə yeməkxanada, nə də gənc qız və oğlanların toplaşdığı axşam yığıncaqlarında eşidildi. O, kamanını tövlədəki payanın üstündən asdı, rütubətin bu sevimli alətə zərər verəcəyini isə nəzərə almadı. Beləcə, kamanın simləri bir-birinin ardınca qırılıb töküldü. Bu simlər elə gurultulu qopub tökülürdülər ki, hətta atlar belə bundan mütəəssir olaraq kişnəyir, başlarını heyrətlə qəzəblənmiş sahiblərinə çevirirdilər.
Kaman yerinə İohim yoldan ötən bir nəfərdən tütək aldı. Tütək ağacdan düzəldilmişdi. Görünür, İohim tütəyin ürəkdən qopan asta fəryadı ilə öz acı taleyi arasında daha çox uyğunluq tapırdı. Ya da belə düşünürdü ki, bu alət onun sınıq qəlbinin dərdlərini daha gözəl ifadə edə bilər.
Ancaq tütək onun ümidlərini doğrultmadı. İohim aləti alıb bir-bir hərtərəfli yoxladı: çevirdi, kəsdi, suya salıb islatdı, günəşdə qurutdu, küləkdə quruması üçün nazik iplə damın üstündən asdı, bütün bunların heç bir faydası olmadı. Tütək bu kəndli oğlanın ürək sözlərinə qulaq asmırdı, mahnı yerinə fit çalır, həzin-həzin inləmək əvəzinə cır və nazik səslər çıxarırdı. Bir sözlə, İohimin əsla xoşuna gəlmirdi. Nəhayət, o, möhkəm hirsləndi, belə