Gələcəyə ön söz. Qulu Məhərrəmli

Чтение книги онлайн.

Читать онлайн книгу Gələcəyə ön söz - Qulu Məhərrəmli страница 16

Автор:
Жанр:
Серия:
Издательство:
Gələcəyə ön söz - Qulu Məhərrəmli

Скачать книгу

bəy Zərdabi də qaranlıq bir mühitdə geriliyə səbəb olan savadsızlığı və nadanlığı içindən qovrula-qovrula tənqid edirdi, amma eyni zamanda bu qaranlığı işıqlandırmaq üçün ortaya şam da yandırıb qoyurdu. Çünki onların tənqidi milləti aşağılamırdı, əskiltmirdi, milli natamamlıq kompleksi yaratmırdı…

22.06.2013

      Ordum varsa, yurdum var…

      Bəs bu ordunun tarixini yazmışlara ehtiram yoxdursa, necə?

      Yasamal qəbirisanlığındakı dəfn mərasimi bitdi. Dünyanın ən hüznlü yerini yavaş-yavaş tərk edirdik. Köhnə qəbirlərin arasındakı nazik cığırlarla maşınların dayandığı darısqal yola tərəf tələsirdik. Bir-birinə sığınmış, uçulub-sökülməkdə olan qoşa məzarın yanından keçəndə gözüm baş daşındakı yazıya sataşdı. Bir anlığa yerimdə donub-qaldım, sanki məni ildırım vurdu. Qəbirlərə bir az da yaxınlaşdım, həyəcanım artır, ürəyim şiddətlə döyünürdü…

      Yox, məni qara basmırdı, amma gördüyümə qəti əmin olmaq üçün tez-tələsik əyilib solmuş hərflərin üstünü sildim. İlahi, kimin qəbri olsa yaxşıymış bu? Bir vaxtlar adı Rusiyanın ucqarlarından tutmuş Avropanın iri paytaxtlarını dolaşan, elmi irsi dünyanın ən nüfuzlu hərbi akademiyalarında öyrənilən, 1918-1920-ci illərdə Azərbaycan milli ordusunun şərəf tarixini yazanlardan biri olmuş general Əliağa Şıxlinskinin. Port-Artur qəhrəmanı, dünya hərb elminə böyük töhfələr vermiş «rus artilleriyasının Allahı» tarixə biganəlik küləkləri əsdirən məmləkətimizin gözdən uzaq qəbiristanlığında əbədi uyuyurdu. Yanında da sevimli həyat yoldaşı, Azərbaycanın ilk tibb bacısı Nigar Şıxlinskaya…

* * *

      Bir neçə gün əvvəl Milli Ordunun yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi parad, şübhəsiz ki, çoxlarımızı duyğulandırdı. İçimizdəki qürur və fərəh hissləri qırıcı təyyarələrin süzdüyü səmaya qədər yüksəldi. Bəli, biz neft pulundan bir az da orduya xərcləmişik, indi Cənubi Qafqazda ən güclü silah cəbbəxanasına malikik. Ordumuz sayca üstündür, müasir silahlarımız, qırıcılarımız, zenit toplarımız, düşməni lərzəyə sala biləcək raketlərimiz, pilotsuz təyyarələrimiz və bütün bunları məharətlə idarə edə biləcək ixtisaslı komandirlərimiz var. Deməli, «lazım gəlsə», hərbi sistem bir andaca işə düşəcək, işğal altında olan ərazilərimizi düşməndən təmizləyəcək. Əlbəttə, bunlar televiziya ekranlarından qəlbimizə, şüurumuza axıb gələn və fantaziyalarımızı qidalandıran hisslərdir.

      Ordu gününün duyğuları bizi təkcə gələcəyə yox, həm də keçmişə aparır, 95 il əvvələ. Cümhuriyyət elan olunduqdan dərhal sonra ordu quruculuğuna başlandı. Müstəqil dövləti qoruyub yaşatmaq lazım idi. Hələ İstiqlal Bəyannaməsində göstərilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlət həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Odur ki bir yandan könüllülər yığılır, bir yandan da yüksək ixtisaslı hərbçilər, komandirlər axtarılırdı. Yaxşı ki belə ixtisaslı zabitlər, az da olsa var imiş. AC hökuməti əvvəlcə general Ə.Şıxlinskini dəvət etdi, sonra S.Mehmandarovu aradılar. «Müsəlman alayı»nın işə yaradığı Gəncədə hərbi quruculuq işlərinin əsası qoyuldu. İyul ayında burada ilk hərbi məktəb yaradıldı.

      Onda Bakı bolşeviklərin dəstəklədiyi S.Şaumyanın əlində idi. Çar ordusunun silah və sursatına, həmçinin canlı qüvvəsinə yiyələnmiş bolşevik Bakı kommunasının güclü ordusu, hətta təyyarəsi vardı. Bu ordu özünə o qədər arxayın idi ki, Gəncə istiqamətində hücum etmək və elan olunmuş Azərbaycan Cümhuriyyətini beşiyindəcə boğmağı planlaşdırırdı. Lakin Cümhuriyyəti quran babalarımız işlərini ehtiyatlı tutaraq bir tərəfdən Türkiyə ilə danışıqlar aparır, hərbi təhlükəsizliyi təmin etməyə, digər tərəfdən cəbhədən qayıdan rus əsgərlərini tərk-silah edib silah-sursat ehtiyatı yaratmağa çalışırdılar. General Ə.Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə strateji təkliflər hazırladı. Plana görə, ilk növbədə hərbi nazirlik qurulmalı, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.

      Milli ordu quruculuğu çox çətin hərbi şəraitdə aparılırdı. Türk zabitləri və Qafqaz İslam ordusunun Gəncəyə gəlişi, paytaxta yürüşün başlanması, Göyçay və Şamaxı istiqamətlərindəki uğurlu döyüşlər, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi ordu quruculuğu üçün əlverişli imkan yaratdı. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Həmin il dekabrın 26-da artilleriya general-leytenantı S.Mehmandarov hərbi nazir, general-leytenant Ə.Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. Nazir S.Mehmandarovun əmri ilə qısa müddətdə hərbi çağırış elan olundu. Azərbaycanın Rusiyadan qoparaq müstəqil dövlət olması və Milli hökumətin qısa müddətdə ciddi uğurlar qazanması əhalidə milli orduya böyük inam yaratmışdı. Odur ki heç kim çağırışdan yayınmaq haqqında belə düşünmürdü.

      Cümhuriyyət hökumətinin yaratdığı milli ordu qısa müddətdə misilsiz şücaətləri ilə Azərbaycan xalqının şərəf tarixini yaza bildi. Bu ordu tezliklə Biçeraxovun Lənkərandakı qiyam cəhdinin qarşısını alıb onu darmadağın etdi, Qarabağı erməni qoşunlarından təmizlədi, Zəngəzurdakı ağır döyüşlərdə Androniki əzib bu ərazilərdə Azərbaycanın müstəqilliyini təmin etdi.

      Milli ordunun zəfər yürüşü müstəqil dövlətin sabahına böyük inam yaradırdı. 1920-ci ilin yanvarında Parisdə dünya dövlətlərinin Azərbaycanın müstəqilliyini tanıması bu ümidləri daha da artırırdı. Lakin zaman müstəqil dövlətin xeyrinə işləmirdi. Rusiyada bolşeviklərin vətəndaş müharibəsini qalibiyyətlə sona çatdırması, Avropa ölkələrinin bir çoxunda başlanmış siyasi-hərbi böhran, xüsusilə Cənubi Qafqazda hərbi durumun kəskinləşməsi, Qarabağda baş qaldıran erməni qiyamları və ölkənin qərbində – Ermənistanla sərhədlərdə bolşevik Rusiyasının təhriki ilə başlanmış silahlı təxribatlar AC hökumətini gücdən salırdı. Milli ordu da bir neçə istiqamətdə döyüşlər apardığından zəifləyirdi, xüsusən şimal sərhədlərini qorumaq üçün qüvvə çatışmırdı. Buna görə də 1920-ci ilin aprelində 72 minlik qoşunla Azərbaycana hücum çəkən 11-ci Qızıl ordunun qarşısına Samurda Milli ordunun cəmi 350 nəfərlik heyəti çıxmış, Yalama stansiyasında qəhrəmanlıqla döyüşərək hamısı həlak olmuşdu. Yəqin ki, nə vaxtsa Samurda həmin əsgərlərin xatirəsinə ucaldılacaq abidə onların ruhunu şad edəcəkdir.

* * *

      Milli ordu günü bütün bunlar barədə düşünmək, Azərbaycanın istiqlal tarixini yaratmış, o cümlədən ordumuzun qəhrəmanlıq salnaməsinə qızıl səhifələr yazmış parlaq tarixi şəxsiyyətlərə aid əzəmətli bir panteonun olmasını, şərəfli tarixin gənc nəslə dürüst anladılması üçün tədbirlər görülməsini arzulamaq zərərli deyil. Çünki hələ AC dövründə ordu quruculuğu siyasətində

Скачать книгу