Seçilmiş əsərləri. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.
Читать онлайн книгу Seçilmiş əsərləri - Абдурагим-бек Ахвердов страница 5
Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.
Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur iki aydır ona pul çatmır və peşkəş gəlmir.
Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir.
Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.
Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə, onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.
Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar.
Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.
İki ildən sonra movqiflərin birinə varid olub gördüm qoca Kərbəlayı Qulaməli movqifin qabağında dalını divara söykəmiş əyləşib.
Soruşdum:
– Kərbəlayı, sən hara, bu yerlər hara?
Dedi:
– Qurbanım olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar.
Dedim:
– Kərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir?
Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu:
– Gördün?
Dedim:
– Gördüm, Kərbəlayı, bunu haraya aparırlar?
Dedi:
– Kəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.
Dedim:
– Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?
Dedi:
– Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.
Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı.
Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:
– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.
Qatar yola düşdü və mən də məhbut onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:
“Ba bədan yar gəşt həmsəri-Lut
Xanəndani-nübüvvətəş güm şüd”7
AYIN ŞAHİDLİYİ
Ey gahi qədim kimi xəmidə, Gahi pür olan misali-didə.
Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.
Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngitəbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular.
Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!
Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi.
Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi.
O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:
– Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər
7
Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.