Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.
Читать онлайн книгу Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə страница 3
Pəs üç-dörd aydı Məhəmmədhəsən əmi getmək tədarükündədi… Ziyarət şövqü Məhəmmədhəsən əmini dünya işlərindən lap kənar eləyibdi. Bu fikrə düşəndən dükanı boşluyub, bir qədər arpa, ya darı unundan tədarük edib qoyub evinə və bir para lazım olan şeylərdən ev üçün hazır edib, gözləyir zəvvarın çıxmaqlığını.
Əvvəl Məhəmmədhəsən əmi istədi piyada getsin, çünki məlumdur ki, piyada ziyarətə getməkliyin feyzi malnan getməklikdən artıqdı. Amma sonra baxdı gördü ki, sinninin o vaxtı deyil ki, piyada iki aylıq yolu gedib qayıtsın. Pəs nə eləmək? Axırı laəlac qalıb, özündən, özgədən on-on beş manat tədarük edib, Məhəmmədhəsən əmi bir ulağ aldı. Söz yox, ulağ atdan yaxşıdı. Əvvələn ondan ötrü, ulağ atdan ucuzdu. Bəlkə heç Məhəmmədhəsən əmi otuz-qırx manat tapa bilməyəcək idi ki, ata versin. Bir də birisi ziyarətə ulağnan gedə və qeyrisi atnan gedə, əlbəttə, ulağnan gedənin ziyarəti Allah-taala yanında tez dərəceyi-qəbula yetişər.
Bəli, Məhəmmədhəsən əmi bir ulağ aldı. Amma bu ulağ başı bəlalı ulağ imiş.
Günlərin bir günü Məhəmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb, çıxdı bir həyəti dolandı. Toyuq-cücəni çağırıb, bir az dən səpdi, tövləyə girib eşşəyin qabağına bir-iki ovuc arpa töküb çıxdı küçəyə və öz küçə qapısının ağzında çömbəldi, çıxartdı çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyi. Bir qədər keçdi, bir neçə kəndli Məhəmmədhəsən əmi sində Məhəmmədhəsən əminin yanına gəlib, salam verib, cərgə ilə çömbəldilər və çubuqlarını çıxardıb başladılar çəkməyi. Bu kəndlilər hamısı Məhəmmədhəsən əminin qonşusuydular.
Kəndlilər bir az çubuq çəkib, bir qədər öskürüb başladılar söhbəti. Söhbət kərbəlayıların çıxmağından düşmüşdü. Çünki oturanların hamısı Məhəmmədhəsən əminin ziyarət qəsdindən xəbərdardılar, söz yox, bu söhbətdə Məhəmmədhəsən əminin də adı çəkilirdi.
Söhbət çox uzun çəkdi. Əvvəl başladılar ziyarətə getməkliyin savabından, sonra keçdilər ziyarətə getməkliyin şərtlərinə. Məhəmmədhəsən əminin sol tərəfində oturan kişi bir məsələ saldı ortalığa:
– Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır gəlir öz vətəninə, biz yığışıb dəstə-dəstə gedirik bu kişinin görüşünə və əl-ələ verib deyirik: “Ziyarətin qəbul olsun”, aya, görək bizim deməkliyimiznən bu kişinin ziyarəti qəbul olacaq, ya xeyr? Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var, ya yox? Məsələn, Məhəmmədhəsən əmi, indi sənin ziyarət qəsdin var. Allah salamatlıq versin, sağ və səlamət gedib qayıdasan evinə. İndi, söz yox, Allah qoysa qayıdandan sonra biz hamılıqnan sən ilə görüşəcəyik. İndi görək bizlər sənə deyəcəyik: “ziyarətin qəbul olsun”, bu sözün, bu görüşməkliyin sənə xeyri var, ya yox? Mən ki, deyirəm yoxdu. Ondan ötrü ki, sən ziyarəti eləmisən bir ay, bəlkə ay yarım bundan qabaq. Əgər sənin ziyarətin qəbul olunub Allah yanında, dəxi bizim sənə dua eləməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmayıb, genə faydası yoxdu. Biz deməkliknən qəbul olunmayacaq ki!
Bu kişi sözünü deyib dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. Qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular; çünki vaqeən bu məsələ dərin məsələdi. Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb, məşğul oldu çubuğu doldurmağa, sonra başladı sol tərəfində oturan qonşusunun cavabını:
– Yaxşı deyirsən. Məşədi Oruc əmoğlu. Sən deyən olmuş-olsa, onda da iş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. Birisi getdi ziyarətə, gəldi evinə, heç kəs getmədi onun görüşünə, dəxi bu müsəlmançılıq olmadı ki! İndi mən gedib, tutaq, ziyarət edib gəlmişəm evimə, sən nə deyirsən, gəlməzsən mənim görüşümə? Sonra dəxi mən sənin üzünə baxmaram ki…
Məşədi Oruc cəld əlini Məhəmmədhəsən əminin tərəfinə uzadıb və bir qədər dikəlib başladı:
– Yox, vallah, Məhəmmədhəsən əmi, sən mənim ərzimi başa düşmədin; mənim məsələmin cavabı deyil sən dediyin. Mən, söz yox, gələcəyəm sənin görüşünə. Sözüm orasındadır ki, görək aya, mənim bu gəlməkliyimin sənə bir mənfəəti var ya yox? Mən orasını soruşuram.
Məhəmmədhəsən əmi dübarə cavab verdi ki, görüşməyin hər halda mənfəəti var; çünki görüşmək olmasa, ortalıqdan mehribançılıq götürülər. Oturan kəndlilər bu xüsusda hamısı Məhəmmədhəsən əminin tərəfində idilər; çünki hərçənd Məşədi Orucun məsələsi dərin məsələdi, amma hamıya bəid9 görsəndi. Necə ola bilər ki, birisi ziyarətdən gələ, gedib onnan görüşməyəsən?!
Bu mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. Hərənin qabağında bir zorba koma kül qalandı.
Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib kəndlilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə:
– Məhəmmədhəsən əmi, tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın, minəcəyəm şəhərə, nəçərnik istiyibdir.
Kəndlilər cəld ayağa durub, salamı rədd elədilər.
– Baş üstə, baş üstə, qurbandır sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim.
Bu cavabı verib, Məhəmmədhəsən əmi əlüstü girdi həyətə.
Məhəmmədhəsən əmi eşşəyi gətirməkdə olsun, görək pəs bu şəxs kimdi və nəçidi.
Bunu bilmək asandı ki, bu şəxs xırda adam deyil. Əvvələn ondan ötrü, kəndlilər söhbətin şirin məqamında bunu görçək durdular ayağa, hələ bəlkə baş da yendirdilər. İkincisi də, məlumdur ki, indi Məhəmmədhəsən əminin gözünün işığı tək bircə eşşəyidir; çünki bu eşşəyi ondan ötrü alıbdı ki, minib getsin Kərbəlaya. Gecə və gündüz bu heyvana mütəvəccöh olur ki, onu yarı yolda qoymasın. Pəs belə güman eləmək lazımdı ki, Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. Amma bu şəxs istəyən kimi Məhəmmədhəsən dəsti10 getdi eşşəyi çıxardıb gətirsin.
Pəs görək bu şəxs kimdi və nəçidi?
Bəli, xırda adam deyil bu eşşəyi istəyən şəxs. Bu, Danabaş kəndinin katdası Xudayar bəydi. Mən istəmirəm Xudayar bəyin keçəcəyindən danışam; çünki özü də heç bu əmrə razı olmaz. İndi dünyada qayda belədi ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə:
9
Uzaq; burada: ağla batmayan
10
Tez, cəld, əlüstü