Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.
Читать онлайн книгу Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə страница 6
– Bax bu gözüm üstə, bax bu gözüm, bax gözüm üstə, üstə, bax bu gözüm üstə…
Bu sözləri deyirdi və sol əlini qoyurdu gah sağ gözünün, gah sol gözünün üstə. Axır sözünü bu cür tamam elədi:
– Dəxi sözün nədi, qazı ağa? Bunlar hamısı baş üstə. İndi bəs sən mənim işimi nə tövr sazlayacaqsan?
Qazı başını saldı aşağı, bir qədər təsbeh çevirib “ya Allah” dedi və durdu ayağa, getdi kitabları eşib, bir qara cildli kitab gətirib açdı. Gözlüyü taxdı gözünə və başladı alçaqdan oxumağı. Qazının səsi çıxmırdı, ancaq dodaqları tərpəşirdi. On dəqiqə çəkdi qazının oxumağı. Sol əlinin şəhadət barmağını kitabın bir yerində saxlayıb, üzünü tutdu Xudayar bəyə:
– Bilirsən, bəy, bu məsələ çətin məsələdir. Belə işlər az-az ittifaq düşər. Kitaba ondan ötrü baxıram ki, görək şəriət bu xüsusda nə buyurur.
Qazı bu sözü deyib genə cumdu kitaba, bir qədər oxuyub sevincək kitabı bükdü qoydu qabağına.
– İnşallah kəşf edəcəyəm bu məsələni, kəşf edəcəyəm, lap asan vəchlə kəşf edəcəyəm. Bəy, buyur görək qənd və çay nə vaxt gələcək?
– Qazı ağa, elə bu saat, elə deyirsən durum bu saat gedim alım gətirim. Mənim əlimdə çətindir?
– Əzizim, qəndi və çayı gətirərsən qoyarsan buraya, sonra gedib üç-dörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. Amma gərək o şəxslər hamısı sənin rəfiqlərindən ola. Onların birisi gəlib mənə deyər ki, həmin övrət mənim anamdır. Bu şəxsə, yəni sənə gəlmək istəyir və məni bu xüsusda vəkil eləyibdi. Qeyriləri də şəhadət verərlər. Vəssalam. Mən də siğəni oxuram, qurtarıb gedər.
– Qazı ağa, əgər iş bu cür qurtaracaq, bu lap asan işdi. Üç-dörd nədi, yüz adam kəndimizdən tökərəm bura. Hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər. Kimin ağzıdı mənim sözümdən çıxsın?
Bu sözləri deyib Xudayar bəy durdu ayağa.
– Gedim görüm kəndimizin adamlarından şəhərdə kimi tapa biləcəyəm.
Xudayar bəy qapıdan çıxmaq istəyirdi, qazı çağırıb dedi:
– Bəy, içəri zəhmət çək, sənə iki vəsiyyətim var. Əvvəla budur ki, qənd-çaya, söz yox, pul verəcəksən. O pulları sən çöldən tapmamısan ki… Əlbəttə alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun.
Xudayar bəy:
– Baş üstə, – deyib istədi çıxıb getsin. Qazı genə çağırıb qaytardı otağa.
– Əzizim, mən ərz elədim iki vəsiyyətim var; birini dedim, birini də deyim, ondan sonra azadsan.
– Buyur, qazı ağa.
– İkinci vəsiyyətim budur ki, bizim bu işimiz gərək ölən günə kimi öz yanımızda qalsın.
– Ay qazı ağa, uşaqsan? Məni elə nadan bilmə.
– Qulaq as, sözümü qurtarım. Bəli, bu iş gərək məxfi qala.
– Necə gərək qala?
– Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi-şər, əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala. Vəssəlam. İndi gedə bilərsən.
– Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə belədi.
Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb, üz qoydu getməkliyə.
III
Xudayar bəy sevincək tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb, üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub, getdi girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı. Karapet ağa qələmi qoydu yerə və təəccüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb, tutdu Karapet ağanın qabağına.
– Zəhmət olmasa bir ispiçkə çək, bu qovu yandırım.
Karapet ağa qeyznən cavab verdi:
– Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil!
Bu sözləri deyə-deyə Karapet ağa ayaq üstə durub deyəsən ki, istəyirdi qəfəsənin dalısından sıçrayıb, Xudayar bəyi alıb atsın.
Xudayar bəy bir az sinib çəkildi kənara. Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O haradan güman eləyərdi ki, Karapet ağa od verməyəcək, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb Danabaş kəndində. Burada ki şəhərdi. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz.
Xudayar bəy üzünü bir az turşudub və qaş-qabağını töküb, bu
13
Yaşlı