Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə страница 4

Жанр:
Серия:
Издательство:
Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə

Скачать книгу

yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər belə işarır ki, adamın canına vahimə ötürür. Pəs deyəsən ki, çim altından qurbağa baxır.

      Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi; əyridi, amma pis əyridi. Əyri də var, əyri var. Mən çox gözəllər görmüşəm ki, burunları əyridi, amma Xudayar bəyin burnu pis əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana. Bilmirəm anadan olmadı, ya sonra olubdu. Amma çox pis burundu, vəssalam.Xudayar bəyə göyçək kişi demək olmaz.

      İndi iki il olar ki, Xudayar bəy Danabaşda katdalıq eləyir. Bunun katda olmağının da çox əhvalatları var. Xudayar bəy özgə katdalar kimi katda olmayıbdı. Axır, adət bu cürdü ki, katdanı camaat seçər. Amma Xudayar bəyin katdalığı özgə tövr olubdu; yəni çox asan vəchlə olub.

      Əvvəl, yəni iki il bundan əqdəm, Xudayar bəy qlava yanında çavuş idi. İş elə gətirdi ki, qlava Xudayar bəyin anasını siğə elədi. Aşkardı ki, qlava öz səmtini qoyub, özgəni katdalıqda saxlamayacaq. Bir həftənin içində katdanı qısnıyıb, qulluqdan kənar elədi. Bir neçə vaxt kənd qaldı katdasız. Xülaseyi-kəlam, camaat bir vaxt gözünü açdı gördü ki, Xudayar bəy katdadı ki, katdadı.

      Xudayar bəy katda olan kimi lap dəyişildi. Əvvəl başladı libasından. Paltarını təzələyib və əlinə bir zoğal ağacı alıb, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. Kimin ixtiyarı var idi soruşsun haradan ona bəylik yetişib?! Amma xalq bilirdi ki, bəylik ona oradan yetişib ki, qlava anasını siğə edib. İyirmi-otuz adamı Xudayar katda dama qatıb məhz o səbəbə ki, səhvən ona deyiblər Xudayar katda, deməyiblər Xudayar bəy.

      “Çöçə-çöçə” deyə-deyə Məhəmmədhəsən əmi eşşəyi çıxardı küçəyə. Eşşək eşiyə çıxan kimi bir oğlan uşağı, yeddi-səkkiz yaşlarında, tumançaq, başıaçıq və keçəl, özünü çırpdı küçəyə və ağlaya-ağlaya, çığıra-çığıra qaçıb yapışdı eşşəyin quyruğundan. Bu oğlan Məhəmmədhəsən əminin xırda oğludur.

      – Hara qoyuram eşşəyimi getsin? Vallah qoymayacağam u… u… u…

      Bu cür ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb, qoymurdu heyvan hərəkət eləsin.

      Məhəmmədhəsən əmi vaqeən çox mehriban ata idı; o, heç vaxt istəməzdi övladının ürəyini bir dəm sıxsın. Odur ki, yavığa yeriyib, başladı yumşaqlıqnan oğlunu sakit eləməyə.

      – Sakit ol, oğlum. Eşşəyin axşam genə qayıdıb gələcək evə da. Eşşəyə nə olur? Mən eşşəyi satmıram ki! Xudayar bəy əmin aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək.

      – Yox, vallah, heç qoymaram… Hara qoyuram getsin e… Heç qoymaram… Heç dənə də!

      Bu sözləri deyə-deyə oğlan ulağın başını çubuqnan qaytarırdı qatsın genə həyətə. Bu heyndə Xudayar katda oğlanın dal tərəfindən yeriyib, oğlanın kürəyindən bir ağac…

      – Köpək oğlu köpək! Hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahi gönünü soyaram!

      Oğlan “vay-vay” deyib, qaçdı soxuldu həyətə. Xudayar katda eşşəyi minib, düzəldi şəhər yoluna. Kətdilər həmçinin dağıldılar. Məhəmmədhəsən əmi katdanı yola salıb, oğlunun dalınca dilxor qoydu getdi evinə.

      II

      Günortadan yarım saat keçirdi ki, Xudayar bəy yetişdi şəhərə.

      Xudayar bəy eşşəyi Məhəmmədhəsən əmidən istəyəndə dedi ki, məni nəçərnik istəyib. Amma yalan deyirdi, nəçərnik istəməmişdi, özgə mətləbi var idi. Əgər nəçərnikdən ötrü Xudayar katda şəhərə gəlirdi, lazımdı ki, bir az tez gələydi. O, özü bilirdi nəçərnik ancaq günortaya kimi divanxanada olar, günorta olcaq divanxana bağlanır. Xeyr, özgə mətləbi var Xudayar bəyin.

      Eşşəyi qatıb karvansaraya Xudayar bəy üz qoydu bazara. Yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına və bazardan çıxıb Buzxana məhəlləsini tutub başladı getməyi. Bir qədər gedib, çöndü sol küçəyə. Bu küçəni başa kimi gedib, genə çöndü sol səmtə. Bir dar küçəynən gedib və arxı tullanıb, bir alçaq qapının yanında durub qəndi qoydu yerə və başladı üst-başının toz-torpağını təmizləməyi. Sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini, bu tərəfini çırpıb qoydu başına. Qəndi vurdu qoltuğuna, bir öskürüb dəqqülbab elədi. Həyətdən bir övrət səsi gəldi:

      – O kimdi?

      Xudayar bəy bir də qapını döydü. Bir az keçdi, dörd-beş yaşında bir qız uşağı qapını açıb və Xudayar bəyi görən kimi qapını örtüb qaçdı həyətə. Həyətdən qızın bu cür səsi gəldi:

      – Buy ana, qapıda bir yekə kişi durub!

      Xudayar bəy qızın sözlərinə bir qədər gülüb çağırdı qızı:

      – Ay qız, qazı ağa evdədi?

      Qız o qədər Xudayar bəydən qorxdu ki, cürət eləmədi cavab versin. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlayıb təəccüb ilə gözlərini dirədi Xudayar bəyin gözünə.

      – Qazı ağa evdədi?

      – Evdədi, sözünü de.

      – Qazı ağanı görmək istəyirəm.

      Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu; sonra gəldi, qapını açdı və dedi:

      – Gəl.

      Xudayar bəy başını əyib, qapıdan içəri girib, iki pillə yendi həyətə. Görükən budur ki, qazının övrəti həyətdə paltar yuyurdu; çünki oğlan qapını açmamış xəbərdarlıq verdi:

      – Xanım, kənar ol, adam gəlir.

      Həyətin bir səmtində var idi əngənək11, yanında çoxluca yuyulmuş paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib, qapının yanında göl durmuşdu. Xudayar bəy girdiyi yer əsla həyətə oxşamırdı; çünki burda dörd divardan savayı bir şey yox idi. Həyətin eni on addım və uzunu on beş addım ancaq olardı. Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic. Vəssəlam. Bəlkə bura qazının dal həyətidir; çünki bu şəhərdə ev yoxdur ki, onun bağçası olmasın. Qərəz, əgər qazının bağı-bağçası

Скачать книгу


<p>11</p>

Saxsı ləyən, paltar yumaq üçün təknə