Tale ilə təkbətək. Antoni Zqorj
Чтение книги онлайн.
Читать онлайн книгу Tale ilə təkbətək - Antoni Zqorj страница 3
– Mən ki, bunları onun gələcəyi xatirinə edirəm. O, dahi pianoçu olmalıdır!
– Ancaq sən onun bir qədər şənlənməsinə imkan verə bilərdin, – deyə arvadı etiraz etdi. – İohann, etiraf et ki, sən Lüdviqin gələcəyindən çox pul üçün canfəşanlıq edirsən.
– Bəlkə mənim pulum çoxdur?
– Biz ehtiyacdan çıxa bilmirik, bu doğrudur, lakin təqsir kimdədir? Əlbəttə, sənin maaşın çox cüzidir. İldə iki yüz əlli dukat nə olan şeydir, özü də üç uşaqla! Lakin sən musiqi və nəğmə dərsləri verməklə bir bu qədər də qazana bilərdin, axı. Ancaq, Əgər doğrudan da, şagirdlər gəlsə, sən isə bu vaxt meyxanada oturmuş olsan, bu nəyə oxşayacaq? Özü də elə vəziyyətdə ki, notu notdan ayıra bilməyəsən!
Əri qəflətən taxtın üstündən qalxdı:
– Maqda, sən nə fikirdəsən, kostyumu oğlumuza ölçməli deyilikmi, baxaq görək uşağa yaraşırmı? Və cavab gözləmədən qapıya tərəf getdi: – Lüdviq, bura gəl!
Royal dərhal susmadı. Pianoçu çaldığı frazanı ta mamladı və yalnız o vaxt əlini klavişlərdən çəkdi. O saat da qapının yanında peyda oldu. Bu, alçaqboylu, canlı bir oğlan idi. Heyrətamiz dərəcədə sıx, qara saçlarını geriyə daramışdı, dərisi isə elə qara idi ki, sanki o, Reyndə yox, haradasa cənubda, günəşin yandırıcı şüaları altında doğulmuşdu. Oğlanın qara gözlərində belə bir sual oxunurdu: nə üçün çağırmısınız?
– Oğlum, məndə sənin üçün bir sürpriz var. Bir həftədən sonra konsert olacaq. Bax gör, ananla mən səni necə bəzəyəcəyik, – ata kostyumu aça-aça öyündü.
Lüdviqin sifətində bir peşmançılıq göründü. Baxışları stoldan pəncərəyə doğru qaçdı. Yaz axşamı ona gəl-gəl deyirdi, dərzinin möcüzəsi isə heç vecinə deyildi.
– Geyin, Lüdviq! Sən əsl kavaler olacaqsan!
Oğlan cavab vermədi, ancaq qaşqabağı sallandı.
O bir kəlmə də danışmayan anasının köməyi ilə dinməzcə geyindi. Atası ağ ipək corabları ona verdi, qara çəkmələrindəki gümüş suyuna çəkilmiş toqqaları öz əlləri ilə bağladı, sözə baxmayan gur saçlarının üstündən parik qoydu, buxağının altında qəşəng krujeva bantının qırışığını düzəltdi. Sonra oğlanı qonşu otağa apardı. Orada aşağı tərəfdən daralan qeyri-adi formalı, qızıl suyuna çəkilmiş döymə çərçivəli böyük bir güzgü asılmışdı. Kasıbçılıq vəziyyətində bu dəbdəbəli əşya babasının firavan həyatını xatırladan yeganə şey idi.
Balaca Lüdviq güzgüdəki qəribə oğlana uzun müddət və çox diqqətlə nəzər saldı. Ağ buruq saçların əmələ gətirdiyi haşiyədə öz sifəti ona gil kimi qəhvəyi və həddən artıq biabırçı görünürdü. O, nə dizindən aşağı düşən qəşəng yaşıl fraka baxırdı, nə də, demək olar ki, elə bu uzunluqda olan alabəzək jiletə. O, güzgünün gümüşü səthində yalnız qara bir sifət görürdü və bu sifət get-gedə daha da kədərli olurdu.
Amma atası sevinirdi. O, oğluna hər tərəfdən baxıb fərəhlənmək üçün bir neçə dəfə onun dövrəsinə fırlandı. O, Lüdviqi səhnəyə neçə çıxaracağını, royalın arxasına oturacağını, not vərəqlərini çevirmək üçün onun yanında dayanacağını və zal alqış səslərindən gurlayanda özünün qeyri-adi uşağı ilə birlikdə necə baş əyəcəyini təsəvvürünə gətirirdi.
– Hələ qızıl suyuna çəkilmiş qılınc da tapacam, – deyə atası vəd etdi. – Sənin qılıncın çatışmır.
Oğlan bir dəqiqə atasının axırıncı sözləri üzərində düşünüb sonra qısaca güldü:
– Mənə bir şarmanka da verin!
– Nə şarmanka?
– Bu yaxınlarda məktəbimizin yanına bir şarmankaçalan gəlmişdi. O, zəncirdə mənim kimi geyindirilmiş balaca bir meymun saxlamışdı. O çaldiqca, meymun rəqs edirdi.
– Lüdviq!– deyə anası xəbərdarlıq etdi. Atası hiddətləndi:
– Soyun və bu saatca keç royalın arxasına!
Oğlan bir anlığa fikrə getdi. Frakının bir çiyni çıxarılmış vəziyyətdə, kədərli halda beləcə donub qaldı.
Pəncərədən baxanda evlərin işıqlanan damları, Reynin gözqamaşdırıcı hamar səthi, o biri sahildə isə yaşıl təpələr – Semiqorye görünürdü.
– Ata, mən küçəyə getmək istəyirdim, – deyə o, xahiş bildirən səslə dilləndi.
– Heç olmazsa bir dəqiqəliyə burax onu, – deyə anası yalvardı. – Elə gözəl axşamdır ki!
– Bəs konsert?
Oğlan susurdu. Anası davam etdi:
– O çox səylə məşğul olub. Onda hər şey gözəlcə alınır, bundan yaxşısı mümkün deyil, günəş isə tezliklə batacaq.
– Get bir az da işlə,– deyə ailə başçısı lütfkarlıqla səsləndi, – şam yeməyindən sonra gəlib sənə qulaq asacam. Əgər səhvsiz çalsan, qoy sən deyən olsun, buraxacam səni. Yoxsa – yox.
Lüdviq atlas jileti ildırım sürəti ilə əynindən çıxartdı.
– Yaxşı, yaxşı… – İohann Bethoven donquldandı. – Əgər, sən demişkən, bu kostyum lap meymuna yaraşırsa da, o saat onun bütün düymələrini qırmaq lazım deyil.
Tenorist özü oğlunun konsert paltarını səliqəylə qatlayıb arvadına göstəriş verdi ki, bunların hamısını yığışdırıb şkafa qoysun. Sonra o, mətbəx stolunun arxasında oturub böyük məmnuniyyətlə soyuq balıq və bir iri qədəh şərabla şam etdi.
Birdən onun çənəsi dayandı. Bu nədir, Lüdviq nə çalır? Bu ana qədər eşitdiyi şirin melodiya bir zaman Motsartın çaldığı prelüddən idi. İohann Bethoven bu əsəri konsert üçün qəsdən seçmişdi. O, çətin əsərdir və konsertdəki adamlar əlbəttə başa düşəcəklər ki, yeni möcüzəli uşaq öz sələfindən əsla geri qalmır.
Lakin indicə qonşu otaqdan eşidilən şübhəsiz, başqa musiqi idi. O adi, kədərli, şikayətli, kənd mahnısını xatırladırdı. İohann Bethoven qaşqabağını tökdü. Melodiya yüksəlir, güclənir, sonra qəflətən qırılırdı. Melodiya, sanki qapısı bağlı qonaq otağına salınmış quşcuğaz kimi özünü pəncərə şüşəsinə çırpır, yerə düşür, geriyə doğru uçur və öz ümidsiz sıçrayışını