Mədəniyyətin Sancıları. Зигмунд Фрейд
Чтение книги онлайн.
Читать онлайн книгу Mədəniyyətin Sancıları - Зигмунд Фрейд страница 5
Bu metodda, məmnuniyyət hissini daxili, psixi proseslərdə arayıb tapmaq məqsədilə xarici dünyadan qurtulmaq meyli aşkar şəkildə görünsə də, eyni özəlliklər digər bir metodda daha efektiv şəkildə ortaya çıxır. Həmin metodda isə reallıqla olan bağlantı daha da zəiflədilmişdir; məmnunluq hissi isə aldanışlar olduğu bilinən, fəqət reallıqdan sapsalar da, yaşanan həzzi azaltmasına izin verilməyən illüziyalardan alınır. Bu illüziyalar fantaziya bölgəsindən yaranır. Bu bölgə, vaxtiylə, reallıq duyğusunun inkişaf mərhələsində reallığın nəzarətindən çıxarılıb azad edilmiş və gerçəkləşməsi çətin olan arzuların təminatı üçün ayrılmışdır. Belənçi fantaziyalardan alınan həzzlər aləmində ilk sırada sənət əsərlərindən alınan həzzlər gəlir, hansı ki, sənətkarın sayəsində yaradıcı olmayan insanlar üçün də əlçatan olur.9 Sənətin təsirinə açıq olan, onu dərk etməyə qabil olan insanlar üçün sənət, bir həzz mənbəyi və həyati təsəlli kimi nə qədər yüksək dəyərləndirilsə, yenə də azdır. Lakin sənətin bəxş etdiyi xəfif narkoz reallığın çətinliklərindən sadəcə qısamüddətlik qaçış imkanı yaradır və həqiqi səfalətmizi unutduracaq qədər güclü deyildir.
Digər bir üsul isə daha enerjik və əsaslı formada təsir göstərir. Bu üsula görə, reallıq yaşam üçün yararsızdır, bütün iztirablarımızın mənbəyi və yeganə düşmənimizdir və əgər hər hansı bir şəkildə xoşbəxt olmaq istəyiriksə, gərək onunla olan əlaqəmizi kəsək. Zahid dünyaya arxasını çevirir və onunla heç bir işinin olmasını istəmir. Ancaq insan daha artığını etmək, bu dünyanı yenidən formalaşdırmaq, onun dözül məz özəlliklərinin yerinə arzuladığı özəllikləri keçirərək real dünyanın yerinə yeni bir dünya qurmaq istəyə bilər. Xoşbəxt olmaqdan ötrü bu yola ümidsiz bir hiddətlə üz tutan insan, ümumən desək, heç bir şeyə nail ola bilməyəcək. Çünki reallıq onun imkanlarından çox güclüdür. Və o insan öz sayıqlamasını gerçəkləşdirmək yolunda əksərən köməksiz qalacağı üçün dəli olacaqdır. Lakin bu hal təsdiq edir ki, biz özümüz də hansısa dərəcədə paranoik kimi davranırıq, dünyanın bizə dözülməz gələn hansısa aspektini arzuladığımız kimi dəyişmək məqsədilə sayıqlamalarımızı reallığa daşıyırıq. Xeyli sayda insanın birlikdə, xoşbəxtlik təminatı əldə etmək və iztirablardan qorunmaq məqsədiylə hansısa sayıqlamanı reallığa tətbiq etməyə cəhd etdiyi durumlara xüsusi önəm vermək gərəkdir. Bəşəriyyətin dinləri də bu cür kütləvi aldanışlar hesab olunmalıdır. Təbii ki, kimsə bu cür aldanışa inanarsa və onu digər insanlarla paylaşarsa, onun sayıqlama, aldanış olduğunun əsla fərqinə varmaz.
İnsanların xoşbəxtliyə yetmək və ağrı-acılardan qurtulmaq üçün əl atdıqları bu metodlar siyahısının qüsursuz olduğunu sanmıram, üstəlik düşünürəm ki, bu material başqa cür də təsnif edilə bilər. Doğrudur, bir metod barədə danışmadım, ona görə yox ki, onu unutmuşdum, ona görə ki, onun barəsində irəlidə və digər bağlantıda danışacağam. Yaşamaq sənətinə dair həmin metodu məgər unutmaq olarmı? Sözügedən metod səciyyəvi özəlliklərin son dərəcə qəribə birləşməsi kimi nəzərə çarpır. Əlbəttə ki, onun da məqsədi insanı, belə deyək, Taleyin hökmranlığından azad etməkdir. Və bu metod zamanı həzz təminatı daxili psixi proseslər sahəsində yerini tapır, bunun üçünsə, bir az əvvəl də qeyd etdiyimiz kimi libidonun yerdəyişməsindən yararlanma baş verir. Ancaq insan bu halda xarici dünyadan üz çevirmir, əksinə ondakı obyektlərə sarılır və xoşbəxtliyi bu nəsnələrə yönələn emosional münasibətdən alır. Əsasən yorğun və təslimiyyətçi bir hədəf olan “kefsizlikdən qaçmaq” da onun marağında deyil, əksinə bu hədəfə diqqət etmədən, pozitiv yüklü xoşbəxtliyə çatmağı hədəfləyən köklü, ehtiraslı cəhdlərə yönəlir. Və bəlkə də bu hədəfə digər metodların çatdığından daha uğurla çatır. Təbii ki, sevgini mərkəzə qoyan, bütün məmnunluğu sevmək və sevilməkdə arayan həyat tərzindən bəhs edirəm. Bu cür psixi münasibət tamamiylə təbii və gözləniləndir, çoxuna tanışdır; sevginin təzahür formalarından biri olan seksual sevgi bizə bənzərsiz həzz və məmnunluq hissinin ən intensiv təcrübəsini yaşatmış və beləliklə də xoşbəxtlik cəhdimizinin bir örnəyi olmuşdur. Buna görə də xoşbəxtliyi, onunla ilk dəfə qarşılaşdığımız yolda aramaqda inad göstərməkdən daha təbii nə ola bilər? Lakin bu yaşam metodunun da zəif tərəfi açıq-aşkar nəzərə çarpır; yoxsa ki heç kim xoşbəxtliyi, bu yolu boşlayaraq başqa yolda aramazdı. Məsələ burasındadır ki, əzablar qarşısında ən müdafiəsiz qaldığımız zaman sevdiyimiz zamandır; ən çarəsiz olduğumuz zaman isə sevdiyimiz nəsnəni ya da onun sevgisini itirdiyimiz zamandır. Lakin sevgi vasitəsiylə yetə biləcəyimiz xoşbəxtlik mövzusunu bir kənara ata bilmərik, bu mövzuda söylənəcək hələ çox şey var.
Buradan hərəkət edərək digər bir maraqlı faktla da- duyğularımızın və mühakimələrimizin qarşısına çıxan gözəlliklərdən- insan vücuduna xas olan formaların və jestlərin gözəlliyindən, təbiətə xas olan nəsnələrin və mənzərələrin gözəlliyindən, bədii və hətta elmi-texniki əsərlərin gözəlliyindən alınan həzzin həyatdakı xoşbəxtlik arayışına çevrildiyi məqamla- qarşılaşa və onu araşdıra bilərik. Həyatın anlamına dair bu estetik yanaşma bizi təhdidkar əzablardan kifayət qədər qoruya bilməsə də, hər halda çox itkinin əvəzini ödəyə bilir. Gözəllikdən alınan həzz bizim duyğularımıza məxsusi, xəfif bir kefləndiricilik bəxş edir. Gözəlliyin yararlı olub-olmadığını müəyyən etmək çətindir, onun bizim mədəniyyətimizdə praktik baxımdan zəruri bir yeri də görünmür, lakin yenə də biz həyatımızı onsuz təsəvvür edə bilmirik və sivilizasiya onsuz keçinə bilməz. Estetika elmi bu və ya digər predmetin bizə gözəl göründüyü, gözəl hiss edildiyi şəraitləri araşdırır, lakin gözəlliyin mənşəyi və təbiəti barədə heç bir izah verməyib və bu uğursuz vəziyyət də, adətən olduğu kimi, bol miqdarda gurultulu və boş sözlərlə ört-basdır edilib. Çox təəssüf ki, psixoanalizin də gözəllik haqda söyləyəcəyi çox fikri yoxdur. Lakin bəlli bir qənaət kimi bunu söyləmək olar: gözəllik seksual hissiyyat sahəsindən törəyib. Gözəllik sevgisini, hədəf baxımından cilovlanıb qarşısı alınan impulsun mükəmməl bir örnəyi hesab etmək olar. “Gözəllik” və “cazibə, təhrik” mənşəcə seksual obyektin özəllikləridir. Görünüşcə hər zaman təhrikedici
8
Xüsusi qabiliyyətlərin və həyati maraqların əməyə hansı tərəfə yönəlməyini diktə etmədiyi durumlarda, hər kəsə uyğun olan, professional, siravi iş Volterin müdrik öyüdünə əsasən öz yerini tuta bilər. Əməyin libidonun rasional sərfiyyatındakı önəmini qısa bir icmal içindəcə hərtərəfli şəkildə işıqlandırmaq və dəyərləndirmək mümkün deyil. Fərdi reallığa, ən azından reallığın aşkar bir parçasına- insan cəmiyyətinə ən çox bağlayan həyat tərzi əməkdir. Libidonun narsistik, aqressiv və erotik elementlərinin əsaslı hissəsini iş həyatına və onunla bağlı olan insani münasibətlərə köçürtmək imkanı əməyə böyük dəyər qatır, hansı ki, insan bunun əsasında cəmiyyət içində öz varlığını möhkəmlədir və ona haqq qazandırır. İstəklə seçilən, yəni vücud tərəfindən gücləndirilən instinktiv meyilləri sublimasiya yoluyla yararlı edən professional fəaliyyət xüsusi məmnunluq bəxş edir. Lakin bütün bunlara rəğmən, çox sayda insan iş fəaliyyətinə əməyə və həzzə aparan yol kimi dəyər vermir və instinktiv meyillərini doyurmaq üçün işləməkdənsə, digər həzz imkanlardan istifadə etməyə daha çox üstünlük verir. İnsanların böyük əksəriyyəti yalnızca məcburiyyətdən işləyir və ən ağır ictimai problemlər də işləməkdən duyulan bu təbii ikrahdan qaynaqlanır.
9
Z.Freyd. “Psixi prosesin iki prinsipinin formulə olunması” (1911) və “Psixoanalizə giriş barədə mühazirə”yə (1917) baxın.