Dissident sorağında (1956-1986). Əli Şamil
Чтение книги онлайн.
Читать онлайн книгу Dissident sorağında (1956-1986) - Əli Şamil страница 3
Millətinin sabahı üçün çarpışan, vətənpərvər, haqqı deyən insanlara olmazın əzab-əziyyətini vermiş partiya-sovet işçilərinin, DTK və milis əməkdaşlarının, psixoloji dispanserlərdə çalışan həkim qiyafəli cəlladların, saxta hüquq işçilərinin heç biri cinayət məsuliyyətinə cəlb edilmədi. Beləcə, mövzu gündəmdən çıxdı. Haqsız təqib və təzyiqlərlə üzləşmiş fərqli fikirlilər Sovet hakimiyyəti dövründə olduğu kimi, ondan sonra da unutdurulmağa başladı.
Hakimiyyətdə yüksək vəzifə tutanların bəziləri də xalq arasında mövqelərini möhkəmlətmək, özlərinə daha çox tərəfdar toplamaq məqsədilə dissident sözündən istifadə etməyə başladılar. Məsələn, uzun illər DTK-ya və Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş, SSRİ Nazirlər Sovetinin birinci müavini işləmiş Heydər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin yubileyində çıxış edərkən demişdi ki, Azərbaycanda dissident olmayıb! Bir nəfər dissident olubsa, o da mənəm!
Yaxud, Azərbaycan Milli Məclisinin sədri olmuş Rəsul Quliyev də özünü dissident adlandırır. Halbuki, 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində doğulmuş bu insan 1970-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirdikdə təyinatla Sumqayıt Kimya Texnologiyaları zavoduna işə göndərilmişdir. O, təyinat müddətini başa vurmadan Bakıya gələrək Neftayırma zavoduna işə düzəlmişdir. Burada kommunist partiyası sıralarına daxil olmuş və sürətlə vəzifə pillələri ilə irəliləməyə başlamışdır. Belə ki, 1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə direktor vəzifəsinə yüksəlmişdir. İdarəetmədəki fırıldaqlardan bacarıqla yararlanaraq böyük məbləğdə pul toplaya bildiyinə görə respublika rəhbərliyi onu daim diqqət mərkəzində saxlamış, 1985-ci ildə Bakı Şəhər Xalq Deputatlar Sovetinə, 1990-cı ildə isə Azərbaycan SSR Ali Sovetinə deputat seçdirmişdir.
Sovet dövrünün ağrı-açılarını yaşamış, ailələri dağıdılmış, illər boyu mənəvi cəhətdən alçaldılmış, dərdlərini, başına gələnləri söyləyəndə ətrafdakıların dəli kimi baxdıqları həqiqi dissidentlər saxta “dissidentlər”i ifşa etmək istəyərkən bəzən hisslərini çilovlaya bilmir, onların ailələri haqqında fakta dayanmayan fikirlər səsləndirir və yazırlar.
“Azərbaycanda dissident olub-olmayıb” söhbətlərinin soyuq savaş kimi davam etdiyi bir dönəmdə Doğu Avropa ölkələrində dissident hərəkatı haqqında enskilopediya nəşr edilməsi planlaşdırılır. “Dissident sözlüyü” adlı nəşri hazırlayacaq qrup üçün mərkəz Varşava şəhəri seçilir. Polşanın belə bir nəşri hazırlamağa imkanı olmadığından maddi və ideoloji yardım ABŞ-dan və Avropa Birliyindən gəlir. “Dissident sözlüyü” qrupu bir müddət hazırlıq işləri apardıqdan sonra Doğu Avropadakı sosialist respublikaları və keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Avropa hissəsində yaşayan 1.305 nəfərlə bağlı ensklopedik məqalə hazırlanmasını planlaşdırır.
1998-ci ildə Azərbaycan Milli Demokratiya Fondu yanında bir qrup yaradıldı ki, “Dissident Sözlüyü” (bundan sonra: “DS”) üçün məqalələr hazırlansın. Qrup öz fəaliyyətini iki ilə yaxın davam etdirdi.
Sonra “DS” təşkilatçılarının çox incə eyhamla “nədən Azərbaycandakı dissidentlərin hamısı azərbaycanlılardır? Orada məgər başqa millətlərdən olan dissident yoxdurmu?” suallarına yazdığımız cavablar aramızda soyuq yellər əsməsinə səbəb oldu. Ona görə də, təşkilatla əlaqəmizi kəsdik və mən bir daha qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmədim. Bunun ardınca, yəni 2004-cü ilin mayında Azərbaycan Milli Ensiklopediyasından da uzaqlaşdırıldım. AMEA Folklor İnstitutunda işlədiyimdən dissidentlər mövzusunda araşdırmaları davam etdirə bilmədim. Amma mövzu heç zaman yadımdan çıxmadı. Cahid Hilaloğlu və Çingiz Abdullayev haqqında yazdığımız məqalə Azərbaycanda (“Teatr İnstitutunun dissident məzunları”. // “Mədəniyyət dünyası” toplusu, 2003, 4-cü cild, s. 176-187), İsmail Farka haqqında yazdığım “Acı taleli insan” məqaləsi Albaniyada (“Standart” qəzeti, 24.05.2009, s. 19; 25.05.2009, s. 19) nəşr olundu. Dissidentlər mövzusunda “Azadlıq” radiosuna verdiyimiz müsahibə də geniş əks-sədə doğurdu. Sosial şəbəkələrdə çalışanlar həmin yazılardan gen-bol istifadə etdilər, hətta birinci məqaləni Rus dilinə də çevirib yaydılar.
Bunlar nə qədər fərəhləndirici olsa da, bu mövzuda araşdırmaları davam etdirmədiyimə üzülürdüm. Qəzet-jurnallarda da getdikcə dissident mövzusuna maraq azalırdı. Aradan 17 il keçmişdi. Bir gün, daha doğrusu, 2016-ci ilin xoş bir noyabında AMEA Əsas Binasının həyətindəki çayxanada professor Cəmil Həsənli ilə çay içə-içə söhbət edirdik. Əslində buraya alimdən onun 2015-ci ildə Moskvanın “FLİNTA” və “Nauka” nəşriyyatlarında cəmi 1000 nüsxə çap olunmuş “Синьцзян в орбите советс