Pinokiyo. Карло Коллоди
Чтение книги онлайн.
Читать онлайн книгу Pinokiyo - Карло Коллоди страница 3
– İşıldaböcək haqlı idi. Gərək atamı incitməyəydim, onun üzünə ağ olmayaydım. Əgər atam mənim ucbatımdan həbsə düşməsəydi, indi mən də acından ölməzdim. Atam mənə dadlı yeməklər hazırlayardı. Ax, ax, aclıq nə pis şeydir!
Birdən o, zibil qalağı içərisində ağ, dəyirmi bir şey gördü. Bu, toyuq yumurtası idi. Sevincindən gözləri parlayan Pinokkio yumurtanı əlində o tərəf-bu tərəfə fırladı, onu sığallayıb öpməyə başladı. Tavanı sobaya qoyub içinə yağ əvəzinə bir az su süzdü, su buxarlanan kimi yumurtanı qırıb tavaya tökdü. Lakin yumurtanın içərisindən ağ-sarı maye yerinə canlı bir cücə çıxdı. Cücə nəzakətlə təzim eləyib dedi:
– Sizə çox minnətdaram, cənab Pinokkio! Məni yumurtanın qabığını qırmaq əzabından xilas etdiniz. Görüşənədək. Salamat qalın!
Cücə bu sözləri deyib kiçik qanadlarını gərdi və açıq pəncərədən uçaraq gözdən itdi.
Yazıq Pinokkio özünə gələndə dərddən ayağını yerə döyəcləyərək ağlamağa başladı. O, bayaqkı sözlərini təkrarlayırdı:
– İşıldaböcək haqlı idi. Gərək atamı incitməyəydim. Əgər o, indi evdə olsaydı, mən acından ölməzdim.
Pinokkionun qarnındakı sancı getdikcə artırdı. O, əzablarını azaltmaq üçün yaxınlıqdakı evlərə baş çəkməyi qərara aldı. Bəlkə, elə bir xeyirxah adam tapılacaqdı ki, ona bir tikə çörək versin.
Soyuq qış gecəsi idi. İldırım çaxır, göy guruldayırdı. Pinokkio ildırımdan qorxsa da, aclıq ona güc gəldi. Evdən çıxıb qapını arxasınca örtdü. Ətrafda inc-cins gözə dəymirdi. Dükanlar, evlərin qapı-pəncərələri bağlı idi. Küçələrdə it-pişik belə yox idi.
Acından taqəti kəsilmiş Pinokkio bir-bir qapıların zəngini çalır, ümid edirdi ki, hansısa evdə onu xoşüzlə qarşılayan tapılacaq. Ancaq evinin qapısını açan bircə nəfər də yox idi. Nəhayət, pəncərələrin birindən gecə paltarı geymiş bir qoca boylandı. O, əsəbi səslə soruşdu:
– Gecənin bu vaxtı sizə nə lazımdır?
– Xahiş edirəm, bir parça çörək verin.
– Gözlə, indi qayıdıram.
Qoca elə düşündü ki, bu oğlan gecələr camaatın yuxusunu ərşə çəkməkdən həzz alan avara gənclərdən biridir. Yarım dəqiqə sonra qoca yenidən pəncərəni açıb qışqırdı:
– Şlyapanı pəncərənin altına tut!
Pinokkio dərhal papağını çıxardı. Elə həmin andaca şırıltı ilə üstünə tökülən su onu başdan-ayağa islatdı.
Taxta Oğlancığaz üst-başı su içində evə qayıtdı. Artıq yorğunluqdan və aclıqdan ayaq üstə güclə dayanırdı. Pinokkio sobanın qarşısında oturub soyuqdan titrəyən ayaqlarını qızdırmağa başladı. Beləcə də yuxuya getdi.
Səhərə yaxın qapının döyülməsinə oyandı. Gələn Ceppeto idi.
5
Bədbəxt Pinokkio yuxudan tam oyanmamışdı, buna görə də ayaqlarının sobada yandığından xəbərsiz idi. Atasının səsini eşidən kimi düşünmədən yerindən atılıb qapıya tərəf getmək istədi. Lakin iki-üç addım atandan sonra yerə yıxıldı.
Küçədən Ceppetonun səsi eşidildi:
– Qapını aç!
Taxta Oğlancığaz ağlaya-ağlaya cavab verdi:
– Ata, mən bacarmıram.
– Niyə?
– Kimsə ayaqlarımı yeyib.
– Kim?
– Pişik.
Ceppeto Oğlancığazın sözlərinə inanmadı və acıqla təkrarladı:
– Qapını aç deyirəm, yoxsa sənə gününü göstərəcəyəm!
– Düzünü deyirəm, ayaq üstə dura bilmirəm. Mən yazıq bundan sonra bütün ömrüm boyu diz üstə sürünməli olacağam!
Ceppeto yenə ona inanmadı, düşündü ki, bütün bunlar Taxta Oğlancığazın növbəti hoqqasıdır. Odur ki birtəhər divara dırmaşıb pəncərədən evə keçdi. O, Pinokkionun yerə sərildiyini və həqiqətən, tərpənə bilmədiyini görəndə ürəyi ağrıdı. Taxta Oğlancığazı qucağına alıb öpməyə başladı. Ceppeto göz yaşlarını saxlaya bilmir, hönkürərək deyirdi:
– Mənim əziz Pinokkiom, sən niyə bu günə düşmüsən axı?
Taxta Oğlancığaz başına gələnləri hıçqıra-hıçqıra qocaya danışdı. Ceppeto onun dediklərindən bircə bunu anladı ki, Oğlancığaz acından ölür. Cibindən üç armud çıxarıb ona verdi.
– Bu üç armud, əslində, mənim səhər yeməyim idi, lakin onları ürəklə sənə bağışlayıram.
Taxta Oğlancığaz armudları yeyib-qurtaran kimi yenidən ağlamağa başladı. İndi də özü üçün təzə ayaqlar istəyirdi. Lakin Ceppeto düz günortayacan onun ağlayıb-zarımasına fikir vermədi. Çünki dəcəlliyinə görə Oğlancığazı cəzalandırmaq fikrində idi.
Nəhayət, qoca dilləndi:
– Niyə sənin üçün təzə ayaqlar düzəldim ki? Yenə əlimdən qaçasan və məni zibilə salasan deyə?
Taxta Oğlancığaz içini çəkərək dedi:
– Söz verirəm, özümü yaxşı aparacağam, məktəbə gedəcəyəm, sənət öyrənəcəyəm və sizə qoca vaxtınızda arxa-dayaq olacağam.
Ceppeto özünü əsəbi göstərməyə çalışsa da, gözləri dolmuşdu: onun Pinokkioya getdikcə daha çox yazığı gəlirdi. Odur ki başqa söz söyləmədi. Alətlərini və yaxşı qurudulmuş iki ağac parçasını götürüb işə başladı.
Bir saat sonra yeni ayaqlar hazır idi.
Taxta Oğlancığaz yeni ayaqlarını hiss eləyən kimi dərhal stuldan qalxdı, onları yerindəcə tərpətməyə, qaçmağa, əyilib-qalxmağa başladı. O sanki sevincindən dəli olmuşdu.
Pinokkio