Pinokiyo. Карло Коллоди
Чтение книги онлайн.
Читать онлайн книгу Pinokiyo - Карло Коллоди страница 4
Tezliklə əlində əlifba kitabı ilə geri qayıtdı, lakin Ceppetonun gödəkçəsi əynində deyildi. Bayırda qar yağırdı, qoca isə evə nazik köynəkdə qayıtmışdı.
– Bəs gödəkçəniz hanı?
– Onu satdım.
– Niyə?
– Mənə isti idi.
Pinokkio işin nə yerdə olduğunu dərhal başa düşdü. Qocanın boynuna sarılıb üz-gözündən öpdü.
6
Qar kəsən kimi Pinokkio əlifba kitabını qoltuğuna vurub məktəbə yollandı. Yolda onun ağlına cürbəcür fikirlər gəlirdi:
– Bu gün məktəbdə oxumağı, sabah yazmağı, birisi gün saymağı öyrənəcəyəm. Mən zirək oğlanam axı, tezliklə çoxlu pul qazanacağam. Bu pula atama elə qəşəng gödəkçə alacağam ki, özü qızıl-gümüşdən, düymələri isə qiymətli daşlardan olsun. Atam, həqiqətən də, buna layiqdir. Mən məktəbə gedim, oxuyub adam olum deyə bu soyuqda öz gödəkçəsini satdı. İndi o, nazik bir köynəkdə qalıb. Qışı bu köynəkdə keçirməli olacaq. Ancaq atalar öz uşaqları üçün belə fədakarlıq eləyə bilərlər!
Elə bu sözləri öz-özünə yenicə deyib qurtarmışdı ki, uzaqdan şeypur və təbil səslərini eşitdi. Bir az dayanıb diqqət kəsildi. Səslər dəniz sahilindəki balaca kənddən gəlirdi.
Bir andaca Pinokkio bayaqkı fikirlərindən əl çəkdi və ürəyində dedi: «Bu gün musiqi dinləməyə gedirəm, məktəb qaçmır ki… Ora sabah da gedə bilərəm».
Taxta Oğlancığaz qaça-qaça özünü meydançadakı izdihamın arasına atdı. Camaat taxtadan hazırlanmış səhnənin qarşısında toplaşmışdı. Səhnənin üzərindən kətan pərdə asılmışdı.
Pinokkio balaca bir uşaqdan öyrəndi ki, tamaşaya baxmaq üçün dörd soldo ödəməlidir. Maraq hissi ona güc gəldi. Taxta Oğlancığaz abır-həyanı unudub balaca oğlandan soruşdu:
– Sabahadək mənə dörd soldo borc verməzsən?
– İstəyərdim, lakin həftənin bu günü borc vermək mənə düşmür.
– Bəlkə, gödəkçəmi sənə satım?
– Sənin kağız gödəkçən nəyimə lazımdır? Yağışa düşən kimi zay olacaq.
– Bəlkə, çəkmələrimi alasan?
– Onlar yalnız sobanı qalamaq üçün yarayar.
– Papağıma nə qədər pul verərsən?
– Bu ki çörəkdən hazırlanıb! Neyləyirəm onu? Başımda siçanlar yuva salsın?
Axırda Pinokkio sonuncu təklifini elədi:
– Bəlkə, mənim təzə əlifba kitabımı alasan, hə?
Oğlan buna da razılaşmadı. Elə bu zaman bayaqdan onların söhbətinə qulaq asan cır-cındır alverçisi bir dəqiqənin içindəcə irəli çıxıb çığırdı:
– Əlifba kitabını mən alıram.
Bu vaxt yazıq Ceppeto evdə nazik bir köynəkdəcə soyuqdan titrəyirdi…
7
Nəhayət, kətan pərdə qaldırıldı, tamaşa başladı.
Taxta kuklalar – Arlekin və Pulçinella səhnədə idilər, onlar həmişəki kimi dava-dalaş salmışdılar. Bir-birinə ağızlarına gələni deyirdilər. Kuklalara baxan tamaşaçılar qarınlarını tutub gülürdülər.
Qəfildən Arlekin tamaşanı yarıda kəsib əlini tamaşaçılara tərəf uzatdı. O, qorxunc bir səslə çığırdı:
– İlahi! Bu, yuxudur, ya gerçək? Mən orada Pinokkionu görürəm! Özüdür ki var.
Pulçinella onun səsinə səs verdi:
– Doğrudan da, Pinokkiodur!
Pərdənin arxasından başını çıxarıb baxan senyora Rozaura da onun sözlərini təsdiqlədi.
Kuklalar hamısı birdən:
– Pinokkio, bizim qardaşımız Pinokkio! Yaşasın Pinokkio! – deyə qışqıraraq qaça-qaça səhnəyə çıxdılar.
Arlekin çığırdı:
– Pinokkio, bura, yanıma qalx. Gəl taxta bacı-qardaşlarını qucaqla!
Pinokkio iki dəfə hoppanandan sonra dirijorun başına düşdü, oradan da səhnəyə tullandı. Aktyor bacı-qardaşları Pinokkionu çiyinlərinə alıb təntənəylə səhnənin yuxarı başına apardılar.
Qəfildən kuklaların sahibi olan qorxunc, nəhəng, eybəcər bir cənab göründü. Onun mürəkkəb ləkəsi kimi qara, pırtlaşıq saqqalı yerlə sürünürdü. Bu nəhəng cənab yeriyərkən tez-tez öz uzun saqqalını tapdalamalı olurdu. Onun ağzı sobaya, gözləri isə içərisində şam yanan qırmızı şüşə fənərə bənzəyirdi. Nəhəngin əlində ilandan və tülkü quyruğundan hörülmüş qamçı vardı.
O, səhnədə görünən kimi ətrafa elə bir sükut çökdü ki, milçək uçsa, vızıltısı eşidilərdi. Yazıq kuklaları əsməcə tutdu.
Kuklaların sahibi xırıltılı səsiylə Pinokkiodan soruşdu:
– Mənim teatrımda nə hoqqa çıxarırsan?
– İnanın, zati-aliləri, mənim heç bir günahım yoxdur. Məni səhnəyə taxta bacı-qardaşlarım dəvət edib.
– Yaxşı, səninlə sonra danışarıq.
Tamaşadan sonra Mancafoko adlı nəhəng cənab mətbəxə gedib özünə quzu ətindən yemək hazırlamağa başladı. Ocaqda yandırmaq üçün odunun çatışmadığını görüb kuklalara əmr elədi ki, Pinokkionu onun yanına gətirsinlər. Çünki o, quru ağacdan hazırlanmışdı və sobada daha yaxşı yanacaqdı.
Nəhəng cənabın əmrini eşidən Arlekin və Pulçinella ağalarının niyyətini başa düşdülər. Əvvəlcə Pinokkionu çağırmağa tərəddüd etsələr də, axırda onun sözünə qulaq asmağa məcbur oldular. Pinokkionun «ölmək istəmirəm» deyə yalvarması Mancafokonun ürəyinə rəhm saldı və nəhəng cənab onu bağışladı.
8
Teatr sahibinin