Beş uşaq və O. Эдит Несбит
Чтение книги онлайн.
Читать онлайн книгу Beş uşaq və O - Эдит Несбит страница 7
– Aramızda ən ağıllı sənsən, – Siril heyranlıqla bacısına baxdı. – Bunu necə elədin?
– Sənin kimi bütün qızıl pulları cibimdən çıxarıb göstərmədim. Həyətdə bir oğlana rast gəldim, atı təmizləyirdi, ona qızıl pulu göstərib soruşdum ki, bunun nə olduğunu bilir, ya yox? Dedi ki, yox, bilmir, yaxşısı budur, atasını çağırsın. Atası isə pula baxıb dedi ki, bu, qədim gineyadır[5], sonra isə soruşdu ki, mənimdir, ya yox? Cavab verdim ki, əlbəttə, mənimdir! Ardınca da dedim ki, əgər bizi Roçesterə aparsa, bu pulu ona verəcəyəm. Razılaşdı. Adı Krispindir.
Uşaqlar ata qoşulmuş araba ilə kənd yolunda bir xeyli gedəndən sonra körpünün yanına gəlib çatdılar. Arabaçıdan xahiş etdilər ki, atı saxlasın.
– Əgər atla araba almaq istəsəydiniz, birinci kimə üz tutardınız? – Siril arabadan düşəndə Krispindən soruşdu.
– Bill Pismarşa, – arabaçı fikirləşmədən dedi. – Onu karvansaradan soruşa bilərsiniz. Əgər atanız at almaq istəyirsə, Billdən daha vicdanlı adam tapa bilməz.
– Çox sağ olun! – uşaqlar arabaçıya təşəkkür edib onunla sağollaşdılar.
Lakin onlar dərhal karvansaraya yollanmadılar. Hamı yaxşı bilir ki, pul qazanmaq çox çətindir, intəhası bütün pullarını bir göz qırpımında xərcləyib qurtara bilərsən.
Uşaqlar əvvəlcə mağazalara baş çəkmək qərarına gəldilər. Məsələ burasında idi ki, Anteya bu səhər bilmədən öz şlyapasının üstündə oturub onu yöndəmsiz hala salmışdı. Odur ki girdiyi mağazada bir-birindən qəşəng şlyapaları görəndə əlini nə vaxt cibinə atdığını heç özü də bilmədi. Qara ipək paltar geyinmiş cavan və qəşəng satıcı qız Anteyanın ona uzatdığı qızıl pula təəccüblə baxıb özündən daha yaşlı satıcını çağırdı.
– İndi belə pullardan istifadə olunmur, – satıcı qadın bunu deyib pulu Anteyaya qaytardı.
– Axı bu, əsl qızıldır, – Anteya dedi. – Özümündür.
– Ola bilər, – satıcı qadın dedi, – ancaq indi bu pullar dövriyyədə deyil, odur ki qəbul edə bilməyəcəyik.
– Onlar elə bildilər ki, mən pulu haradansa oğurlamışam, – Anteya uşaqların yanına qayıdıb dedi. – Bütün bunlar ona görə baş verir ki, üst-başımız toz içindədir. Gərək özümüzə əlcək alaq.
Uşaqlar lap balaca bir dükan tapıb içəri girdilər. Oradan iki cüt əlcək aldılar. Ancaq bu dəfə də dovşan almaq üçün topladıqları puldan verməli oldular. Çünki yaşlı satıcı qadın uşaqların uzatdığı qızıl sikkəyə gözlüyünün arxasından baxıb bu pula xırdasının olmadığını dedi.
Uşaqlar səbəbini özləri də bilmədən həmin dükandan bir də saxta timsah dərisindən hazırlanmış pulqabı aldılar. Onun haqqını da Siril dovşan almaq üçün yığdığı puldan ödədi.
Sonra uşaqlar oyuncaq, ətir, ipək yaylıq, kitab, açıqça satılan bir neçə mağazaya baş çəkdilər. Ancaq bu mağazaların heç birində qeyri-adi qızıl pulları xırdalayan olmadı.
Bütün gün Roçesterin küçələrində avara-sərgərdan gəzib-dolaşan uşaqların üst-başını bir az da toz basmış, saçları dağılmış, tərləmişdilər. Üstəlik, bərk acmışdılar. Cibləri qızıl pulla dolu olsa da, heç kim onlara quru çörək belə satmaq istəmirdi.
Əlacsız qalan uşaqlar yeni bir plan qurdular. Dördü də eyni vaxtda qənnadı dükanına girib satıcıya macal vermədən hərəsi piştaxtadakı kişmişli bulkalardan ikisini çirkli əlləri ilə qapıb cəld bir dişləm aldı.
Qəzəblənmiş dükançı piştaxtanın arxasından çıxıb onlara tərəf cumdu.
– Buyurun, nə qədər eləyirsə, buradan çıxın, – Siril özünü itirmədən ovcunun içindəki qızıl pulu ona uzatdı.
Cənab Beyl – dükançını hamı belə çağırırdı – qızıl sikkəni alıb dişində yoxlayandan sonra cibinə soxdu və qışqırdı:
– Rədd olun burdan!
– Bəs pulumuzun qalığı? – hər işdə qayda-qanun sevən Anteya soruşdu.
– Deməli, pulunuzun qalığını istəyirsiniz? Mən indi sizə göstərərəm! Cəhənnəm olun burdan! Hələ sevinin ki, polisləri bura çağırıb tökmədim. Yoxsa onlar sizin bu qızıl pulu haradan çırpışdırdığınızı yaxşıca araşdırardılar!
Balaca «milyonerlər» qəsəbə parkındakı ağacların sərin kölgəsində bulkalarını yeyib qurtarandan sonra əhvali-ruhiyyələri bir az düzəldi. Buna baxmayaraq indi onların içində ən cəsarətli olanlarının belə at-araba üçün Bill Pismarşın yanına yollanmağa cürəti çatmırdı. Di gəl Anteya başladığı işi yarımçıq qoymağı xoşlamırdı. Ceyn də ona qahmar çıxdı. Beləliklə, qızların qətiyyəti oğlanları da yola gətirdi və onlar hamılıqla «Sarasinin başı» adlı karvansaraya yollandılar. Onlar diqqəti cəlb etməmək üçün əsas qapıdan yox, həyətdəki arxa qapıdan içəri girdilər. Cənab Pismarş həmin vaxt həyətdə idi. Robert ona yaxınlaşıb sözə başladı:
– Cənab, bizə dedilər ki, sizdə at və araba var, – oğlan nəzakətlə soruşdu.
– Sizə düz məlumat veriblər, cavan oğlan, – cənab Pismarş dedi. O, arıq, hündürboy adam idi. Mavi gözləri, nazik dodaqları var idi.
– Biz bir cüt at və bir araba almaq istərdik.
– Kim istəməz ki! – Pismarş gülümsündü.
– Bizə bir neçə at göstərə bilərsiniz? Onların arasından özümüzə uyğun gələnlərini seçərik.
– Nədir, məni axmaq yerinə qoyursan, – Bill qəfildən əsəbiləşdi, – yoxsa ağzımdan söz almaq istəyirsən? Sizi bura kim göndərib?
– Mən axı dedim ki, biz bir cüt at və karet almaq istəyirik, – Robert yenidən dedi. – Bir nəfər bizə dedi ki, siz çox alicənab və nəzakətli insansınız, lakin, görünür, o, səhv eləyib…
– İşə bax ha! – cənab Pismarş ucadan dedi. – Tövlədəki bütün atları sizə nümayiş etdirməyimi istəmirsiniz ki?
– Mümkünsə, bəli. Əgər sizə zəhmət olmayacaqsa… – Robert onun sözlərindəki istehzanı başa düşmədən cavab verdi.
Atların sahibi niyə isə əlini
5