Qoca Xəttabıç. Лазарь Лагин
Чтение книги онлайн.
Читать онлайн книгу Qoca Xəttabıç - Лазарь Лагин страница 5
Volkanın dostu Seryoja Krujkinin atası, Elmi-Tədqiqat Qoyunçuluq İnstitutunda işləyən Aleksandr Nikitiç həmin vaxt təsadüfən yaxından keçməsəydi, bu qarışıqlığın nə qədər davam edəcəyi məlum deyildi. O, bəlkə də, bu sürünü görüb sevinən yeganə adam idi.
– Nə əla qoyunlardır! – Krujkin heyranlıqla qışqırdı. – Yoldaş milisoner, bunlar kimin qoyunlarıdır?
Milis əməkdaşı onun sözlərinə cavab olaraq çaş-qınlıqla yalnız əllərini yellədi. Bu zaman Aleksandr Nikitiçin ağlına cəsarətli, heç də təqdirəlayiq olmayan bir fikir gəldi.
– İcazə verin, icazə verin… – o belə söyləyib sürüyə tamaşa edən izdihamı yararaq irəli çıxdı, sanki, nəyisə xatırlamağa çalışdı və sözlərinə davam etdi: – Bağışlayın, bunlar, deyəsən, bu gün bizim institutdan qaçan cins qoyunlardır! Bəli, əlbəttə! Bu körpə quzunu tanıyıram, artıq bir müddətdir ki, onu müşahidə edirəm. Qeyri-adi cinsdir!
Sürüdəkilər isə ağlayırdı. Onlar qoyun olmadıq-larını və cəmi bir neçə dəqiqə əvvələdək insan olduqlarını söyləmək istəyirdilər, di gəl, bunun əvəzinə geniş açılmış ağızlarından yalnız kədərli bir səs çıxırdı: "Məə-əə-əə!"
Həmin vaxt milis əməkdaşı sevinirdi: o, Krujkinin sözlərindən sonra sürü sahibinin tapıldığını düşünürdü, hətta qoyunların Qoyunçuluq Elmi-Tədqiqat İnstitutuna aparılması üçün iki dalandar da ayırdı.
Başqa qoyunlar belə rahat yerə, bol yemlərə, novlardan içdikləri təmiz və dadlı kran suyuna görə sevinərdi. Lakin Xəttabıçın qoyuna çevirdikləri elə hey hay-küy salır, ora-bura qaçır, qəsdən suya dırnaqlarını çırpıb onu hər tərəfə sıçradırdılar. Qarşılarına qoyulan yemləri isə yerə dağıdırdılar. Kimsə bunun səbəbini anlamırdı. Bircə Aleksandr Krujkin təmkinlə, böyük maraqla gördüyü mənzərəni seyr edir, qoyunların qəribə davranışına baxaraq beynində nəyisə ölçüb-biçirdi. Aydındır ki, o, institut laboratoriyasının yeni sakinləri ilə bağlı bəzi planlar haqqında düşünürdü. Axırda qeyri-ixtiyari şəkildə dedi:
– Deməli belə! Bu qoyunların ətini yoxlamaq üçün, yəqin ki, onlardan birini kəsmək lazım gələcək…
Bu sözləri eşidən qoyunların arasında elə dəhşətli çaxnaşma düşdü ki, institut əməkdaşlarının bircə yolu qaldı: onları ayaqlarından zəncirləməyə məcbur oldular.
Aleksandr Krujkinin marağı get-gedə heyrətlə əvəz olunurdu. O, ilk dəfə idi ki, qoyunların belə qəribə, qeyri-adi qaraqışqırığını görürdü. Birdən Krujkin nəyisə xatırlayıbmış kimi bağırdı! Seryojanın atası naməlum cinsdən olan bu əla qoyunlar barədə haradan oxuduğunu yada saldı. Bəli, bu cür qoyunlar təxminən üç min il əvvəl yaşamışdılar. Üç min il əvvəl! Bu o vaxt idi ki, bizim qoca Xəttabıç hələ Süleyman ibn Davudla qarşılaşmamışdı.
Krujkin “Proqressiv qoyunçuluq” adlı jurnalda uğurlu tapıntısı ilə bağlı böyük məqalə yazmaq qərarına gəldi və gecə gec saatlarda institutun binasını tərk etdi. O, xoş fikirlərə dalmış vəziyyətdə mənzilinin qapısını döydü. Qapını alimin həyat yoldaşı Tatyana açdı.
– Tanya, bilirsən, nə baş verib?
Krujkin sözlərini bitirdiyi anda həyat yoldaşının ağlamaqdan qızarmış gözlərini gördü və təəccüblə nə baş verdiyini soruşdu.
– Şura, – Tatyana ərinə belə müraciət edirdi, – Seryojenka… bizim Seryoja…
Krujkinin bət-bənizi ağardı.
– Seryojaya nə olub?
Tatyananın dediklərindən belə məlum oldu ki, onların oğlu səhər məktəbə gedib, lakin hələ də evə qayıtmayıb…
7
– Əla işdi, hə? – deyə qoca Xəttabıç özündənrazı halda Volkadan soruşdu və məmnuniyyətlə bərbərxanadan qaçan qoyunlara baxdı. – Düzü, mən onları daha ağır cəzalandırmaq, məsələn, göydən ildırımla vurmaq istəyirdim. Lakin bu heç də yaxşı iş deyil. Üstəlik, belə bir şeyi hər kəs edə bilər. Mən isə qeyri-adiliyi sevirəm.
Qoca açıq-aydın iltifat istəyirdi. Lakin gördüklərindən əti ürpəşən Volka, buna baxmayaraq, özündə cəsarət tapıb ayağa qalxdı.
– İldırım çaxması heç kəsi vura bilməz. İnsanları atmosferdəki elektrik cərəyanının boşalması vurur. Bunu istənilən məktəbli bilir.
– Dəxli yoxdur! – deyə qoca mısmırığını sallayaraq oğlanla mübahisə etməmək üçün dərinə getmək istəmədi. Lakin dərhal da anladı ki, heç də düzgün səs tonu ilə danışmır, ona görə də qırışmış simasında təbəssüm yarandı. – Bu insanların necə qoyuna çevrildiyini gülmədən xatırlaya bilmirəm, ey gənclərin ən müdriki! Həqiqətən də, əcəb gülməli idi, elə deyilmi?
Di gəl, Volka baş verənlərdə gülməli heç nə görmürdü. Hətta bütün bunlar onu dəhşətə gətirmişdi. Axı qoyunlar ət üçün kəsilə bilərdi. Bir sözlə, qoca Xəttabıç yenə də açıq-aşkar şəkildə həddini aşmışdı. Düzdür, bərbəri və bərbərxanadakı digərlərini, ən pis halda, xalq qarşısında qoyun kimi danlamaq mümkün idi. Lakin onları qoyuna çevirmək… Bu artıq ağ oldu! Üstəlik, axı bərbər hələ Volkanın üzünü tamam təraş eləməmişdi.
Oğlan kədərlə boş bərbərxanaya baxırdı.
– Bilirsənmi, ey gözümün bəbəyi, – Xəttabıç isə lovğalanmaqda davam edirdi, – çoxdandır ki, mən belə həzz almamışdım! Axırıncı dəfə Bağdadda rüşvətxor bir hakimi məhlula çevirib sonra da onu tanış bir əczaçıya vermişdim. Həmin əczaçı da gün çıxandan gün batana kimi həmin məhluldan ən acı, lakin ən lazımlı dərmanlar hazırlamışdı. Əladır, hə?
– Çox gözəl, Həsən Əbdürrəhman ibn Xəttab! Lap möhtəşəmdir! – Volka bu dəfə tam səmimi idi.
– Bilirdim ki, bəyənəcəksən, – qoca müştəbehliyindən qalmadı, sonra da əlavə etdi: – Yaxşı, indi gedək. Bu iyrənc bərbərxananı artıq görmək istəmirəm!
Bundan sonra o, Volkanın qolundan tutub çölə çıxarmaq istədi.
– Bəs boş qalmış bərbərxananın kassasındakı pullar? Bəs oradakı ülgüclər, digər alətlər? – deyə qəhrəmanımız qışqırdı. – Axı içəridə kimsənin olmadığını görüb onları oğurlaya bilərlər!
– Oğurlasınlar, –