Əsir qadın. Meyxoş Abdullah
Чтение книги онлайн.
Читать онлайн книгу Əsir qadın - Meyxoş Abdullah страница 3
– Qorxma, bu tərəflər sakitlikdir. – deyirdi. – Şəhərin girişindəki körpünü keçsək, daha bizə zaval yoxdur. Bircə ora çatsaydıq, – deyə o, tövşüyə-tövşüyə irəliləyirdi. Oğlumuz bu qaçdı-qovduda sərsəm olmuşdu. Uşaq elə hey qışqırırdı. Onu sakitləşdirmək mümkün olmurdu. Uşağı ərimin qucağından alıb, sinəmə sıxdım. O, bir azca kiridi. Elə bu vaxt camaatın axışdığı şosse yolunun kənarından bərk qışqırıq eşidilməyə başladı. Deyəsən, ora qaçışan insanlar düşmən mühasirəsinə düşmüşdülər. Topların, mərmilərin səsini indi avtomat silahlardan atılan güllələrin səsi əvəz edirdi. Bir yandan da, qadınların, uşaqların səsi aləmi başına götürmüşdü. Biz körpüyə yaxınlaşırdıq. Birdən ərim dayanaraq yerə çökdü və işarə etdi ki, mən də oturum. Uşağı bağrıma basıb dizə çökdüm. Ərimin arxasında olduğum üçün qabaqda nələrin baş verdiyindən xəbərsizdim. O dönüb pıçıltıyla qulağıma dedi:
– Görürsən, körpünün girəcəyində düşmən hərbi maşını dayanıb. Ehtiyatlı ol, uşaq ağlamasın. Özünü də tox tut, qorxma, hər şey yaxşı olacaq. – Sonra məni ürəkləndirmək üçün bir az bərkdən: – Analarını ağlar qoyacam onların! – dedi.
Ərim zabit idi. On il rus ordusunda kapitan rütbəsində xidmət etmişdi. Döyüşlər başlayandan sonra, vətənə dönüb könüllülərdən ibarət partizan dəstəsi yaratmışdı. Bir neçə ay bundan qabaq ona mayor rütbəsi verilmişdi. O, yaxşı atıcı idi, bütün silah növlərindən başı çıxırdı. Düşmənlər onun başına çoxlu pul ayırmışdılar.
Ərim həyacanlıydı, bu yəqin ki, oğlumla mənə görəydi. Uşaq kirimişcə yatırdı. Narahat olub ayılmaması üçün qucağımda onu bir az da rahatladım. Əslində, oğlum çox sakit uşaq idi. Qarnını doyuzdurandan sonra günlərlə yatardı. Bir də ki, üç aylıq uşaqdı da, onun yatmaqdan başqa nə işi ola bilərdi.
Göy üzü tər-təmiz olduğuna görə, körpüdəki hərbi maşın və maşının qarşısında dayanmış əli silahlı iki əsgər aydınca görünürdülər. Ərimin qulağına hərbi maşının qarşısında gördüyüm əsgərləri deyəndə, o, barmağını dodaqlarının üstünə qoyub, mənə susmaq işarəsi verdi. Mən başımı onun kürəyinə dayayaraq, bu qorxulu anın ötüb keçməsini gözləyirdim. Ərim sakit və təmkinli görünməyə çalışırdı. Onun əsl hərbiçi olduğunu indi anlayırdım. Bir azdan o, başını mənə tərəf əyib yavaşca:
– Onlar üç nəfərdir, görürsən? – Biri də maşının içindəymiş.
Mən hərbi maşına tərəf boylandım. Maşının üstündə qoyulmuş pulamyotun arxasında dayanmış hərbiçi, bir azdan sağa, sola yaylım atəşi açmağa başladı. Aramızdakı yüz, yüz əlli metr məsafədən şaqqıldayan pulamyotun səsi, bizim hər üçümüzü diksindirdi. Oğlumuz da qorxaraq yuxudan ayıldı və ayılan kimi də ağlamağa başladı. Mən uşağı sinəmə sıxıb, onu əmizdirməyə başladım. O tezcə də kiridi. Bu vaxt ərim məni silkələyərək, sanki yuxudan ayıldırmış kimi pıçıldadı:
– Körpüyə yaxınlaşmaq lazımdır, yavaş-yavaş arxamca gəl!
O bunu deyib əyilə-əyilə kol-kosun arasıyla aşağı tərəfə endi. Mən də addımbaaddım onun arxasıncı yeriyirdim. Qorxudan uşağı sinəmdən ayırmamışdım. Körpə də, dünyadan xəbərsiz halda qarnını doyurmaqda davam edirdi. Körpüyə yaxınlaşmışdıq, onlarla bizim aramızda otuz-qırx metr məsafə ola, olmayaydı. Ərim avtomat silahını çiynindən aşırıb, düşmən əsgərlərinə tərəf tuşladı. Mən onun nə edəcəyini anlamadığımdan, əlimlə ehmalca çiyninə toxundum. O, başını mənə tərəf çevirib, güclə eşidiləcək səslə:
– Uşağın qulaqlarını möhkəmcə qapa! – dedi.
Ondan nə isə soruşmağın və ya göstəriş verməyin mənasız olduğunu anlayaraq, dediklərinə sözsüz əməl etməliydim. Odur ki, başımdakı yaylığı açıb, əlimdə dürgələdim və möhkəmcə uşağın sifətinə basdım. Özüm də gözlərimi yumaraq, başımı ərimin kürəyinə söykədim. Gözləyirdim ki, elə bu dəqiqə atəş açılacaqdır. Amma atəş açılmadı. Bir müddət beləcə səkdi-səkdidə gözlədim. Niyə görə onun atəş açmadığını anlaya bilmirdim. Eləcə, gözlərim yumulu halda bu dəqiqə atəş səslərindən diksinəcəyimi zənn edirdim. Nəhayət, atəş səsləri eşidildi. Atəş açan ərim yox, düşmənlər idi. Hərbi maşından yenə də sağa-sola güllələr vıyıldayırdı. Ərim, elə bil düşmənlərin atəş açmasını gözləyirmiş, üç dəfə sərrast atəş açdı. Bunu həm avtomatın səsindən, həm də başımın üç dəfə möhkəmcə silkələnməsindən hiss etdim. Ərimin atəş açmasıyla, qarşı tərəfin susması bir an oldu. Mən hələ də gözlərimi yumaraq, əlimdəki yaylığı uşağın üzünə basmaqda davam edirdim. Elə bu vaxt ərim dönərək məni qucaqladı və:
– Gördün, Səidə, sənə demədimmi onların analarını ağladacağam? Bax üçünü də gəbərtdim.
Onun dediklərinə inanmağım gəlmirdi. Gözlərimi açıb körpüyə tərəf boylandım. Nə maşının üstə, nə də ki, qarşısında heç kəs gözümə dəymədi. Sevincimdən ağlaya-ağlaya:
– Əli, doğurdanmı onları vurdun?! – soruşdum.
– Vurdun nədi, analarını lap mələr qoydum! – deyə o, uşaqla birlikdə qucaqlayıb məni bağrına basdı. Sonra nə fikirləşdisə, tez məni özündən aralayıb soruşdu:
– Səidə, uşağın səsi gəlmir, boğulub elər e…
Sanki yuxudaymış kimi diksindim. Yadıma düşdü ki, hələ də yaylığı tifil balamın üzündən götürməmişəm. Yaylığı götürən kimi uşaq qucağımda çırpındı və bir-iki ağız bərkdən qışqırdı. Sonra səsini udub kiridi. Ay işığında uşağın gözləri tələyə düşmüş siçanın gözləri kimi parıldayırdı.
– Az qalmışdı ha, səni öldürüm, – deyə, pıçıldadım və uşağın üz-gözündən öpməyə başladım. Körpə isə balaca, toppuş əllərini düyünləyərək, gözlərini ova-ova gərnəşirdi. Yazıq uşağın yuxusunun vaxtı keçirdi.
Ərimin qərarını gözləyirdim, hər şey ondan aslı idı. Əgər o desəydi, al bu silahla özünə və körpənə atəş aç, sözsüz onun əmrinə tabe olub, özümü və körpəmi qətlə yetirməyə hazır idim. Ərim isə susurdu. Susmağıyla yanaşı hiss edirdim ki, o, sakitcə ətrafı dinləyir. Arada, uzaqdan eşidilən avtomat səsləri gecənin sakitliyini pozurdu.
Əli bir azdan ayağa qalxdı. Sonra mənim də qolumdan tutub ayağa