Əsir qadın. Meyxoş Abdullah
Чтение книги онлайн.
Читать онлайн книгу Əsir qadın - Meyxoş Abdullah страница 4
– Bir az da özünü toxtaq tut, çatırıq, sonra döyunca yatıb dincələrik. Hara olursa olsun, bir azca oturub dincimi almaq istəyirdim. Lap suyun, palçığın içi də olsa belə. – Ərimin sözləri məni o qədər sakitləşdirirdi ki… Onun sözlərindən sonra qıçlarıma, elə bil qüvvət gəlirdi. Amma bir-iki addım atandan sonra yenə də yorulub əldən düşürdüm. Qarşıda uzanıb gedən üzüm bağları görünürdü. Sıralanan beton dirəklər, səf-səf düzülmüş əsgərlərə bənzəyirdi. Bir az aralıda balaca bir koma gözə dəyirdi. Yəqin ki, bu bağ gözətçinin koması idi. Ehtiyatla komaya yaxınlaşıb, içəri girdik. Komanın içi isti idi. Soyuq eşikdən içəri girən kimi beynimi yuxu elə çulğaladı ki, bir an da olsun ayaq üstə dayana bilməyib, quru küləşin üstünə çökdüm. Uzanan kimi yuxu məni apardı. Elə bil qulağımın dibindən daşla vurmuşdular, nə qədər yatdığımı bilmədim. Sanki min ilin yorğunluğunu canımdan çıxarırdım. Əgər körpəm ağlayıb, məni yuxudan oyatmasaydı, yəqin ki, hələ bu tezlikə oyanmayacaqdım. Gözlərimi açıb bir qədər duruxub qaldım. Harada olduğumu, əvvəlcə anlaya bilmədim, dəli adamlar kimi yan-yörəmə boylanırdım. Komanın bir küncündə, silahını sinəsinə basaraq yuxulamış ərimi, bir də böyürümdə ağlayan körpəni görəndə, olub-keçənləri xatırladım. Yuxudan ayılasan və birdən-birə düşdüyün bədbəxtliklə üz-üzə qalasan, adama gör necə gələr? Bir anın içində başıma gələnləri xatırladım. Olub-keçənlər o qədər dəhşətli, o qədər ağır idi ki, bunları xatırlayanda dünya adamın başına daralırdı. Bircə şeyə sevinirdim, sevinirdim ki, nə yaxşı ərim, oğlum sağ və salamatdırlar. Mənə təsəlli verən yalnız bir yerdə olmağımız idi.
Hava bir qədər işıqlaşmışdı, yan-yörəni seçmək olurdu. Oğlumu qucağıma götürüb sinəmə basdım. O, ağlamaqda davam edirdi. Bilirdim ki, uşağın yeri yaşdır, bələyini açdım. Gecədən bəri bir dəfə də olsun yeri dəyişdirilməyən oğlum, su içərisindəydi. Əski-üskünün kəsif qoxusu burnumu qıcıqlandırdı. Belə gecələrdə onun yerini, bəlkə üç-dörd dəfə dəyişdirərdim. Evdən çıxarkən uşağın pal-paltarını sahmanlayıb, götürmüşdüm. Onun yerini rahatladım, sonra sinəmə basıb yedizdirməyə başladım. Oğlum yaman acmışdı, ac qurd kimi canıma elə daraşmışdı ki… Bir azdan o, yenidən yuxuya getdi. Uşağı yanıma, küləşin üstünə qoyub üstünü örtdüm. Özüm də, deyəsən soyuqlamışdım, bədənim sızıldayırdı. Üstümə atıb, bürünməyə bir şey yox idi. Əllərimi qoynuma qoyub, öz-özümə sığındım və bundan sonrakı taleyimiz barədə düşünməyə başladım.
Nə edəcəyik, hara gedəcəyik?.. Başımıza bundan sonra nələr gələcək?.. Cavabsız suallar beynimi elə dumanlandırmışdı ki, ağlıma heç nə sığışmırdı. Hər şeyə heyfslənirdim. İtirdiklərimin hamısı mənə ağır gəlirdi. Evimdə qoyub gəldiyim kibrit çöpü də, bu anda mənim ürəyimi ağrıdırdı… Qoyub gəldiyim hər şey üçün burnuun ucu göynəyirdi. İnsan əlindəkilərinin qədrini çox heyif ki, onları itirdikdən sonra anlayırmış. Onda da, nə faydası… Bəlkə də, bu şeylər barədə çox fikirləşəcəkdim. Elə bu vaxt yolun altındakı dərədə beş-altı nəfər əsgər göründü. Mən onları lap aydınca görürdüm. Amma bizim və ya düşmən əsgərləri olduqlarını ayırd etməkdə çətinlik çəkirdim. Ərimi oyatdım və əsgərləri ona göstərib:
– Əli, ora bax, orda əsgərlər var! – dedim.
O yerindən dik atıldı. Gözlərini ovub, diqqətlə bizdən xeyli uzaqda olan əlisilahlı əsgərlərə baxdı. Onların səslərini eşitsək də, nə dildə danışdıqlarını ayırd etməkdə çətinlik çəkirdik. Əli onlara bir xeyli göz qoyduqdan sonra yavaşca:
– Ehtiyatlı ol, düşmənlərdir! – dedi. Sonra mənə ürək-dirək vermək üçün əlavə etdi: – Özünü tox tut, qorxub eləmə.
Bəlkə də, qorxu deyilən o müdhiş varlıq canımda yox idi. Ərimin bu sözlərindən sonra, doğurdan da, qorxmağa başladım. Necə də qorxmayaydım, məgər bizi isti ocağımızdan çöllərə salan, elə bu qorxu hissi deyildimi? Əgər qorxu hissi canımızda dolaşmasaydı, elə ev-eşiyimizdə qaxılıb qalardıq da… Amma necə olsa, ərim yanımdaydı, döyüşçüydü, əlisilahlıydı. Canımdakı qorxunu özümdən uzaqlaşdırmaq üçün ona arxayın olmalıydım. Əlinin sir-sifətində isə zərrə qədər də olsun qorxu hissi görünmürdü. Yəni doğurdanmı, doyüşçülərin hamısı belə olur? – düşündüm. Nə olursa olsun, bu qan-qadanın xatasız sovuşub, keçməsini arzulayırdım. Bilirdim ki, bu dəqiqələrdə Əli lap cəngavər olsa da belə, mən və körpəmiz onun əl-ayağına sarmaşıq kimi sarınmışıq. Bəlkə o tək olsaydı çoxdan öz qərarını verərdi.
Əli bir an da olsun gözlərini düşmənlərdən ayırmadan, onların hər bir hərəkətini izləyirdi. Elə bu vaxt xəyalımıza gəlməyən bir hadisə baş verdi. Əsgərlərdən biri çiynindəki silahını aşırıb yanındakı yoldaşlarının birinə verdi və yolun üstünə adlayıb, komaya tərəf qaçmağa başladı. Həmin anda hiss etdik ki, əsgəri komaya tərəf qaçmağa vadar edən, onun komadan ayaqyolu kimi istifadə etmək istəyidir. Çünki o, qaça-qaça belindəki qayışını açırdı.
– Əclafın bu işi hardan çıxdı? – deyə, Əli mızıldandı.
Əsgər isə biz tərəfə qaçmaqda davam edirdi. Onunla bizim aramızda yüz metrdən də az bir məsafə qalmışdı. Ərim ehmalca əlini çiynimə qoyub dedi:
– Səidə, uşağı da götür keç mənim arxama. Qoy, o əclaf girsin komaya, onun əcəli elə burda çatıbdır.
O elə arxayın danışırdı ki, elə bil komaya tərəf gələn düşmən əsgəri yox, itdən-pişikdən bir şey idi. – Nə olsun əlində silahı yoxdur, bəs o yolda dayanan əsgərləri Əli görmürdümü? – deyə fikirləşdim. Hər halda ağlım bir şey kəsmirdi. Ancaq onu bilirdim ki, Əli düşmən əsgərini komada diri də tutsa, onu öldürsə də, bu hadisə bizimçün yaxşı qurtarmayacaqdır. Bilmirəm, nədənsə ürəyimə belə danmışdı.
Düşmən əsgəri bizim on addımlığımızdaydı. Komanın taxta qapısının təpiklə vurulub açılmasıyla, ərimin əsgərin alnına avtomatın qundağıyla güclü zərbə endirməsi bir anda oldu. Bu elə tez və gözlənilməz baş verdi ki, mən özümə gəlməyə macal tapmamış, əsgərin yerdə çabaladığını gördüm. O, elə bircə dəfə “O-yyy!..” – deyib, ərimin ayaqları altına yıxıldı. Əsgər başı kəsilmiş toyuq kimi yerdə çabalayırdı. Alnından axan qan sir-sifətini görünməz