Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə Əzizə

Чтение книги онлайн.

Читать онлайн книгу Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə страница 7

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə Xatirə ədəbiyyatı

Скачать книгу

bu elə axırıncı görüşüm idi onunla.

      1999-2001

      MÜƏLLİMLƏRİ

      Mənim birinci şeyxim – Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadə9

      Əslində, birinci müəllimim anam olub. Ərəb əlifbası hərflərini, türkcə çap kitablarını, xüsusilə, olduqca asan oxunan “Molla Nəsrəddin” jurnalının evimizdə olan bağlılarını oxumağı mənə o öyrədib. Evdə dərs verərdi, bir neçə şagirdi vardı. Mən də o cümlədən. Amma bu, hələ olduqca az idi. Onun fikrincə, ərəb dilini, Quranı oxumağı öyrənməli, əsl müəllimdən dərs almalıydım. 1945-1946-cı dərs ilində Maarif Nazirliyi tərəfindən rayonda işlədiyim Çaparlı kənd məktəbinin direktoru vəzifəsindən azad olub, ali təhsil almaq üçün Bakıdakı evimizə qayıtmış, uğurla imtahanları verib, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdum. Lakin mənə cəmi bir-iki ay oxumaq, parta arxasında oturmaq nəsib oldu. Səbəbini bir az aşağıda izah edəcəyəm. Elə bu zaman anam məni məhəlləmizdəki Şəkili Axund adı ilə tanınmış Aşağı Dağlıq küçəsində bizim evə yaxın mövqedə yaşayan Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadənin evində (əlbəttə, gizli şəkildə) oxumağa – dərs almağa qoydu. Nurani simalı gözəl insandı. Aşağı Dağlıq küçəsilə Bir may küçəsinin kəsişdiyi tində olan ərzaq mağazası yanında çox vaxt onu məhəllə ağsaqqallarının əhatəsində görərdim. Tanıyırdım. Qışda əynində Xorasan kürkü, yayda əba olardı. Sonralar öyrəndim ki, ərəb dili və Quran dərs müəllimim 1870-ci ildə Şəkinin gəncəlilər məhəlləsində dünyaya gəlib. İyirmi il İraqın Nəcəfin-əşrəf və Kərbəla şəhərlərində təhsil alıb, axund Şeyx Fərəcullah adıyla xalq arasında geniş şöhrət qazanıb. Tehrandaykən Həsən xanın qızı, beş qardaşın bircə bacısı Rübabə xanımla evlənib. Hələ Nəcəfdəykən şərq təbabətiylə maraqlanıb, həkimlik də öyrənməyə başlayıb. Bunu biləndə təqaüdünü kəsiblər: “Bizə molla lazımdır” – deyiblər. Əvvəlcə Şəkidə fəaliyyət göstərib, 1930-cu ildə Bakıya köçüb. Kitabxanasında İbn Sinanın əsərləri və onlarla tibbə, nücuma10, fiqhə11 aid kitablar varmış, 1952-ci ildə Şeyx cənabları vəfat etdikdən sonra oğlu həkim Müctəba onları məscidə verib. Qızları Siddiqə orta məktəbdə biologiyadan dərs deyib. O biri qızı Məqbudə xanım həkimdir. Şəkidə qızını hələ o zamanlar Qız Gimnaziyasına aparıb qoyanlardan biri, bəlkə də, birincisi şeyx özü olub. Beş balasının hamısını ali təhsilli, savadlı, millətinə xeyir verən nəcib insanlar kimi böyüdüb. Bu gün nəvəsi Nemət Məmmədəli oğlu BDU-da fizikadan dərs deyən dosentdir. Oğlanlarından beşi də II Dünya müharibəsində iştirak edib. Cavad adlı oğlu isə Mozdokda tankın içində həlak olub. Şəkidə qızlar üçün məktəb açıb. Öz qızlarını də həmin məktəbə oxumağa qoyduğundan qaragüruhun məzəmmətlərinə məruz qalıb. Elə tərəqqipərvər fəaliyyətinə görə də, bəlkə, o vaxtı “allahsızlar” ona toxunmayıblar.

      Ərəb dili və Qurani-Kərim müəllimim, sən demə, ədəbiyyatımızı, təkcə öz ədəbiyyatımızı öyrənməklə qalmayıb. Onun rus ədəbiyyatına bələdiyyəti və Lev Tolstoyla yazışması məlumdur. O, Lev Tolstoyun iki məktubuna cavab yazıb. Bu, o zaman idi ki, Lev Tolstoy “Hacı Murad” əsəri üzərində çalışır və İslam dini qanunlarıyla maraqlanırdı. Tolstoy, Şeyx Fərəcullahdan İslam dininə aid xeyli şey öyrənib və bu dinə müsbət münasibətində Şeyximin böyük rolu olub. Həmin məktublar Tbilisinin Tarix muzeyindədir. Əliaçıqlığımız, qonaqpərvərliyimizlə bağlı Qərbin məşhur şəhərlərinə aparılan, səpələnən qədim əlyazmalarımız kimi bu məktubların da taleyi beləcə olub, hələ lazımınca əldə edilib tədqiq olunmayıb.

      Amma Şeyximin o zamanın ən məşhur şəxsiyyətlərindən olan “Molla Nəsrəddin” məcmuəsinin baş redaktoru Cəlil Məmmədquluzadə ilə yazışması geniş oxucu kütləsinə Mirzə Cəlilin 1985-ci ildə çap olunmuş “Seçilmiş əsərləri”nin 6-cı cildindən məlumdur. Bu məktublardan aydın olur ki, Şeyx Fərəcullah cənablarıyla Mirzə Cəlil arasında dərin, səmimi dostluq, get-gəl olub. Bir-birinin ailə, oğul-uşaq qayğılarından xəbərdar olublar. Hətta Mirzə Cəlil ailəsi ilə birlikdə Şəkidə Şeyxin evində qonaq da olub. Görünür, ədib Bayram Bayramov “Karvan yolu” romanındakı bir bütöv fəsli həmin hadisələrə həsr edərkən məhz dediyimiz məktublardan istifadə edib. 21 noyabr 1922-ci ildə Mirzə Cəlilin Şeyxə yazdığı məktubdan aydın olur ki, axund dostuyçün meyvə göndəribmiş. Mirzə Cəlil zarafat duyulan ailəvi hal-əhvaldan sonra onu “Fəzilətli Fərəcullah Pişnamazzadəyə” müraciətilə başladığı məktubda yazır: “… Nuxu (Nuxa, Şəki) dünyasını mən həmişə sizdən ibarət bilmişəm və bilirəm. Sizi mən böyük bir yadigar hesab edirəm və hər bir şey öz qaydasınca – əgər qız tərbiyəsi bizim gələcəyimiz üçün əsaslı bir məsələdir, bu məsələ dairəsində Sizin məqamınız birinci, yəni ən yuxarı mərtəbədə tutulmalıdır. İndi bilmirəm, nə vəziyyətdəsiniz, nə məşğələdəsiniz! Bəlkə, Siz də mənim kimi bir qədər yorğunsunuz və bəlkə, mənim kimi Siz də az-maz məyussunuz? Ancaq Nuxu ətrafında gurultulu qız tərbiyəsi söhbətinin birinci dəfə kimlərdən qulaqlara gəlib çatması heç yaddan çıxılası deyil. Uşaqlara atalıq salamı, sizə qardaşlıq xeyir-duam. Sağlıqla yaşayın, qardaşım. Cəlil”.

      Məktubdan Şeyxin açdığı qız məktəbi ətrafındakı hay-küy, təqiblərdən başqa əgər cümlələrin altını oxusaq, görərik ki, Mirzə Cəlil və eləcə də Şeyx cənabları ictimai quruluşdan nələr çəkib, necə “yorğun”durlar, nədən “məyus”durlar. O illərdə cərəyan edən ictimai hadisələri yada salsaq, dövrün hər iki şəxsiyyətinin nə kimi təqiblərə məruz qaldıqları anlaşılacaq.

      İkinci məktub 12 aprel 1923-cü ildə Şəkiyə göndərilib. Ömrü uzunu mollaları, xurafat əsiri rövzəxanları, ümumiyyətlə, yalançı din xadimlərini qamçılayan, “Molla Nəsrəddin”in hər sayında dövrün tanınmış irticaçı mollalarını tənqid atəşinə tutan Cəlil Məmmədquluzadə Şeyximə belə müraciət edir:

      “Misli-bərabəri az olan fazili-həqiqi axund Fərəculla Pişnamazzadə həzrətlərinə” (Görün mənim müəllimim – şeyxim necə bir şəxsiyyət olub). Məktubdan aydın olur ki, Şeyx Fərəcullah cənabları Mirzə Cəlilin yaradıcılığına, “Molla Nəsrəddin” nəşrinə yüksək qiymət verirmiş.

      Mirzə Cəlil yazır:

      “Hər iki məktubunuz yetişdi. Nəhayət şad oldum. Məni bu dərəcədə qiymətləndirməyiniz barmaqlarıma artıq bir qüvvət verir. Çünki bu kifayətdir ki, Siztək nadirül-vücudlar cızma-qaralarımızı təqdir edirsiniz”. Cəlil Məmmədquluzadə Şeyx Fərəcullahın qız məktəbləri və öz qızlarını oxutması kimi o zamanlar çox çətin, ağır təqiblərə məruz qalan fəaliyyətinə, həm də onun ədəbi əsərlərə, yazıçının ədəbi-ictimai fəaliyyətinə verdiyi diqqəti yüksək qiymətləndirirdi. Bir də Mirzə Cəlilin “nadir şəxsiyyət”, “fəzilət sahibi” və s. kimi ifadələri əbəs deyildi, adi nəzakət qanunları deyildi. Şeyxim zəmanəsinin bir sıra qaragüruhçu

Скачать книгу