Muhammed. Son peyğəmbər. Лев Нусенбаум
Чтение книги онлайн.
Читать онлайн книгу Muhammed. Son peyğəmbər - Лев Нусенбаум страница 4
Qan davasına səbəb heç də həmişə qətl olmur. Oğurluq, hətta təhqir də, yəni istənilən maddi, yaxud mənəvi zərər qan davasını çəkib gətirə bilər. O, qədim adətlərlə aparılır və əsasən tayfaların döyüş yürüşlərindən, qarşılıqlı davasından və qılınclaşmasından ibarət olur. Bu savaşlar keçmiş tarazlıq bərpa olunana, yəni sonsuzluğa qədər rəsmən davam edir. Qan düşmənçiliyinə gətirib çıxaran səbəblərsə onların nəticələri ilə müqayisədə heyrətamiz dərəcədə mənasızdır.
Məsələn, aşağıdakı səbəb iki qüdrətli tayfa arasında gedən onillərlə müharibəyə qığılcım oldu. Qulaib adlı möhtərəm bir şeyx günlərin birində tayfasının yerləşdiyi otlaqda gəzirdi. Birdən gözünə təzəcə yumurtalamış və həmin yumurtaları qorxa-qorxa qoruyan bir torağay sataşdı. Qulaib ürəyiyumşaq adam idi və dedi:
– Qorxma, torağay, mən, şeyx Qulaib söz verirəm ki, sənə heç nə olmayacaq.
Bunu deyib yoluna düzəldi. Aradan bir saat keçmiş qonşu tayfanın adlı-sanlı şeyxi Caisas dəvə üstündə həmin yerdən keçirdi. O, torağayı görmədi və dəvəsi yumurtaları ayaqladı. Bir gün sonra Qulaib səhradan keçəndə əzilmiş yumurtalar birdən gözünə sataşdı. Hirsindən bütün düşərgələri dolaşıb gördü ki, Caisasın dəvəsinin ayaqları yumurta sarısına bulaşıb. Bu bədəməlin kimliyini indi bildi. Caisası aradı və iş elə gətirdi ki, o, Qulaibə məhz arxasını çevirdi. Caisasın qənşərinə keçməyi Qulaib şəninə sığışdırmadı. Hər yetənə üz çevirməyi də Caisas şəninə sığışdırmadı.
– Çevril, yoxsa öldürərəm səni, Qulaib bağırdı.
– Yaxın gəl! – Caisas qışqırdı.
Qarşılıqlı təşəxxüsün nəticəsi hər iki şeyxin ölümü oldu ki, bundan sonra, necə deyərlər, onilliklərin düşmənçiliyi başladı.
Demək olar, hər ərəb tayfasının qan düşməni var ki, onun da o, mütləq axırına çıxmalıdır. Demək olar, hər ərəb ömrü boyu qan düşməninin izindədir. Buna görə də bədəvinin həyatı daimi mübarizə olmalıdır, təkcə təbiətə qarşı yox, həm də insanlara qarşı. Bununla belə, səhranın özünün barış qanunları da var. Hər kəs onları qeydsiz-şərtsiz yerinə yetirməlidir. Bu qanunlar lap qədimlərdən gəlir, onların tarixini bilən yoxdur, amma hər kəs onlara Tanrı buyruğu kimi əməl edir. Zira ümumilik üçün yaradılmış bu tayfaüst qanunları pozmaq çox dəhşətli nəticələrə, səhra sürgünlüyünə səbəb olur. Belə bir pozuntudan bədəvi ürpənişlə, ikrahla danışır. Heç kim cani, yaxud onun tayfası ilə əlaqəyə girmək istəmir; onlarla ünsiyyətdən qaçır və imkanca onlardan yan ötmək istəyirlər.
Nə qanunlardır bu? Onlar səhranın unudulmuş, ümumi ulu konstitusiyasının qalıqları kimi bir şeydir. Çox şey tələb olunmur, amma hökm səhradakı həyat üçün pozulmazdır. Məsələn, ən qızğın döyüşlərdə, müharibədə, hətta qan intiqamının gözləri pərdələdiyi məqamlarda belə, düşmənin xurma ağaclarını qırmaq, yaxud onun su qaynaqlarını məhv etmək yasaqdır. Xurma və su qaynaqları, bir növ, müqəddəsdirlər. Onlar hamıya, bugün bir tayfaya, sabahsa bir başqasına xidmət edir. Onları korlayan lənətlənir. Bu işi tutan kəs insanlıqdan çıxır. Çölün vəhşisinə çevrilir ki, onu da gərək rast gələn kimi öldürəsən.
Qonaqpərvərlik də bu qanunlar sırasındadır. Əgər qan düşməni köçərinin böyük oğlunu öldürüb uşağın kəsilmiş başı ilə onun atasının çadırına gələrsə, ata hətta onda da qonağa öncə qoyun əti və qoyun südü təklif etməli, itaətlə onun qulluğunda durmalı və gəlişi ilə ailəni şərəfləndirdiyinə görə qonağına ürəkdən təşəkkür etməlidir. Səhra qanununun hökmü belədir.
Bədəvinin yaşayışını dözümlü etmək üçün təkcə bu qanunlar hər halda yetərli olmazdı. Çapqınçılıq və maldarlıq köçərinin bütün ehtiyaclarını ödəmir. O, hərdənbir bütün tayfaların toplaşdığı illik bazara, uzaq-uzaq səfərlərə çıxmalıdır ki, dərisini, dəvəsini və qoyunlarını ordakı tacirlərin silahına, parçasına və digər ehtiyaclara dəyişdirsin. Bəs qan düşmənçiliyində boğulan bu qədər tayfa necə bir araya gələ bilir? Burda da səhra qanunu köməyə yetir. İlin dörd ayını ərəblər müqəddəs aylar elan ediblər. Həmin dörd ayın içində heç bir müharibə aparıla bilməz, qan düşmənlərinin də bir-birinə hücum çəkməyə ixtiyarı yoxdur. Həmin aylar səhrada dinclik hökm sürür. Xalq qorxusuz-hürküsüz illik bazara yollanır. Oxuyub-oynayırlar, qan düşmənləri yan-yana otururlar, ilin dörd ayını barış içində keçirməyə imkan yaradan allahları mədh edirlər.
Amma bu allahlar ürəkdən həmd olunmur. Elə bir məsələ yoxdur ki, bədəvi ona dinə göstərdiyi etinasızlıqdan az etinasız olsun. Məsələn, dəvəsinin yerişi onun üçün dinin bütün problemlərindən daha önəmlidir. Altıncı əsrin bədəvi ərəbi, əslinə qalsa, ona din kimi təqdim olunan hər şeyə inanır. Ciddi şəkildə isə heç nəyə inanmır. Ulduzları görür, onları allah sayır. Qarşısındakı sonsuz, dümdüz səhranı görüb ehtiramla baş əyir, çünki səhra əzəmətlidir. Odu görür, eyni zamanda ona səcdə edir, çünki farslar da belə edirlər və onlar böyük xalqdır.
Altıncı əsrin ərəbi Avropa timsallı dinin nə olduğunu bilmirdi.
Doğrudur, səhranın əzəmətli görünüşü ona hər şeyə hakim kəsilmiş ilahiliyin yüngül bir işartısından xəbər verirdi. Elə qonşuların, xristian və yəhudilərin dini də bunu öyrədir. Bəzi tayfalar hətta iudizmə və xristianlığa keçdilər. Fəqət böyük illahlığı bədəvi çox nadir hallarda yada salırdı. Bir parça daş, yaxud kobud yonulmuş bir heykəl ona daha doğma idi ki, onları da tayfası özü ilə gəzdirirdi. Bu daş – heç bir iddia, heç bir hökm olmadan – ailə ehtiyacı üçün səcdəgahdır. Hər tayfanın öz tayfa allahı, tayfa daşı var. Daş tayfanı müşayiət edir, səhranın primitiv dini ehtiyaclarını ödəyir. Əgər o, nəyisə bacarmırsa, onda baxıcılar, ocaqlar və ovsunçular köməyə gəlir. Onda səhranın əcinnələr dünyasına üz tutulur. Səhranın sadə övladı öz dinindən çox razıdır, bu din heç bir əvəz istəmədən kömək edir.
Ərəblər tayfalara parçalanırlar. Bu tayfalar özlərini xalq, dövlət gözündə görürlər və hər hansı digər tayfaya, xalqa və dövlətə lap ilkinlikdən düşmən gözü ilə baxırlar. Hər tayfanın özünün allahı, keçmişi və adət-ənənəsi var. Birlik Ərəbistan tayfalarına yaddır, onlar üçün ümumiyyətlə ərəb