Muhammed. Son peyğəmbər. Лев Нусенбаум

Чтение книги онлайн.

Читать онлайн книгу Muhammed. Son peyğəmbər - Лев Нусенбаум страница 8

Жанр:
Серия:
Издательство:
Muhammed. Son peyğəmbər - Лев Нусенбаум

Скачать книгу

tovlayıcı sözlərinə şah qulaq asdı. Hərəmxanasının qadınlarını camaata payladı, varlıların sərvətini əllərindən aldı və kasıbları öz kasıblığında saxladı, çünki Məzdək belə öyrətmişdi. Onda İranı xilas etmək üçün kahinlər baş qaldırdılar. Əbədiyaşar ruhlu şahzadə Xosrov Ənuşirəvan hərəmxana qadınlarının paylanması zamanı şahzadənin anasına sahib çıxmış kafir Məzdəyə hücum çəkdi. Həmin çağdan padşahlardan heç biri kahinlərin sözünü qulaqardına vurmağa bir daha cəhd etmir.

      İran şahı Ktesifonda26, Fərat sahilində otururdu. Şah iqamətgahı əbədi odların müqəddəs diyarının ortasında yerləşmişdi və bu diyar onun çiynində ağır bir yük idi. Qubadın varisi Adil Xosrov böyük müharibələrə Ktesifondan başçılıq edirdi. O, Bizansın yarısını viranə qoydu, Antioxiyanı27 dağıtdı və kral Yustinianın qoşunlarını əzdi. İranla Bizans arasındakı müharibələr on illərlə ara vermək bilmirdi. Bu, iki dövlətin müharibəsi deyildi, gənc xristianlıqla böyük od allahına qədim inam arasında gedən savaş idi. Məsələn, Həbəşistanın nequs neqestisi28 Yəməni tutanda şahənşah ona o nədənlə hücum etdi ki, nequs xristian idi və şah dünyada xristian fatehin varlığına dözmək istəmirdi.

      Görünməmiş zəfər yürüşlərində, döyüş və qarətlərdə hər iki dövlət – Bizans və İran qanına qəltan olurdu. Şəhərlər kimsəsizləşir, tarlalar viranələşirdi və İkinci Böyük Xosrov, Xosrov Fateh axırda kişi çatışmazlığı üzündən qadınları da orduya götürürdü. Müharibəni aparmaq və ölkəni məskunlaşdırmaq üçün insan qüvvəsi lazım idi. Yeknəsək insansız çöllər, bir ovuc insanı olan saraylar, keçəlləşmiş torpaq zolaqları, hər iki dövlətin qoşunu döyüş qabiliyyətli kişilər tələb edirdi.

      Kişilər də gəldilər; bunlar ərəblər oldu. Ərəb tayfaları amansız səhradan baş alıb gəldilər, yiyəsiz kəndlərdə məskunlaşdılar və qoşunları tamamladılar. Hələ Muhəmməddən (s.ə.), islamın zəfər yürüşlərindən çox-çox qabaq Bizans və İran dünyası ərəb xalqını öz ərazilərinə çağırıb gətirmişdi.

      İkinci Xosrov Dəməşq və Qüdsü fəth edəndə və axırda hətta Bizansın özünü mühasirəyə alanda İran Bizans üzərində ən böyük qələbələrini qazanmışdı. Şərqi Roma səltənəti məhvə gedənə oxşayırdı. O vaxt Bizans taxt-tacında Herakl otururdu. O, taxt-tacını, paytaxtı və ölkəni tərk etdi. Bir ovuc qoşunla dağlardan keçib müqəddəs Atropaten məmləkətinə getdi. Orda kahinlərə hücum çəkib məbədləri dağıtdı. Qorxuya düşmüş kahinlər öz şahlarını geri çağırdılar. Şah onlara qulaq asdı. Bizansın darvazaları önündən geri çəkilib Qüdsü boşaltdı, geriyə dönüb İranın əbədi müqəddəs odunu xilas etdi.

      Bu, İran və Bizans hökmdarlarının – Heraklın və İkinci Xosrovun, onların qan içində üzən ölkələrinin bir-biri ilə barış bağlamalı olduqları 628-ci ildə baş verdi.

      Herakl azad olmuş Qüdsə yollandı, İkinci Xosrov da Ktesifona. Dünya yenidən barışana oxşayırdı. Herakl xristianlığın xilasını Qüdsdə bayram edəndə Xosrov Ktesifonda özünə elə bir taxt-tac qurdurdu ki, dünya indiyə qədər belə şeyin şahidi olmamışdı. Qızıldan, gümüşdən və daş-qaşdan səmanın şəklini yaratdılar ki, onun da ortasında Günəş, Ay və ulduzlar yerləşdirilmişdi. Bu səma istədiyin vaxt yağış yağdıra və şimşək çaxdıra bilirdi. Taxt-tac bu səmanın başı üstündə qurulmuşdu və bu mürəkkəb qurğu atlara qoşulmuşdu.

      Həmin səma bənzərliyi müqəddəs od kahinlərinin öz şahlarına son hədiyyələri oldu. Şahənşah yeni taxtına ilk dəfə təzəcə əyləşmişdi ki, Herakl da öz qələbəsinin təntənəsini təzə-təzə sürdürürdü ki, yalnız bir neçə insanın nəzərini çəkən və çox az qismin vaxt tapıb lağa qoyduğu bir hadisə baş verdi.

      Həm Ktesifonda, həm də Qüdsdə üz-gözündən cahillik yağan iki ərəb eyni zamanda peyda olub şahların hüzuruna aparılmalarını istədilər ki, bu da ümumi məzhəkə doğurdu. Onların istəklərinin yerinə yetirilməsi heç kəsə bəlli deyil, bəlli olan yalnız odur ki, səhradan gətirdikləri iki məktubu axırda padşahların hüzuruna çatdırmaq xoşbəxtliyinə yetişiblər.

      Hər iki məktubun məzmunu eyni idi. Odövr dünyasının hər iki hökmdarından sadə, nəzakətli cümlələrlə tələb olunurdu ki, öz dinlərindən əl çəkib naməlum ərəb allahlığını, eləcə də onların «itaət» (islam – Ç.Q.) adı ilə yenicə yaranmış kultunu qəbul etsinlər. Hər iki məktubun müəllifi, təbii ki, hökmdarlara qəti tanış deyildi. O özünü çox sadə təqdim edirdi: «Muhəmməd, Allahın Rəsulu». Öz zəfərinin məstliyində Herakl məktuba cavab verməyə belə, vaxt tapmadı. Bundan əlavə, yarıtanrısal izzətə layiq görülən Bizans kralı hansı bir ərəbləsə məktublaşmağı özünə rəva bilməzdi. Qüdsün itirilməsinin müqabilində kahinlərin hədiyyəsinin heç cür sakitləşdirə bilmədiyi İkinci Xosrovun isə məktubu alanda əhvalı pozuq idi. O, yazını cırıq-cırıq edib ayaqları altında tapdaladı və Cənubi Ərəbistandakı valisinə əmr göndərdi ki, «Allahın Rəsulunun başını bədənindən üzsün». Bu əmr yerinə yetirilə bilmədi, çünki o, Ərəbistana çatana qədər qüdrətli şahənşahın özü taxdan salındı və boynu vuruldu.

      Bu padşahlardan heç biri indiyə qədər Muhəmmədin (s.ə.) adını eşitməmişdi. On ildən sonra həmin Muhəmmədin (s.ə.) qoşunu bütün Persiyanı, Bizansın yarısını tutdu və İranın müqəddəs odunu həmişəlik söndürdü. Və nəhayət o, Allahın Rəsulunun (s.ə.) yaşıl bayrağını dalğalandırdı – peyğəmbər Məsihin məzarı başında.

      Bu qoşun, bu iman, bu Peyğəmbər (s.ə.) bir heçdən yarandı: Ərəbistan səhrasından, dilənçi və yolçuların məmləkətindən. Heçdən bir dünya qurmaq üçün onca il bəs elədi.

      Muhəmmədin (s.ə.) adını daşıyan məktub ərəb səhrasındakı balaca bir şəhərdən gəlirdi. Bəlkə hər iki hökmdar bu şəhərin adını bircə dəfə ötəri eşitmiş olaydılar. Şəhərin adı Məkkə idi. İkinci Xosrovun ordusu Ərəbistana yeriyəndə Məkkəyə bir yan yürüşünü özünə rəva bilmək üçün şəhər ona çox kiçik görünmüşdü. Onca ilin içində həmin Məkkə Cəbəlütariq sahillərindən Himalayın zirvələrinə qədər yayılan bir dünyanın mərkəzi oldu.

      KƏƏBƏNİN ŞƏHƏRİ

      Ərəblərin hamısı tacirdir.

Strabo29

      Ərəbistan səhrası ilə, Hicazın daşlı vadiləri ilə bir vaxtlar ulu ata İbrahim dolaşırdı. Dağlar, çılpaq qayalar, uçurum və yarğanlar onun yolunu kəsirdi. Hər qayanın arxasında bir şeytan yatırdı və ağlaya-ağlaya, ulaya-ulaya ulu atanı öz toruna salmağa çalışırdı. İbrahim peyğəmbər bərəkətsiz daşlı səhra ilə dönmədən irəliləyirdi və şeytanlar sırtıqlıq edəndə o, yerdən daş götürüb onlara atırdı. O çağdan minillər keçmişdir. Milyonlarla insan

Скачать книгу


<p>26</p>

Ktesifon Mesopotamiyada qədim şəhər, eranın 226-cı ilindən Sasanilərin paytaxtı. Şərq qaynaqlırında Mədain.

<p>27</p>

Antioxiya – hazırda Türkiyədə yerləşən Antakiyanın qədim dövrdəki adı.

<p>28</p>

«Nequs» və ya «nequs neqesti» Həbəşistan hökmdarının titulu. Müvafiq olaraq şah və şahənşah deməkdir.

<p>29</p>

Strabo – yunan coğrafiyaçısı və tarixçisi. E.ə. 64-63-cü illərdə anadan olub, yeni eranın 23-cü ilində vəfat edib.