Türk və dünya: munis tariximiz. Мурад Аджи
Чтение книги онлайн.
Читать онлайн книгу Türk və dünya: munis tariximiz - Мурад Аджи страница 7
Heç olmasa, nəzərə alaq ki, yeni iuda icmasının təşkilatçıları Əzra və Niheme tərəfindən yazılmış kitablarda Pars çarlarının sənədləri əks olunur və o dövrün hadisələri həmin çarların öz dilləri ilə verilir. İncili türk tanrıçılıq ayinləri əsasında düzüb-qoşublar. Vaxtilə Hindistanda Vedaların yazılışında, habelə Parsda Avestanın yazılışında həmin materialdan istifadə olunmuşdu.
Bu çarlar türk əsilli olduqlarından, danışılan sənəd və ayinlərin mənbəyi öz-özündən aydınlaşır.
Təbii ki, iudaizmin bu, haqqında danışılan topluları altaylıların mənəvi-ruhani irsinin yeni redaksiyası (redaktəsi) olmalıydı.
Bunu yəhudi ortodoksları da inkar etmirlər ki, İncil, Avesta və Veda mətnlərinin fraqmentləri bəzən eynidir. Alimlər belə «uyğunluqların» yüzlərlə olduğunu hesablamışlar.
Bu, iki deyil, beş deyil, on deyil, yüzlərlədir (təsadüfi uyğunluq nə qədər olar!? – T.H.).
Bu, müxtəlif Avrasiya xalqlarının mənəvi mədəniyyət uyğunluğudur.
Bu özü də göstərir ki, din (məhz din bütün təzahürləri ilə) eyni kökdən başlayır. Bu başlanğıc altay Təktanrıçılığıdır.
Bu fikri XIX əsrdə də, daha əvvəllər də deyiblər. Ancaq ucadan deməyiblər (təbii ki, bu pıçıltının səbəbi qısqanclıqdır həqiqəti tam dana bilməyiblər, ancaq ucadan deməyi öz Avropa tarixləri üçün rəva bilməyiblər. – T.H.).
Çar Kir yəhudiləri azad edib, Parsın hakim olduğu ərazidə Yerusəlim məbədini bərpa etməyə icazə verərkən bunu Göy Tanrısının adı ilə etmişdir (Allahın xatirinə Allaha dua üçün imkan vermişdi. – T.H.).
Bu haqda Yezdranın Birinci Kitabında məlumat verilir – Kirdən belə iqtibas gətirilir: «Pars çarı Kir belə deyir: bütün yer çarlığını mənə cənab Göy Tanrısı vermişdir; və O mənə əmr etdi ki, ona Yerusəlimdə – İudada ev tikdirim».
Buyurun, İudaya Göy Allahı haradan gəlib –Təktanrıçılığın vətəni Altaydan Şərqdən Türklərdən!…
… Yeni eranın III əsrindən Arşakilər süquta başlayanda Parf mədəniyyəti itmədi. Parf dili (Parf türkcəsi) İranın ədəbi dili oldu.
Bununla Sasanilər nəslinin yeni hökmdarlarının iradəsi ilə «Pars» İranının yenidən canlanması elan olunmuş oldu.
Və sadəcə, sadədən də sadə, Türkün olanlar İranın adına elan edilirdi (zamanında bu, normal görünmüşdür; çünki Pars da indi fars deyilən sözün və deməli, anlayışın əsasıdır İran da, əvvəldə deyildiyi kimi, türk dövlətinin müxtəlif tarixi mərhələlərdəki adlarındandır. Eləcə də parflar türklər idilər. Beləliklə, bu türkün olanlar onun adlarından birinə İranın adına çıxılanda qeyri-qanuni səslənmirdi. (Ancaq sonralar İran və Fars (<Pars) anlayışları tədricən bugünkü mənalarına –anti-türk məxrəcinə gətirilmişdir – T.H.)
Sasanilər haqlı çıxdılar: İran toponimi Parfiya toponimindən daha geniş oldu, həm də nikbin səslənirdi.
Gənc sasani xanədanı üçün böyük şans yarandı ki, keçmiş Parfiya əhalisini və qonşu xanlıqları birləşdirsin axı şəhərlərdə və orduda türklər üstünlük təşkil edirdilər.
Buna görə də bu əksəriyyət üçün doğma olan İran adını seçdilər.
Əslində bu, Orta Şərq tarixinin ən çox dolaşdırılmış, dumanlı hala salınmış məsələlərindən biridir.
Məşhur şərqşünas V.V. Bartold parf dilinin Farsıstandakı ondan öncə işlənmiş dildən (artıq burada türk köklü Pars (>fars) dili deyil, hind-Avropa mənşəli, indiki farscanın kökü olan dil nəzərdə tutulur. – T.H.) nə dərəcədə fərqləndiyini belə səciyyələndirir: «Sasani dövrünün ədəbi dili parflardan götürülmüşdü, buna görə də pəhləvicə adlanırdı. Pahlava (sonrakı linqvistik forması parthava) sözünün parflara aid olmasını islamın ilk əsrlərindəki erməni müəllifləri də bilirdilər; ərəblərə ancaq bu məlum idi ki, pahlau İranın cənub yox, şimal dairələrinə aiddir (bu fakt bu gün İranda türklərin ən çox şimal bölgələrində ostanlıqlarında məskunlaşmış olmasına tam uyğun gəlir. T.H.). Pəhləvi dili müasir farsidən az fərqlənirdi. Müasir fars xüsusi çətinlik çəkmədən 1500 il bundan əvvəl (indi 1600 il – T.H.) yaşamış əcdadlarının dilini başa düşə bilər; ancaq Sasanilərin ilk əsrlərindəki fars ondan 600 il əvvəl yaşamış əhəməni dövrünün dilini (mixi yazı nəzərdə tutulur M.A.) daha artıq çətinliklə anlayırdılar»6.
MOSKALÇI TARİXLƏR7
Yox, Rusiya haqqında söhbəti coğrafiyasından, xalqından, az qala qurunun (Yerin) səkkizdə birini tutan torpağından, Qərbdə və Şərqdə yerləşən bir ölkədən, çoxlu Avropa və Asiya dillərində danışan (və ya danışmayan) ölkədən başlamayacağıq. Bunlar XIX əsrdə də, ondan qabaq da məlum idi.
Görünür, xalqların çoxluğu, torpağın genişliyi, uydurmaların bolluğu Şərqi Avropada bugünkü rusiyalıların müəyyən olunmasında bəzi mənasız söhbətlərə gətirmişdir. Ruslar – kimdir onlar? Rusiya – haradır bura?
Gülünc vəziyyətdir: Sibirdə irqi açıqca seçilən minlərlə monqoloidlər yaşayırlar; bunların sifətində slavyanlığın heç izi də, kölgəsi də yoxdur. Ancaq özlərinə rus deyirlər, yalnız rusca danışırlar və rus adları daşıyırlar. Nə vaxt və necə bu aşkar asiyalılar slavyan oldular?
Heç Rusiyanın tarixinə təəccüblənməyə dəyməz – bu, başdan-başa tapmacadır. Belə ki, ilk siyahıya almaya görə, 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan siliblər, rusların və ya başqa xalqların üstünə yazıblar; o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyyətinə onun əmlakına baxılan kimi baxıblar.
Sovet rejimində adını itirən birinci xalq kazaklardır. Bu qıpçaq nəsli olan əhalini kazaklıqdan çıxarıb rus yazdılar, onlar sovet dövrünün «ilk yeni rusları oldular».
Rusiyada, axı hara Rusdur (orta əsrlərdə Rusiyaya Rus deyilirdi – T.H.) və hara rus deyil? Sərhədi kim cızmalıdır?
«RUS» NƏ DEMƏKDİR?
Bu barədə artıqlaması ilə söz deyilib. Mahiyyətcə çox sadə olan
6
Bugünkü İranın Parfiya, bugünkü farscanın tarixi farsca, tarixi farscanın tarixi parfca-türkcə ilə nıünasibətlərini qavramaq baxımından V. Bartoldun bu sözləri xüsusi dəyər kəsb edir. Bartold sasanilərin ilk mərhələsində öz dövlətləri üçün ədəbi dili, əslində dövlət dilini parflardan hazır götürdüklərini söyləyir. Keçən əsrlərdəki şovinist və avrosentrist mövqedən fərqli olaraq, artıq bu gün parfların türklüyü qəbul olunur. Deməli, Sasanilər parf türkcəsini, bir sözlə türkcəni ədəbi və dövlət dili kimi işlədirmişlər. Sasanilər hind-Avropa mənşəli etnosun dövlətini qururdular. Deyildiyi kimi, ölkədə birlik, sakitlik onların quruculuğunda vacib idi. Bunun üçün də parfları-türkləri özlərindən itələməmək xatirinə parfca-türkcəni ədəbi dil kimi işlətməyi özlərinə rəva bilirlər. Görünür, mühüm bir tutacaq da o olmuşdur ki, həmin dövrdə ölkədə ikidillilik yaşanmışdır: farslar türkcəni, türklər də farscanı sərbəst bilmişlər. «İqor polku haqqında povest»in yarandığı dil mənzərəsi kimi: əsər yaranan dövrdə türk və slavyan ikidilliyi olmuşdur. Və həmin dövrdə türkcəni başqa xalqların da bilməsi Parfiya dövlətinin, həm də parfcanın Şərqdəki mövqeyi ilə bağlı imiş. Belə mənzərə çox dövlətlərin tarixi təcrübəsində olub (fransızca ilə bütün Avropanın, türkcə ilə bütün Şərqi dolanmağın mümkün olmuş olmasını xatırlayın. Bu haqda bizim «Azərbaycan ədəbi dili tarixi» [2 hissə, Bakı, 1987) kitabımıza baxın). Ümumiyyətlə, bir dilin başqa xalqın ədəbi dili olması faktları da az olmayıb və bu gün də var (tarixən Azərbaycanda ərəb, fars dilləri, Hindistanda ingilis dili və s.).
Sonrakı dövrlərdə, görünür, qarışma, çarpazlaşma prosesi getmişdir, farsların az olduqları yerlərdə farscanın türkcənin, türklərin azlıq təşkil etdiyi regionlarda parfca-türkcənin farscanın içində əriməsi baş verib.
Hesab etmək olar ki, bu ənənə islam qəbul olunarkən və ondan sonra da davam etmişdir. Bu zəmində türk şairləri farscanı farslar qədər mükəmməl bilmiş və fars dilində dünya ədəbiyyatının şedevrlərini yaratmışlar (Xətib, Qətran Təbrizilər, Nizami Gəncəvi, Xaqani və başqaları). Eləcə də fars şairləri türk sözlərindən bol-bol istifadə etmiş və anlaşılmasından heç bir nigarançılıq çəkməmişlər (Suzani, Ənvəri, Naser Xosrov, Şəmsəddin Əhmədi, Moizzi və başqaları).
Bilindiyi kimi, Firdovsi «Şahnamə»ni ancaq fars sözləri ilə yazmağa çalışmışdır. Yəqin bu cəhdilə Firdovsi bir milliyyətçi fars şairi kimi onun zamanında hələ də davam edən türk-fars ikidilliyinə son qoymaq istəmişdir T.H.
7
Ruscada fəslin adı «Москальские истории»-dir. V. Dalın lüğətində «москаль» sözü belə şərh olunur. Mосквич (moskvalı), pycский (rus). Deməli, «moskvaçılıq», «rusçuluq» məzmununu bildirir. Deməli, Rusiya ərazisindəki qədim xalqların tarixi rolu, rus mədəniyyətinin yaranmasındakı iştirakı rədd edilibmiş. V. Dalın lüğətində moskalla bağlı belə kəlamlar var: «Kто идет? Черт. Ладно, абы, не москаль» (Kim gəlir? Şeytan. Təki moskal olmasın); «C москалом дружись, а камень за пазухой держи» (Bizdəki qarşılığı: İtlə dostluq elə. çomağı əlindən qoyma); «Знает москаль дорогу, а спрашивает» (Moskal yolu bilir, yenə soruşur– kütlük bildirir). XIX əsrdə yazıya alınmış bu kəlamlar, deməli, xalqda çoxdan olub. Bu, əvvələn, rus millətinin mənşəyində müxtəlif etnosların durduğunu, ikincisi, Moskvanın dövlət siyasətinin qərəzliyindən geniş xalq kütləsinin narazı qaldığını göstərir-T.H.