Seçilmiş əsərləri. Чингиз Айтматов
Чтение книги онлайн.
Читать онлайн книгу Seçilmiş əsərləri - Чингиз Айтматов страница 6
Bu gecə kosmik raketin fəzaya uçmağının şahidi olmuş Boranlı Yedigey bilmirdi, bilə də bilməzdi ki, bu uçuş təcili və qəza uçuşu idi, bu gecə kosmonavtla birlikdə fəzaya uçan kosmik gəmi, heç bir raport verilmədən, təntənə-filan olmadan, jurnalistlərin iştirak eləmədiyi bir şəraitdə, Amerika-Sovet proqramına əsasən, il yarımdan bəri şərti olaraq “Tramplin” adlandırılmış orbitdə “Paritet” kosmik stansiyasında baş vermiş fövqəladə hadisə ilə əlaqədar idi. Yedigey bunları haradan biləydi. Yedigey bunu da bilmirdi ki, bu gecə gördüyü hadisənin onun da həyatına dəxli olacaq, özü də ona görə yox ki, sözün ən ümumi mənasında insanla bəşəriyyətin əlaqəsi qırılmazdır. Yedigey bunu da qətiyyən bilə bilməzdi ki, Sarı-Özəkdən qalxmış kosmik gəmidən bir azca sonra planetin əks tərəfindən Amerikadakı Nevada kosmodromundan eyni məqsədlə qalxan ikinci kosmik gəmi, “Tramplin” orbitində, əks dövriyyə ilə həmin “Paritet” stansiyasına yaxınlaşır.
Kosmik gəmilər təcili surətdə “Demiurq” proqramını ifadə edən Sovet-Amerika Birləşmiş İdarə Mərkəzinin dəniz bazası olan “Konvensiya” təyyarədaşıyan gəmisindən verilmiş əmrə görə göndərilmişdi.
“Konvensiya” təyyarədaşıyan gəmisi öz həmişəki yerində, Sakit okeandakı Aleut adalarından cənubda, Vladivostokla San-Fransisko şəhərləri arasındakı məsafənin ortasındakı kvadratda idi. Birləşmiş İdarə Mərkəzi – Biridamərk bu vaxt hər iki kosmik gəminin “Tramplin” orbitinə çıxmasını gərginliklə izləyirdi. Hələlik hər şey öz qaydasında idi.
“Paritet” kompleksilə birləşmək üçün lazımi manevrlər edilməli idi. Bu, mürəkkəb iş idi.
“Paritet” on iki saatdan artıq idi ki, Birləşmiş İdarə Mərkəzi “Konvensiya”dan göndərilən siqnallara cavab vermirdi. Birləşməyə gedən gəmilərin də siqnalları cavabsız qalırdı… Dəqiq müəyyən etmək lazım idi ki, “Paritet”in ekipajına nə hadisə üz vermişdir?
II
Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən də şərqə gedirdi…
Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intəhasız Sarı-Torpaq çöllərinin göbəyi hesab edilən Sarı-Özək düzənliyi uzanıb gedir…
Coğrafiyada hər şey Qrinviç meridianından ölçülən kimi, bu yerlərdə də bütün məsafələr dəmiryol ilə ölçülürdü.
Qatarlar isə şərqdən qərbə, qərbdən də şərqə gedirdi…
Naymanların dədə-baba qəbiristanlığı sayılan Ana-Beyit qəbiristanlığına Boranlıdan azı otuz kilometr yol vardı, özü də, gərək, dəmir yoluna köndələn səmt tutub kəsə yolla gedəsən, Sarı-Özək düzündə, gərək, fəhmini itirməyəsən, özünə arxayın olub, kəsə yolla getməyə ürək eləməsən, onda gərək dəmiryolun böyründəki adi yolla gedəsən. Bu yol xeyli uzundur. Çünki Qıysaqçay dərəsindəki döngədən Ana-Beyitə çatmaq üçün gərək nə boyda dövrə vurasan… Başqa yol yoxdur, sözün qısası, otuz verst o başa, otuz da bu başa. İndiki boranlılardan, Yedigeydən başqa, o yola bələd olanı yox idi. Doğrudur, qədim Beyit qəbiristanlığı haqqında çox söz-söhbət eşitmişdilər, amma vəziyyət elə gətirmişdi ki, hələ gedib Ana-Beyiti öz gözü ilə görən olmamışdı. Əslində buna ehtiyac da yox idi. Uzun illər ərzində səkkiz evdən ibarət olan qəsəbəcikdə bu, yeganə hadisə idi ki, adam ölmüşdü, onu dəfn etmək lazım idi. Neçə illər qabaq bir qızcığaz sinəgir olub ölmüşdü. Valideynləri onu dəfn eləmək üçün öz vətənlərinə Ural vilayətinə aparmışdılar. Bir neçə il əvvəl Qazanqapın arvadı Bikə qarı xəstəxanada vəfat eləyəndə onu Boranlıya gətirməyi məsləhət bilməyib, elə Kumbeldə dəfn elədilər. Kumbel axı Sarı-Özəkdə, demək olar ki, ən iri stansiya idi. Bir də ki qızı Ayzadə və kürəkəni (içkiyə qurşanmış olsa da, özgə deyildi) orada olurdular, heç olmasa, qəbrinə göz yetirib baxardılar. O vaxt Qazanqap sağ idi, işini də öz bildiyi kimi tuturdu.
İndi fikirləşir, götür-qoy edir, amma bir qərara gələ bilmirdilər. Amma Yedigey yenə də öz dediyinin üstündə durdu:
– İgidə yaraşmayan söhbətləri buraxın, canım, – deyə cavanların üstünə bozardı, – belə kişini öz dədə-baba yerimizdə, Ana-Beyitdə dəfn edəcəyik. Mərhum özü belə vəsiyyət eləyib. Yaxşısı budur, gəlin sözdən işə keçək. Xeyli yolumuz var. Hazırlığa başlayaq. Səhər tezdən yola çıxırıq…
Hamı başa düşdü ki, Yedigeyin qərar qəbul eləməyə haqqı var, dediyinə də heç kim etiraz eləmədi. Doğrudur, Sabitcan işə bir pəl vurmaq istədi, o, həmin gün minik qatarları burada dayanmadıqları üçün yük qatarı ilə özünü yetirmişdi. Gələnə kimi atasının sağlığını, ya öldüyünü qəti bilməsə də, özünü çatdırmışdı. Görünür, elə bunu dəqiq bilməyə-bilməyə gəlməsi Yedigeyi mütəəssir eləmişdi, hətta bir növ sevindirmişdi də… Hətta qucaqlaşıb bu böyük dərdin müsibətinə birlikdə ağladıqları anlar-dəqiqələr də olmuşdu. Yedigey sonralar buna görə özünə təəccüb elədi.
O, özü ilə bacara bilməyib, Sabitcanı bağrına basıb ağlaya-hıçqıra deyirdi: “Nə yaxşı ki gəldin, gözümün işığı, nə yaxşı ki gəldin!” Elə bil, onun gəlməyi ilə mərhum dirilib ayağa duracaqdı. Yedigey özü də başa düşə bilmirdi ki, niyə belə hönkürüb ağlamışdı, ondan heç vaxt belə şey görünməmişdi. Kimsəsiz qalmış daxmanın həyətində Sabitcanla qucaqlaşıb xeyli ağlamışdılar. Nədənsə, yaman kövrəlmişdi, axı atasının sevimli oğlu olan Sabitcan uşaqlıqdan onun gözləri qabağında böyümüşdü, onu Kumbelə, dəmiryolçuların balaları üçün açılmış internat məktəbinə aparırdılar. İmkan tapan kimi gah yük qatarı, gah da dəvəylə gedib ona baş çəkirdilər görsünlər Sabitcanı yataqxanada incidən yoxdur ki, ya özü cızığından çıxmır ki, necə oxuyur, müəllimlər onun haqqında nə deyirlər? Bəs tətil günlərində onu neçə dəfə kürkə bürüb-büküb Sarı-Özəyin şaxtasında, boranında, qar basmış çöllərlə Kumbelə aparmışdılar ki, dərslərinə gecikməsin.
Eh, yaxşı deyiblər, keçən günə gün çatmaz, calasan günü günə! Bunlar hamısı indi adama yuxu kimi gəlir. Budur, indi o vaxtkı dəmbərəgöz, üzügülən uşağın yerinə gözlüklü, əzik şlyapalı, köhnə qalstuklu yekə bir kişi gəlib dayanıb. Özü də vilayət şəhərində işləyir, dərdi-azarı da böyük vəzifə, rütbə sahibi kimi görünməkdir. Amma həyat deyilən şey ki var, çox məkrli bir şeydir, böyük vəzifəyə çatmaq elə də asan başa gəlmir. Bir dəfə elə özü şikayətlənib deyirdi ki, qohum-əqrəbadan, yaxşıca tanış-bilişdən arxan, köməyin olmasa, deməli, zəhmətin havayıdır. Mən kiməm ki? Boranlı deyilən bir razyezddə işləyən Qazanqap deyilən birisinin oğlu. Eh, bədbəxt,