.
Чтение книги онлайн.
Читать онлайн книгу - страница 7
Məlum işdir, rəis rəisdir, onun nə vecinədir ki, qəbiristanlıq uzaqdadır, ya yaxında. Rəis öz sözünü deyir, filan gün, filan saatda işə gəlməlisən, vəssalam! Niyə? Ona görə ki, şəhər şəhərdir, rəis də rəis!..
Yedigey ürəyində özünü: “Qoca axmaq”, deyə danladı, lap Qazanqapın oğlu olsa da, bu tipi bağrına basıb hönkürtü ilə ağladığına xəcalət çəkdi… Skamya əvəzi divarın dibinə düzülmüş şpalların üstündə beş adam oturmuşdu. Yedigey ayağa qalxdı, adamların yanında ona ağır, acı söz deməkdən özünü zorla saxlayaraq, mərhumun xatirinə susub ancaq bunu dedi:
– Yerə qalsa, yer çoxdur, nə qədər istəsən, yer tapılar. Amma, nədənsə, adamlar öz qohum-əqrəbasını hara gəldi basdırmır. Yəqin, bunun da bir mənası var… Yoxsa kimin torpağa heyfi gələrdi? Susdu. Boranlılar da susur, ona qulaq asırdılar. Yaxşı, siz burada bir qərara gəlin, mən də gedim görüm orada işlər nə yerdədir.
Sir-sifəti qaralmış Yedigey ikrahla uzaqlaşdı ki, bir xata-zad işlətməsin. Qaşları düyünlənmişdi. Çox sərt və qızğın adam idi, elə adını da bir cəhətdən xasiyyətinə görə Boranlı qoymuşdular. İndi Sabitcanla tək olsaydılar, o utanmazın üzünə olmazın sözünü deyərdi. Elə kəsib tökərdi ki, ölənəcən yadından çıxmasın! Amma arvad söz-söhbətinə baş qoşmaq istəmədi. Odur ey, arvadlar pıçıldaşırlar ki, oğula bir bax, elə bil, atasının yasına qonaq gəlib, əli ətəyindən uzun, bomboş. Qalanı başına dəysin, heç olmasa, bircə büküm çay gətirəydi. Gəlini də elə, şəhərli olanda nə olar, hörmət eləyib gələ bilərdi, el qaydasıyla bir az ağlayıb-oxşasaydı, ölməzdi ki… Vallah, camaatda abır-namus deyilən şey qalmayıb, Qazanqapın sağlığında iki sağlam dəvəsi, on beşə kimi qoyun-quzusu olanda yaxşı idi. Onda arvadı da gəlirdi. Gəldi, kişinin olan-qalanını da satdırdı. Guya, kişini yanlarına aparırlar. Əslində, bütün hoqqaları özlərinə mebel və maşın almaq idi. Elə ki məqsədlərinə çatdılar, daha kişi də lazım olmadı. İndi heç üzünü də göstərmir. Arvadlar yığışmışdılar mərəkə salsınlar, Yedigey yol vermədi:
– Susun, ölənin ruhuna hörmət eləyin, bizim işimiz deyil, qoy özləri ayırd eləsinlər…
O, ağıla tərəf getdi, örüşdən qaytarılmış Qaranər dirəyə bağlanmışdı, hərdən hirslə nərildəyirdi. Bu həftə bir-iki dəfə sürü ilə bərabər nasos qoyulmuş quyunun yanına gəlib, su içməyi nəzərə alınmazsa, Qaranər həftəni gecə-gündüz sərbəst gəzmişdi. Əclaf ipə-sapa yatmırdı, indi də öz narazılığını bildirirdi hərdən qəzəblə ağzını ayırıb iri dişlərini göstərərək nərildəyirdi: köhnə məsələ idi, yenə də tutub bağlamışdılar, ona da öyrəşə bilmirdi…
Sabitcanın sözündən sonra ürəyi nisgilli Yedigey Qaranərin yanına gəldi. O elə əvvəlcədən bilirdi ki, belə də olacaq. Belə çıxırdı ki, doğmaca atasını dəfn eləməyə gəldiyi üçün hamı Sabitcana minnətdar olmalıdır. Bu işi o, yük hesab eləyirdi və fikirləşirdi ki, bu artıq yükü üstündən mümkün qədər tez atmalıdır. Yedigey Sabitcanla ağız-ağıza verməyi lazım bilmədi, onsuz da hər işi özü görməliydi, sağ olsunlar, qonşular da əl yetirirdilər. Dəmiryolunda növbədə olanlardan başqa, hamı sabahkı dəfn mərasimi və ehsan üçün hazırlığa kömək eləyirdi. Qadınlar qonşulardan qab-qacaq yığır, samovarları sürtüb təmizləyir, xəmir qatıb çörək bişirirdilər. Kişilər də su gətirir, yollarda öz işini görüb qurtarmış, indi çürüməkdə olan şpallardan odun doğrayırdılar. Quru çöllərdə yaşayanlar üçün yanacaq da su qədər vacib şey hesab edilir. Bu ümumi işdə təkcə Sabitcan əl-ayağa dolaşır, öz yersiz söz-söhbəti ilə onu-bunu işindən-gücündən avara eləyirdi. Nə bilim, vilayətdə filankəs filan işdədir, filankəsi işdən çıxartdılar, filankəsi də qabağa çəkdilər. Amma arvadının öz qayınatasını basdırmağa gəlməməsi heç vecinə gəlmirdi. Lap məəttəl qalmalı iş idi! Sözündən belə çıxırdı ki, onun konfransı var, bu konfransda da xarici qonaqlar iştirak edəcəklər: nəvələrin heç adı çəkilmirdi. Nəvələr də məktəb yolunda can qoyurdular ki, aldıqları attestatları instituta girəndə işə yarasın. “Belə də adam olar! – deyə Yedigey ürəyində söyürdü. – Onlara ölümdən başqa hər şey vacibdir!” Bu məsələ ona rahatlıq vermirdi. “Əgər ölümün onlar üçün heç bir əhəmiyyəti yoxdursa, deməli, həyatın da qədir-qiyməti yoxdur. Onda nə məqsədlə yaşayırlar, niyə yaşayırlar?”
Yedigey hirsini Qaranərə tökdü:
– Nə səsini salmısan başına, timsahın biri, timsah!
– Yedigey öz dəvəsinə çox nadir hallarda, lap özündən çıxanda “timsah” deyərdi. Qaranərə timsah adını iri, dişli ağzına və kinli xasiyyətinə görə gəlmə dəmiryolçular qoymuşdular.
– Kəs səsini timsah, qanımın qara vaxtı dişlərini qıraram!
Dəvəni alıxlamaq lazım idi. Başı işə qarışdı, hirsi bir az soyuyub sakitləşdi. Qarşısında dağ kimi ucalan Qaranəri baxışlarıyla oxşadı, Yedigey boyca uca olsa da, əli Qaranərin başına çatmırdı: dəvəni yatmağa məcbur elədi, əlindəki qamçının sapı ilə dəvənin döyənək olmuş dizinə döyə-döyə, zəhmlə “kıx” elədi, nər bərkdən nərə çəkib narazılığını bildirsə də, sahibinin əmrinə tabe oldu, dizlərini altına qatlayıb döşünü yerə verərək çöküb toxtadı. Yedigey işə başladı. Dəvəni tam qaydasıyla alıxlamaq, ev tikmək kimi çətin işdir. Alığı hər dəfə təzədən düzüb-qoşmaq lazım gəlir, bu da xüsusi bacarıq və güc istəyir, illah Qaranər kimi bir dağ ola!
Boranlının dəvəsi “Qaranər” adını da nahaqdan almamışdı. O, qapqara kilkəli başı, qulaqlarının dibinəcən bitmiş sıx qara saqqalı, nərlərin yaraşığı boynunun altıyla dizinəcən sallanan qara-burum yalmanı, belində qoşa qala kimi ucalan donqarı və bütün bu gözəlliyə nöqtə qoyan quyruğunun ucundakı qara saçaqlı qotaza görə almışdı “Qara” adını. Bu da eyni zamanda həm qara, həm də böyük demək idi. Nərin qalan yerləri, boynunun üstü, döşü, böyürləri, ayaqları, qarnı, əksinə, açıq-şabalıdı rəngində idi. Qaranər elə rənginə və qamətinə görə şöhrət qazanmışdı. Qaranər nərlik dövrünün ən gözəl çağındaydı. Üçüncü onilliyə təzəcə qədəm qoymuşdu.
Dəvələr çox yaşayırdılar, görünür, elə buna görə də anadan olandan beş il keçməlidir ki, yelinləsin, özü də iki ildən bir doğur, balasını da qalan heyvanlardan çox qarnında gəzdirir. Ən çətini odur ki, köşəyi bir il-il yarım qoruyasan, çölün acı küləklərindən soyuqlayıb tələf olmasın.
Sonra daha ona zaval yoxdur, nə soyuqdan qorxacaq, nə istidən, nə susuzluqdan, böyüyüb boy atacaq.
Yedigey belə şeyləri yaxşı bilirdi. Buna görə də Boranlı Qaranəri gümrah saxlayırdı. Qaranərin sağlamlığının və gücünün