Seçilmiş əsərləri. Чингиз Айтматов

Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Чингиз Айтматов страница 11

Жанр:
Серия:
Издательство:
Seçilmiş əsərləri - Чингиз Айтматов

Скачать книгу

yəni yamanca yaxır, amma qulaq asırdılar – gopçuluğuna gopçudur, amma maraqlı, eşidilməmiş şeylər danışır, qoy danışsın, hamı bilirdi ki, araq onu götürüb, əməllicə dəmlənib, şubatla qurtum-qurtum gillətdiyi araq öz işini görüb, qoy nə çərənləyir, çərənləsin, qulağı ağzının dediyinə cavabdeh deyil, haradasa nəsə eşidib, nəyin yalan, nəyin doğru olduğunu haradan biləsən?.. Yedigeyi birdən əməlli-başlı qorxu basdı: “Bizim bu boşboğaz heç də boş yerə çərənləyib qırıldamır, – o, narahatlıqla düşündü, – o, bunu haradasa oxuyub, ya da qulaqucu eşidib, axı bir bəd xəbər eşidən kimi göydə tutur. Bəlkə, dünyada böyük elm sahibi olan adamlar var ki, bizim üstümüzdə allahlıq eləmək iddiasındadırlar…”

      Sabitcan ona qulaq asıldığını görüb, elə hey doğrayıb tökürdü. Eynəyinin tərləmiş şüşələri altında qaranlığa düşmüş pişiyin bəbəkləri kimi onun da bəbəkləri genişlənib qaralmışdı, arağı da qurtumlayıb, şubatla məzələnirdi. İndi də əllərini ölçə-ölçə okeanda Bermud üçbucağı deyilən bir şey barəsində goplamağa başladı, guya, o yerdə gəmilər harasa qeyb olur, bu yerdən uçan təyyarələr əlli-ayaqlı yoxa çıxır.

      – Bax, bizim vilayətdə birisi xaricə getmək üçün özünü lap həlak eləyirdi. Guya ki, orada yel əsib, qoz tökülüb! Axır ki istədiyinə çatdı, başqalarını sıxışdırıb, uçdu okeanın o tayındakı Uruqvaydı, Paraqvaydı-nədi, ora. Elə o gedən getdi. Bermud üçbucağının üstündən keçəndə təyyarə əlli-ayaqlı yoxa çıxıb! Buna görə də, dostlar, axı nəyə görə kimdənsə xahiş eləyib icazə almalıyıq, kimisə sıxışdırıb kənara atmalıyıq, biz elə Bermud üçbucağı olmasa da keçinərik, öz doğma torpağımızdaca cansağlığı ilə yaşasaq, bəsimizdir. Gəlin öz sağlığımıza içək!

      “Yenə də başlandı, – deyə Yedigey özlüyündə söyləndi. – Bu saat öz məşhur kəlamını deyəcək. Başa bəladır. Dilinə dəyən kimi kələfin ucunu itirir!” Necə demişdi, elə də oldu.

      – Öz sağlığımıza içək! – deyə Sabitcan təkrar edib, süzülən bulanıq gözlərlə oturanlara baxır, imkanı çatdıqca üzünə ciddi, mənalı görkəm verməyə çalışırdı. Bizim sağlığımız ölkənin ən qiymətli sərvətidir. Deməli, bizim sağlığımız dövlət əhəmiyyətli bir sərvətdir. Bəli, bəli! Biz elə də, sən deyən, sadə adamlar deyilik, dövlət adamlarıyıq! Bir də onu demək istəyirəm ki…

      Boranlı Yedigey onun tostunun ardını gözləməyib yerindən dik durub evdən çıxdı. Qaranlıq artırmada nəyə isə ilişib taqqıltı-şappıltı saldı, görünür, ayağı boş vedrəyə, ya da başqa nəyəsə toxunmuşdu. Tələm-tələsik açıq havada qalıb soyumuş kirz çəkmələrini geydi, dilxor və əsəbi halda evlərinə yollandı. “Yazıq Qazanqap! – deyə bığlarını gəmirərək sakitcə öz içində inlədi. Belə də şey olar, nə ölü qanır, nə diri, nə dərd, nə azar!.. Oturub vurur özüyçün, elə bil, qonaqlığa gəlib, heç vecinə deyil! Heç dəxli var deynən, söz tapıb dövlət sağlığı, hər dəfə də içəndə bu oyunu açır başımıza. Allahın köməyilə sabah işi halal-hümmətlə başa vuraq, üçünü verən kimi rədd olub getsin başımızdan, bir də üzünü heç görməyək, kimin nəyinə dərmandır?!”

      Amma Caydaq Ədilbəyin evində, sən demə, əməlli-başlıca oturubmuşlar. Gecəni yarı eləmişdilər. Yedigey Sarı-Özək gecəsinin ayazımış havasından sinədolusu ciyərlərinə çəkdi. Sabah havanın da həmişəki kimi aydın, yağmursuz və kifayət qədər isti olacağı gözlənilirdi. Həmişə belədir. Gündüzü isti, gecəsi soyuq, adama titrətmə gəlir. Buna görə də bütün çöllük quraqlıq içindədir bitkilər heç cürə uyğunlaşa bilmir. Gündüz istidə günəşə boylanır, qəddini düzəldir, su istəyir, gecələr də ayaz vurur. Bu səbəbdən də ancaq dözümlüsü baş saxlayır, cürbəcür tikan kolları, çoxlu yovşan, bir də ki yarğan ağzında adda-budda əmələ gələn qarışıq növlü otlar olur ki, bunları da qışa ehtiyat düzəltmək üçün biçirlər. Boranlı Yedigeyin köhnə dostu geoloq Yelizarov bəzən buranı keçmiş nağıl kimi təsvir edib deyirdi ki, buralar nə vaxtsa zəngin ot-ələfi olan otlaq yerləri olubmuş, iqlimi də tamam bambaşqaymış, yağışlar da indikindən azı üç dəfə çox yağarmış, söz yox ki, güzəran da bambaşqa imiş. Sarı-Özəkdə naxırlar, ilxılar, sürülər gəzib… Yəqin, bunlar lap keçmişlərdə olub, bəlkə də, qəddar yadelli tayfa olan juanjuanların buraları tutduqları vaxtlardan da qabaq olub, indi onların heç izi-tozu da qalmayıb tarixdə, təkcə qulaqlarda sədaları qalıb. Yoxsa bu qədər adam Sarı-Özəyə necə yerləşib dolana bilərdi? Yelizarov havayı yerə demirdi ki, Sarı-Özək çöllülərin tarixində unudulmuş bir kitabdır… O, belə hesab eləyirdi ki, heç Ana-Beyit qəbiristanlığı haqqındakı söhbətlər də təsadüfi deyil. Bəzi üzdəniraq alimlər ancaq kağızda yazılanlara tarix deyirlər. Bəs o vaxt hələ kitab-filan yazılmayıbsa, onda necə olsun?

      Yedigey razyezddən keçən qatarların səsini dinlədikcə qəribə bir oxşarlıqla müharibədən əvvəl sahilində doğulub yaşadığı Aral dənizinin fırtınalı günlərini xatırladı. Axı Qazanqapın özü də oralı, Aral qazaxlarındandı. Elə buna görə də dəmiryolunda işə gələndə bir yerli kimi tapışıb dost olmuşdular. Sarı-Özəkdə də doğma mənzillərinin xiffətini eləmişdilər, ölümündən bir az əvvəl yazqabağı Qazanqapla birlikdə Arala getmişdilər, sən demə, qoca Aralla halallaşmağa, vidalaşmağa gəlibmiş. Kaş heç getməyəydilər, tamam qanqaralığı oldu. Sən demə, dənizin suyu çəkilir, Aral quruyub əriyir. Sahilə çatanacan əvvəllər su olan, indi isə boş gilli torpaqlardan ibarət yerlərlə on kilometrlərlə yol getməli olmuşdular. Bax, elə buradaca Qazanqap demişdi: “Dünya yaranandan Aral da yaranıb, indi də quruyub yox olur, onda qalmışdı ki, insan ömrü olsun”. Qoca onda bir söz də dedi: “Sən məni Ana-Beyitdə basdırarsan, Yedigey!..”

      Boranlı Yedigey əlinin arxasıyla gözünə dolan yaşı sildi, öskürdü ki, boğazının qəhərini təmizləsin və Qazanqapın daxmasına getdi. Yas saxlayan arvadlar, Ayzadə, Ukubala və o biri arvadlar hamısı burdaydı. Boranlı arvadlarından kimin əli boşa çıxırdısa, gəlirdi bura ki, həm bir yerdə olsunlar, həm də, bəlkə, bir köməkdən-zaddan lazım oldu.

      Ağılın yanından ötəndə Yedigey yerə basdırılmış dirəyin yanında bir anlığa ayaq saxladı, qotazlı tərliklə alıxlanıb bəzədilmiş Qaranər bura bağlanmışdı. Ayın süd işığında dəvə fil kimi nəhəng, sakit və qüdrətli görünürdü. Yedigey özünü saxlaya bilməyib heyvanın böyrünü şappıldadıb dedi:

      – Ay maşallah!

      Elə daxmanın girəcəyində özü də bilmədən, nədənsə, dünənki gecəni xatırladı. Qar tülküsünün dəmir yola yaxınlaşmağını, onu vurmağa cürət eləməyib daşı yerə atmağını, sonra da evə gedəndə uzaq kosmodromdan göyün ənginliklərinə od-alov içində start götürən kosmik gəmini yadına saldı…

      III

      Elə bu anda Sakit okeanın şimal en dairələrində səhər idi, səhər saat səkkizə işləmişdi. Gözqamaşdırıcı günəşli hava sonsuz işıq seli kimi bu intəhasız və ilğımlı sükunət üzərində yayılmışdı.

Скачать книгу