Dekameron. Джованни Боккаччо
Чтение книги онлайн.
Читать онлайн книгу Dekameron - Джованни Боккаччо страница 4
O biri xanımlar Pampineyanı dinlədikdən sonra onun məsləhətini bəyəndilər, həm də dediklərinə qüvvət vermək üçün necə gedəcəkləri haqqında öz aralarında danışmağa başladılar, elə bil ki, buradan çıxan kimi yola düşəcəkdilər. Lakin çox düşüncəli bir qadın olan Filomena dedi: – Pampineyanın söylədiyi çox yaxşı sözdür, ancaq siz çox tələsirsiniz, belə tələsmək olmaz. Unutmayın ki, biz qadın xeylağıyıq, aramızda elə bir qadın yoxdur ki, o, qadınların ancaq öz ağlı ilə yaşamasının, kişilərin nəzarəti olmadan öz işlərini yoluna qoymasının nə demək olduğunu bilməsin. Biz qadınlar dalaşqanıq, qorxağıq, hər şeyə şübhə edirik; buna görə də mən çox qorxuram ki, özümüzə başqa bir rəhbər götürməsək, bizim bu cəmiyyətimiz çox tez dağılar; bu da bizim şərəfimizə böyük xələl gətirər. Buna görə, işə başlamazdan əvvəl yaxşı fikirləşmək lazımdır.– Yeliza dedi ki, doğrudur, kişi qadının başçısıdır, kişilərin rəhbərliyi olmadan bizim, başladığımız işlər çox az halda yaxşı nəticə verir. Biz axı belə kişini haradan tapaq? Hamımız bilirik ki, bizim qohum-əqrəbanın çoxu ölmüşdür, sağ qalanlar da dəstə-dəstə yığışıb başqa yerlərə qaçırlar, onların harada olduğunu da bilmirik; onlar da bizim qaçdığımız şeydən qaçırlar. Kənar adamı dəvət etmək yaxşı olmaz, buna görə, əgər işimizin yaxşı getməsini istəyiriksə, elə bir yol tapmalıyıq ki, sonra şənlik və dinclik axtardıgımız yerdə biabır olub xəcalət çəkməyək.
Xanımlar bu qayda ilə söhbət edərkən, kilsəyə üç cavan oğlan girdi, bunlardan ən cavanının yaşı iyirmi beşdən az olmazdı; nə zamanın müsibəti, nə dostlarının, ata-analarının, qohumlarının ölümü, nə də ölüm qorxusu onların qəlbində sevgi odunu nəinki söndürməmişdi, bunu heç soyutmamışdı da. Onlardan birinin adı Pamfilo, ikincisinin adı Filostrato, üçüncüsünün də adı Dioneo idi. Onlar şən, güşad və oxumuş adamlardı. İndi isə, belə bir ümumi qarışıqlıq içində, ən böyük təsəlli olaraq, öz sevgililərini axtarırdılar, onları da təsadüfən bu yeddi xanımın içərisində tapdılar. O biri xanımların da bir neçəsi gənclərdən bəzisinin qohumu çıxdı. Xanımlar onları daha əvvəl gördülər, buna görə Pampineya gülümsəyərək dedi: – Tale bu ağıllı və ləyaqətli gəncləri bizim yanımıza göndərməklə, görünür, işimizdə bizə kömək etmək istəyir; onlar bizim rəhbərimiz və xidmətçimiz olar,– əgər biz onları bu vəzifəyə götürməkdən imtina etməsək. – Utandığından Neifilanın üzü qızardı, çünki o, cavanlardan birini sevirdi; dedi ki: – Aman allah, Pampineya, bir fikirləş gör nə deyirsən! Mən yəqin bilirəm ki, onlardan heç birinə yaxşı sözdən başqa ayrı söz demək olmaz, mən onları bundan da böyük işə yararlı hesab edirəm, elə düşünürəm ki, onların məclisi ancaq bizim üçün deyil, bizdən daha gözəl, daha ləyaqətli qızlar üçün xoş və hörmətli bir məclis olardı. Bu qızlardan bəzisini onlar sevirlər, bu, hamıya məlumdur. Qorxuram ki, onları özümüzlə götürsək, nə bizim, nə onların təqsiri olmadan, bizim haqqımızda pis-pis sözlər yayılsın, ya da bizi məzəmmət eləsinlər. – Onda Filomena dedi: – Bunun heç bir əhəmiyyəti yoxdur, biz namusla yaşayaq, heç bir vicdan əzabı çəkməyək, qoy nə deyirlər desinlər, tanrı və həqiqət bizi müdafiə edər. Onlar getməyə razılıq versə, biz doğurdan da, Pampineya kimi, deyə bilərik ki, tale bizə kömək etmək istəyir.
O biri qızlar bu sözləri eşitdikdən sonra sakit oldular. Hamının razılığı ilə bu qərara gəldilər ki, cavan oğlanları çağırıb, öz fikirlərini onlara desinlər, xahiş etsinlər ki, iltifat buyurub onlarla bərabər yola çıxmağa razı olsunlar. Qərardan sonra bircə kəlmə də söz söyləmə-dilər, Pampineya yerindən qalxıb, cavanlara sarı getdi. Cavanlar ayaq üstə durub, onlara baxırdılar. Pampineya