Dekameron. Джованни Боккаччо
Чтение книги онлайн.
Читать онлайн книгу Dekameron - Джованни Боккаччо страница 8
Florensiyata qardaşlar şübhələnmişdilər ki, birdən ser Çappelletto onları aldadar, buna görə xəstənin yatdığı otağın arakəsməsi dalında gizlicə qulaq asmağa başladılar: buradan ser Çappellettonun rahibə söylədiyi sözləri yaxşı eşitmək və anlamaq olardı. Onlar ser Çappel-lettonun öz günahlarını necə etiraf etdiyini eşidəndə az qalırdı qəhqəhə ilə gülsünlər. Bir-birinə deyirdilər: «Belə də adam olar? Nə qocalıq, nə xəstəlik, nə ölüm, nə allah qorxusu, heç bir şey onu öz günahlarından, yaşadığı kimi də ölmək istəməsindən ayıra bilmədi, axı o, vur-tut bir saatdan sonra allahın məhkəməsi qarşısında duracaqdı!» Monastırda basdırılacağını eşidəndə daha onun fikrini çəkmədilər. Bundan az sonra ser Çappelletto üçün kilsə mərasimi, sonra da, halı lap xarablaşanda, bədəninə müqəddəs yağsürtmə ayini icra edildi. O öz günahlarını nümunəvi surətdə etiraf etdiyi gündə, axşamdan bir az keçəndən sonra öldü. Florensiyalı qardaşlar mərhumun öz pulu ilə ona layiq dəfn hazırlığı gördülər, bütün lazım olan şeyləri düzəltdilər, adam göndərdilər ki, rahiblər, adət üzrə, axşam gəlsinlər, bütün gecəni yatmayıb, dua eləsinlər, səhər də dəfndə olsunlar. Ser Çappellettonun öz günahlarını etiraf etdiyi mömin rahib onun öldüyünü eşidib monastır başçısı ilə danışdı, zəngləri çaldırdı, monastırın bütün rahiblərinı yığdı, ser Çappel-lettonun, etdiyi etirafa görə, necə müqəddəs adam olduğunu onlara danışdı, ser Çappellettonun müqəddəsliyi naminə allahın çoxlu möcüzə göstərəcəyinə ümid etdiyini söylədi, onun cənazəsini lazımi şərəf və ixlaskarlıqla götürməyin vacibliyini rahiblərə başa saldı. Kilsə başçısı və sadəlövh rahiblər buna razı oldular. Axşam ser Çappellettonun meyiti olan yerə getdilər, bütün geçəni təntənəli ölü duası oxudular, səhər də, ayinlərində cübbə və hərmani, əllərində kitab və xaç, dua oxuya-oxuya cənazənin ardınca getdilər, böyük hörmət və təntənə ilə onu kilsəyə apardılar. Şəhər əhalisi də, – kişilər və qadınlar, – onların ardınca gedirdi. Cənazəni kilsəyə qoyanda, ser Çappellettonun öz günahlarını etiraf etdiyi müqəddəs ata mehrabın qabağında durub, ser Çappellettonun həyatından qəribə şeylər danışdı, onun pəhriz saxlamasından, bakirliyindən, sadəliyindən, məsumluğundan, müqəddəsliyindən vəz etməyə başladı, eyni zamanda dedi ki, ser Çappelletto tövbə edə-edə, göz yaşı tökə-tökə ən böyük günahının nədən ibarət olduğunu etiraf etdi, mən də güclə onu başa saldım ki, allah onun günahını bağışlar. Sonra müqəddəs ata onu dinləyənlərə müraciət edərək, məzəmmətlə dedi: «Amma siz allahın lənətinə gəlmişlər, allahı, onun anasını və bütün cənnət mələklərini heç nə üstündə pisləyirsiniz!» O, ser Çappellettonun yaxşı və təmizqəlbli bir adam olmasından daha çox şeylər danışdı. Kənd camaatı onun sözlərinə tamamilə inanırdı, o öz moizəsi ilə ora yığışan adamların başını elə ixlaskarlıq fikirləri ilə doldurdu ki, dua mərasimi qurtaran kimi hamı dəhşətli halda bir-birini basa-basa meyitin üstünə cumub, onun əllərini, ayaqlarını öpməyə başladı; əynindəki paltarını tikə-tikə eləyib götürdülər; kimin əlinə paltarın xırdaca bir parçası keçmişdisə, o özünü xoşbəxt sayırdı, hamının onu öz gözü ilə görməsi, ona baxması üçün cənazəni bütün günü elə o vəziyyətdə saxlamalı oldular. Qaranlıq düşəndən sonra onu təkiyələrdən birində, mərmər məqbərədə ehtişamla dəfn etdilər. Ertəsi gün camaat yavaş-yavaş ora gəlməyə, şam qoymağa, ibadət etməyə, nəzir deməyə, arzularının yerinə yetirilməsi üçün mumdan qayırılmış şeylər asmağa başladı. Onun müqəddəsliyi haqqında söz-söhbət hər yerə yayıldı, müsibətə düşən bir adam daha başqa müqəddəs şəxslərin deyil, onun üstünə gəlirdi. Ona San Ciappelletto adı verdilər. İddia edirdilər ki, allah onun xatiri üçün möcüzələr yaratmışdır, ixlaskarlıqla onun yanına gələnlər üçün də hər gün möcüzə göstərir.
Bax, pratolu ser Çappelletto belə yaşamış, belə də ölmüşdür, necə ki siz eşitdiniz, elə də müqəddəs olmuşdur. Mən onun allah qarşı-sında xoşbəxt ola bilməsi və buna layiq görülməsi imkanını inkar etmirəm, çünki o, cinayətkar və yaramaz bir həyat keçirmiş olsa da, axırda elə tövbə etmişdir ki, bəlkə allahın ona rəhmi gəlmiş, onu öz cənnətinə qəbul etmişdir. Ancaq bu bizim üçün sirdir. Gözümüzlə gördüklərimizi nəzərə alanda, mən iddia edirəm ki, o, gərək cənnətə getməyəydi, lənətə gəlib iblisin