Xeyrin çöküşü. Zaur Pənahov
Чтение книги онлайн.
Читать онлайн книгу Xeyrin çöküşü - Zaur Pənahov страница 18
“Tamamilə haqlısınız,” dedi Elion. “Biz də ilk əvvəl bu haqda düşündük. Hətta tədqiqatları bir müddət bu istiqamətdə davam etdirdik. Ancaq hadisə yerində müqavimət izləri demək olar yox idi. Heç birinin qılıncında qan izinə rast gəlmədik. Bəzilərinin qılıncları qırılıb, bəziləri isə qılıncını çəkməyə belə imkan tapmayıb. Bu, daha da böyük bir sual doğurur. Hansı döyüşçü nakraları heç bir zədə almadan öldürə bilər?” dedi soyuq səslə. “Nə cür bir döyüşçü altıncı dərəcəli nakranı tək bir zərbə belə almadan öldürə bilər?”
“Əgər quldurlar deyilsə onda kim?” Raqa hökmdarı təəccüblə soruşdu. “O insanları və nakraları öldürmək kimin nəyinə lazımdı?”
“Əslində, tədqiqatlar hələ də davam edir ancaq…” Elion bir anlıq dayandı. “Məncə, burada başqa bir düşmənin əli var, çoxdandır unutduğumuz, yox olduğunu düşündüyümüz düşmən. Draqzin.”
Zal sükuta qərq oldu. Heç kəs məsələnin bu yerə gələcəyini düşünməmişdi. Buna bənzər iddialar heyət yığıncaqlarında indiyədək dəfələrlə səslənmişdi. Qaranlıq şahzadənin ölümündən dörd əsrdən çox vaxt keçməyinə baxmayaraq çıxan hər naməlum hədisənin adı az qala qoyulurdu. Hətta buna görə şəhər idarəçiləri və hökumət arasında anlaşımazlıqlar yaranmış, sonradan üsyana kimi qalxmışdır.
“Bilirəm, hər kəs onun öldüyünə inanır, bəlkə də elə belədir. Ancaq onun hələ də sağ qalan bir yandaşı var və o, başçısının öldüyünə inanmır,” Elion təkidlə əlavə etdi.
“Cənab Elion,” dedi Üçlükdən qarasaçlı gənc ekro. “İdarə heyətində yeni olduğunuzu anlayıram. Ancaq biz, tarix boyu səbəbini bilmədiyimiz bütün problemlərin kökündə Draqzinin əli olduğunu düşünmüşük və bilirsiniz ki, hər birində yanılmışıq. İndi isə siz eyni şeyi təkrarlayırsınız, heç bir əsasınız olmadığı halda bu cür fərziyyələrlə hər kəsi boş yerə təşvişə salırsınız.”
“Mən yalnız ən güclü ehtimalın bu olduğunu bildirmək istəyirəm. Bilirəm, vaxtı ilə Kölgə ovçuları Draqzinin bir çox yandaşını öldürüb,” son cümləni deyərkən gözucu Zeldana baxdı. “Amma ən sadiq adamlarından biri ola bilsin hələ də sağdır və ola bilsin…”
“Cənab Elion,” qarasaçlı ekro Elionun sözünü kəsdi, “Bu məsələni təkrar-təkrar müzakirə etmək yersizdir. Etibarlı mənbədən həmin döyüşçünün öldüyünə dair məlumatımız var.”
Elion təmkinlə “Etibarlı mənbəniz, bir vaxtlar özü Draqzinin yandaşı olub.” dedi.
Qızılı saçlı ekro “Cənab Zeldan öz sədaqətini bizə andı ilə sübut edib,” deyə qarşılıq verdi. “Onun diyarımıza verdiyi tövhələr əvəzsizdir. Ümid edirəm, yığıncağın məqsədi cənab Zeldanın sədaqətinə şübhə etmək yox, içində olduğumuz vəziyyətdən çıxış yolunu axtarmağımızdır.”
“Əgər məsələnin ciddiyyətini qəbul etməsəniz, vəziyyətdən çıxış yolunu necə müzakirə edəcəyik?”
Qarasaçlı ekro “Siz axı bilirsiniz, dəlil olmadığı təqdirdə bunu qəbul etməyimiz mümkün deyil,” deyə nəzakətlə bildirdi. “Biz burada ehtimalları yox, faktları dəyərləndiririk.”
Elion “ Haqlısınız,” dedi, “hazırda tutarlı dəlilim yoxdur, amma…” bir anlıq susdu, “amma şahidim var.”
Zeldan, “Şahid?” dedi təəccüblə.
Elion “Bəli, şahid,” deyə təkrarladı. “Bu cinayətin şahidi var. Hadisə baş verən vaxt Hufin kəndindən bir dəmirçi gizlənə bilib. Ehtimal ki, bütün hadisənin şahidi olub.”
Şimal idarəçilərindən biri “Şahid əlinizdə deyil?” deyə təəccüblə soruşdu.
“Xeyr. İlk vaxtlar bunun adi vidra hücumu olduğunu düşündüyümüz üçün onu buraxdıq. Düzdü, buraxmazdan əvvəl gördükləri haqda soruşduq, ancaq bizə heç nə görmədiyini söylədi. Yalan deyirdi. Gördükləri onu nədənsə çox qorxudub.”
Raqnild “Əgər şahidiniz varsa, yığıncağı niyə onu sorğuya çəkdikdən sonraya salmırdınız?” dedi. “Yarımçıq dəlillər və fərziyyələrlə nə etməyə çalışırsınız?”
“Haqlısınız. Ancaq biz lazımi dəlilləri tapana kimi çox gec olacağına inanıram.”
“İnanmaq insanlara xas düşüncədir. Biz bu diyarı əsrlər boyu inancımızla yox, məntiq və idrakımızla idarə etmişik.”
Şimal idarəçilərindən biri “Cənab Elion,” dedi. “Bütün bunları Draqzinin sağ qalan bir yandaşının etdiyini iddia edirsiniz. Bəs fikrinizcə, onun məqsədi nə ola bilər? Yəni əsrlərdir gizləndiyi yerdən çıxmağının səbəbi nədir?”
Elion düşünmədən “Bilmirəm,” dedi, “Hər hansı bir şey ola bilər. Məsələn, hakimiyyəti ələ keçirmək, ya da Draqzini həyata qaytarmaq.”
“Siz də bilirsiniz ki, ekrolar hakimiyyət hərisi olmurlar.”
Elion özünü tamam gücsüz və məğlub olmuş hiss edirdi “Yaxşı, qəbul edirəm, Draqzinin sağ qalma ehtimalı yoxdur. Sağ olsa belə ardınca bu dünyaya gəlmə səbəbini yox etmişik…” susdu. Nə deyəcəyini bilmirdi. Dəlillərin yetərsiz və inandırıcı olmadığını özü də bilirdi. Əlində, yalnız, öldürülmüş insanlar və bununla əlaqəsi olduğunu düşündüyü fərziyyələr vardı.
Qızılı saçlı yaşlı ekro bütün heyətə səslənərək “Məncə, cənab Elionun dəlil yetərsizliyi, baş verən naməlum ölüm hadisələrini təbii qəbul etməyimizə yol verməməlidir,” dedi. “Son vaxtlar bəzi qəribə hadisələrin baş verdiyini hər birimiz bilirik. Bəlkə bəzilərini sərt keçən qışla əlaqələndirmək olar. Ancaq, İn-Pesldəki hadisə ilə ilk dəfədir qarşılaşırıq. Bu, istər muzdlular olsun, istərsə də başqaları fərqi yoxdur. Əvvəl-axır bir qərara gəlməliyik.” Eliona çevrilərək, “Yaxşı, cənab Elion,” dedi, “müzakirə etməyimizi istədiyiniz təklif nədir?” deyə hər kəsin çoxdandır gözlədiyi sualı verdi.
“Ordu,” dedi Elion tərəddüd etmədən. “Şər yenidən yüksəlməmiş onun qarşısını alacaq böyük bir ordu hazırlamağıma icazə verməyinizi istəyirəm.”
“Siz nə dediyinizi bilirsiniz!?” deyə şimal idarəçilərindən biri qarşı çıxdı. “Burada yalnız