Xeyrin çöküşü. Zaur Pənahov
Чтение книги онлайн.
Читать онлайн книгу Xeyrin çöküşü - Zaur Pənahov страница 21
“Altıncı taktik manevri yaxşı bilirəm ustad, kursant deyiləm,” deyə Aqren hələ də gərgin olan əsəbi səslə onun sözünü kəsdi. Sonra həddini aşdığını alnlayıb “Üzr istəyirəm,” dedi.
“Mən deməyincə hücuma keçmə.” Etrak pusqunun qurulduğu yerə yaxınlaşdıqca səs tonunu aşağı salırdı. “Görək nə istəyirlər?”
Etrak lazımi yerə çatdıqda dayandı. On addımlığındakı enli ağacın arxasında bir döyüşçü olduğunu bilirdi. Hələ uzaqda ikən onun səsini eşitmişdi.
Bir müddət sonra ağacın arxasından hündür boylu, güclü qolları olan bir adam çıxdı. Elə ilk baxışdan qarətçi olduğu açıq görünürdü. Sol əlində tutduğu yayı keyfiyyətli ovçu yayı olsa da belindən sallanan uzun qılıncı səliqəsiz və küt idi. Tüklü üzü və çılpaq bədənə geyindiyi kirli paltarı qarətçinin dəstə başçısı olmağına baxmayaraq, çox da ağıllı olmadığını göstərirdi. Nakra kimi döyüşçülərin yolunu kəsmək elə özü əsl ağılsızlıq idi.
“Atalar dediyi kimi: gözləyən balıqçı qarnı tez doyar. Ha, ha, ha…”
Aqren “Bu kütbeyin heç atalar sözünü də düz deyə bilmir,” deyə pıçıldadı.
Qarətçi hirslənərək “Hey, orada mızıldanmayın,” dedi. “Sizə danışmağa kim icazə verdi?”
Etrak səbirlə “Bizi hansı səbəbdən saxladığınızı soruşmağa icazə verin,” dedi.
Qarətçi üçün bu cümlə bir az qəliz idi.
“Axmaq muzdlu, səncə biz sizi nə üçün saxlaya bilərik? Haa…” tüklü ağzını açıb gülməyə başladı. “Kütbeyin, bizə sizin qızıllarınız lazımdı. Verin bizə onu, yoxsa… yoxsa sizin hamınızı buradaca gəbərdəcəm!”
Etrak ciddi və səbirli halını heç pozmamışdı. “Ehtimal ki, bizi kiminləsə səhv salırsınız,” dedi. “Bizim qızılımız yoxdur. Bir də ki, biz nakralarıq, əgər getməyimizə icazə versə…”
“Məni qoyun yerinə qoymusan?!” deyə qarətçi əsəblə qışqırdı. “Elə bilirsən o küt beyninlə məni, Böyük Rufini aldada bilərsən? Sən və o yanındakı qırmızıbaş uşaqcığaz, döyüşçü paltarı geyinmiş adi muzdludan başqa heç nə deyilsiniz. Sizin kimi saxtakarları mən hər gün tək əlimlə boğuram.”
Aqren qarətçinin onu qadın nakra yox, uşaq olduğunu zənn etdiyi üçün çox hirslənmişdi. Bir anlıq əlini parlaq bıçaqlarından birinə atarkən silahdaşı onu saxladı.
Etrak “Mən sizi aldatmıram döyüşçü,” dedi. Səsindəki istehzanı ustalıqla gizlədirdi. “Biz həqiqətən nakrayıq və qızıl daşımırıq. Sizə verilən məlumat tamam yanlışdır.”
Etrakın sakit və özündən əmin səs tonu döyüşçünü daha da hövsələdən çıxartmışdı. Yayını yerə atmışdı və yöndəmsiz qılıncını çıxardaraq qışqırdı “Sənin nə olduğun məni maraqlandırmır. Səni tək əlimlə boğaram, bildin! İndi verin bizə o qızılları, yoxsa qanınızla meşəni sulayacam.”
Təcrübəli nakra ağac başlarında və arxalarında gizlənmiş döyüşçülərin yaylarını necə çəkdiklərini eşitdi.
“Rufi, ataq?!” döyüşçülərdən biri ağacın başından səsləndi.
“Kəs səsini, axmaq! Sənə dedim axı öldürün deməyincə atmayın! Mənim ağzımdan öldür kəl…”
Düz ayağının yanında vızıltı ilə bir ox yerə girdi. “HEY! Bu zibili hansı gic balası atdı?! Siz məni dəli etmək istəyirsiniz? Başınız xarab olub?!”
“Bağışla Rufi, əlimdən çıxdı,” deyə yuxarıdan bir nəfər üzr istədi.
“Əlimə keçmə it oğlu, kütbeyin axmaq, az qala məni vuracaqdın! Sənə bir qram da qızıl düşmür.”
Etrak silahdaşına, üçünün eşitdiyi bir səs tonu ilə “Bir azdan hücum edəcəklər,” dedi. “Birinci həmlə onlarındı. Unutma, altıncı manevr. Sənə hamısının yerini göstərəcəm.”
Etrak, hələ də yüksək səslə öz adamına söyən qarətçinin sözünü kəsərək “Üzr istəyirəm,” dedi. “Şirin söhbətinizi bölmək istəməzdim, amma biz bir az tələsirik.”
Qarətçi həmin az boğazı kəsilmiş kimi qışqır-bağırı kəsdi. Üzündəki axmaq gülümsəmə getdikcə böyüyərək, çürük dişləri görünənə kimi ağzını açdı.
“Onu eşitdiniz… ha, ha, ha. Onu eşitdiniz… ha, ha, ha. O deyir bizim vaxtımız yoxdu. Ha, ha, ha…” əllərini iki yana açaraq var gücü ilə gülməyə başlamışdı. “O, ölmək üçün tələsir, ha, ha, ha…”
Tezliklə gizlənmiş bütün adamları ona qoşularaq dərindən gülməyə başladılar.
Etrak “Yerlərini bildin?” deyə silahdaşına səsləndi.
Aqren “Bəli,” dedi. “Mən hazıram.”
Qarətçi “Kəsin səsinizi axmaqlar, öldürün onları!” deyə əmrini verdi.
Hər şey, sanki, bir göz qırpımında baş verdi. Boşalan yaylardan çıxan oxlar, vızıltı ilə onlara tərəf gələrkən, Aqren, Eçsoyla birlikdə yerə əyilmişdi. Etrakın edəcəyi müdafiə onlara da zərər verə bilərdi.
Təcrübəli nakra iki əli ilə, ətrafında suya bənzər dalğa yaradaraq oxları böyük bir gurultu ilə ətrafa səpələdi. Düşmən yenidən yaylarını doldurmağa macal tapmamış Aqren bıçaqları ilə ağaclardakı oxçuları zərərsizləşdirmişdi. Arxadan qılıncla hücum edən iki döyüşçüyə isə uzun xəncəri ilə ağır zərbə endirmişdi. Qalan iki döyüşçü yaylarını atıb başçılarına yaxınlaşan qara geyimli nakranı saxlamaq üçün onun üzərinə bıçaqla hücum çəkdilər. Ancaq Etrak, əlindən çıxardığı qara alova bənzər sehrlə onları həmin an kül etmişdi.
Etrak, böyük addımlarla qarətçiyə yaxınlaşaraq qılıncını tərəddüd belə etmədən onun qarnına sancdı. Qarətçinin hələ də nə baş verdiyini anlamadığı gözlərindən oxunurdu. Bütün döyüş müddətində cəmi bir neçə dəfə qırpmışdı gözlərini. İndiyə kimi heç vaxt bu qədər sürətli məğlub edilməmişdi. Halbuki ona çox asan olacağı deyilmişdi.
Etrak qılıncını qarətçinin qarnından çıxarmadan onu yerə uzadaraq “Sənə bizim yolumuzu kəsməyi kim məsləhət görüb?” deyə soyuq səslə soruşdu.