Həyat sandığı. Zaur Pənahov
Чтение книги онлайн.
Читать онлайн книгу Həyat sandığı - Zaur Pənahov страница 17
Eçso başından keçənləri bir çox detalları gizlədərək də olsa danışıb, niyə nakra zirehi geyinmədiyini və arzuladığı kimi gümüş döyüşçü nişanı taxmadığını izah etmişdi.
“İnana bilmirəm ki Braqlejin ölüb.” Gənc rizanmaqın belə bir hekayə gözləmədiyi çaşqın baxışlarında yaxşı əks olunurdu. Sonra qəfil üz cizgiləri dəyişərək “Elə yaxşı olub,” dedi. “Başqalarına bu cür rəftarla o, özünü bəyənmiş uzundrazı əvvəl-axır kimsə öldürməli idi.” Bununla da hirsi soyumayan Selley, çətin anlaşılan şimal qəbilə ləhcəsində dodaqaltı deyinməyə davam etdi. “İndi nədi? Buna görə səni kənarlaşdırıblar? Deməli səni həbsə də ata bilərlər?!”
Eçso çiynini çəkərək “Çətin ki,” dedi. “Şübhə mənim üzərimdə deyil. Sadəcə sınağı vaxtında və düzgün tamamlaya bilmədim.”
“Hə, amma sənə o uzundraz mane olduğu üçün. Bunu onlara desən sənə…” dayandı Selley. “Onda da səni bir nömrəli cinayət şübhəlisi kimi həbs edə bilərlər.”
Eçso başını tərpədərək “Bəli,” dedi. Başqalarına danışmalı olduğu yalanı, evində qaldığı həkim ona ətraflı izah etmişdi. “Həmçinin içdiyim iksirlər sınaq boyu bəzi illüziyalar görməyimə səbəb olmuşdu. Bu da ağıl sağlığımda bəzi şübhələrə yol açdı. Nakra heyətinin belə şeylərə necə həssas olduğunu yaxşı bilirsən.”
“İlahi, bəs… bəs indi nə olacaq?”
“Selley, bu haqda daha danışmaq istəmirəm,” deyə Eçso nəhayət söhbəti dəyişdi. İnsanların gözlərinə baxaraq yalan danışmağın ona bu qədər işgəncə verəcəyini təsəvvür etməmişdi. “De görüm sən burda nə gəzirsən? Axırıncı dəfə səni Şaxlakas Teh təlim mərkəzində görmüşdüm.”
“Sınaq nəticəm çox yaxşı çıxdı, təyinatımı bura verdilər.”
“Təbrik edirəm.”
“Sağ ol. Deyirlər bu cür davam etsəm ən gec bir ilə dərəcə veriləcək.”
Eçso sevincini göstərmək üçün Selleyin əlindən tutdu. Bunu əvvəllər çox etsə də, gənc qızın yanaqlarının qızardığını görüb əlini geri çəkdi.
“Təlim vaxtı hər kəs sənin paxıllığını çəkirdi,” deyə Selley gözlərini qaçıraraq bildirdi. Həyacanını gizlətmək üçün mövzu axtarırdı. “Yadında, hər kəs sənin bir gün insan irqinin ən güclü nakrası olacağından danışırdı. Hətta bəziləri sənin yarımqan olduğunu düşünürdü.”
“Yadımdadı,” dedi qısaca Günəş döyüşçüsü. Bu söhbətin hara getdiyini təxmin edib “Eşitdim Günəş döyüşçüsü şəhərə gəlib,” dedi qəfildən.
“Nə? Bəsdir Eçso, demə ki, sən də bu nağıllara inanırsan?”
“Niyə də yox? Ona çoxları inanır,” bildirsə də ümumiyyətlə insanların bu nağıla nə dərəcədə inandığı haqda az məlumatı vardı.
Selley qarşı çıxmaq istəmədi. Baxışları Eçsonun gözlərinə hər sataşanda qəlbi az qala dayanırdı.
“Yenə də burada olsaydı onun varlığını hiss edərdim,” deyə gənc rizanmaq bildirdi “Deyilənlərə görə o bir göz qırpımında minlərlə kabus vidrası öldürüb. Əgər həqiqətən belədirsə, onun varlığını ən az iki şəhər uzaqdan hiss etməliydim.”
Həmin hadisədən sonra orda-burda bir neçə dəfə görünən ağ vidralar, xalq tərəfindən kabus vidra kimi adlanaraq, bəzi nağıllarda Günəş döyüşçüsünün əsas düşməninə çevrilmişdi. Hətta bəzi yerlərdə, cəmi iki həftəlik ömrü olan bu vidralar Günəş döyüşçüsündən daha məşhur olmuşdu.
“Ümumiyyətlə heç nə hiss etmirsən?”
“Qətiyyən.”
Eçso, onu narahat edən daha bir sualına axtardığı cavabı tapmışdı. Qabiliyyətinə şübhə etmədiyi rizanmaqa bu qədər yaxın durmağına baxmayaraq Qaranlıq Günəş onu narahat etmirdi. Heç olmasa bu lənəti yenidən tam idarə altına aldığı üçün sevinmişdi.
“Burda neçə gün qalacaqsan?”
“Dəqiq bilmirəm,” dedi Eçso. “Ola bilsin bir neçə gün, bəlkə də ay.”
“Gedəsi olsan mənə xəbər edərsən yaxşı?”
Eçso qalxaraq “Mütləq,” dedi. “İndi getməliyəm, sonra görüşərik.”
“Yaxşı.” Selley də qalxmışdı. “Burda, yataqxanada qalırsan?”
“Hə.”
“Yaxşı. Məni axtarsan, bu tərəfdə, altıncı məhəllədə anamla qalıram. Sabun dükanının yanında, bir mərtəbəli, sarı ev. Hətta sabah gəl qonağımız ol. Səni anamla tanış edim.”
Eçso, gənc rizanmaqla vidalaşıb yataqxanaya girərək otağına qalxdı. Özü ilə gətirdiyi bütün əşyaları, yatağının yanında idi. Şəhərə gələn zaman birinci burda özünə otaq tapıb, sonra getmişdi idarə binasına. Nakra cəmiyyətindən uzaqlaşdırılmağına baxmayaraq onun burda qalmağına heç kim səs çıxarmamışdı.
Ümumiyyətlə Eçsoya nadir hallarda etiraz edirdilər. Eçsonun nakra liderinin oğlu olduğu yalanını yuxarı təbəqə ekrolar bilsə də, insanlar arasında bu haqda sadəcə dedi-qodular fırlanırdı. Ancaq bu belə kifayət edirdi ki, Elionun ona olan marağını və səhvən işlədə biləcəyi sehri izah etmək mümkün olsun.
Eçso ona verilən otağa girib çarpayıda əyləşdi. Yataqxanadakı bütün otaqlar və onların quruluşu demək olar ki, eyni idi. İki mərtəbəli iki yataq və bir-birinə birləşdirilmiş iki masa. Dərs vaxtı olduğu üçün otaq boş idi.
Eçso uzanıb, cibindən kağızları çıxardı ailəsi haqda oxumağa başladı. Oxuduqca yorğunluq üstün gəldi və ağırlaşan göz qapaqları ondan xəbərsiz örtüldü.
Üzünü gizlədən dərin başlığı ilə muzdlu geyimində bir yad, mehmanxanaya girib asta addımlarla ən sakit guşədə tək oturdu. Mehmanxanaya bədbin bir qaranlıq çökmüşdü. Bunu ört-basdır etmək üçün masalara qoyulmuş tək mum, içəri sarımtıl və çox kölgəli bir görünüş verirdi. Daim əks olunan qəhqəhəli gülüş səsləri, musiqisiz oxunan mahnının səsinə qarışmışdı. Yad adam xüsusi ilə oturduğu bu yerdən, mehmanxananın giriş və çıxışları aydın görünürdü. Yad, qaranlıqda tamam görünməz olmaq üçün masasında yanan şamı üfürdü. Kapyuşonun altından parıldayan gözləri əylənən insanların arasında tanıdığı bir şəxsi axtarırdı.