Özgə ağrısı. Sədaqət Kərimova

Чтение книги онлайн.

Читать онлайн книгу Özgə ağrısı - Sədaqət Kərimova страница 5

Özgə ağrısı - Sədaqət Kərimova

Скачать книгу

görüşü arzulamış, onunla üz-üzə söhbət edəcəyi anı həsrətlə gözləmişdi. Onu xəyallarında elə məktəb illərində olduğu kimi gözəl-göyçək, deyən-gülən təsəvvür eləmişdi. Əmin idi ki, Ayişə ərə gedib, uşaqları var. Axı o, Abbasla yaşıd idi. Kənddən nəinki oğlanların, hətta qızların da çoxu getmişdi. Bircə Ayişə kimilər, ev-ocağa bağlılar kəndi tərk edə bilməmişdi.

      Yurda bağlılığı düşünəndə gözləri önünə Pəri gəlirdi həmişə. Yadına onunla bağlı köhnə bir xatirə düşdü. Onda doqquzuncu sinfi bitirib yay tətilinə yenicə buraxılmışdılar. Qonşu uşaqları ilə bir yerdə böyürtkən yığmağa getmişdilər. Abbasla Ayişə özləri də hiss etmədən onlardan ayrılıb uzaqlaşmışdılar. Vedrələri böyürtkənlə doldurandan sonra dincəlmək üçün yaxınlıqdakı palıdın altında oturdular. Abbas Ayişənin al yanaqlarına, məsum çöhrəsinə baxanda qəlbindən keçən dəli bir istəklə onu özünə sarı çəkib böyürtkən yeməkdən qaralmış pəmbə dodaqlarından öpdü. Ayişə başını qaldıranda böyürtkənlikdən onlara baxan Pərini görüb çığırdı:

      – Ay aman!

      Pəri yerindən qımıldanmadan onlara baxırdı. Bu yaşlı qadın qəribə tərzdə, soyuq nəzərlərlə onları süzürdü.

      – Gedək, Abbas, – deyə Ayişə ayağa qalxmaq istəyirdi ki, Pəri elə bil yuxudan ayıldı. Çevrilib oradan uzaqlaşdı. Bir dəfə də olsun dönüb geriyə baxmadı. O, uzaqlaşandan sonra Ayişə:

      – Bu ifritə hardan gəlib çıxdı? – deyə söyləndi. Abbas da nifrətlə o gedən tərəfə baxdı:

      – Yəqin bizi güdürmüş.

      – Sabah bütün kənd biləcək, – Ayişə dilləndi.

      Onlar uzun müddət bu xəbərin yayılacağı qorxusu ilə yaşasalar da, Pəri bu barədə heç nə danışmadı.

      O gündən Pəri hər ikisinin düşməninə çevrildi. Onların görüşü barədə kimsəyə bir söz deməsə də, bu tək-tənha yaşayan qarımış qızı görəndə ikisi də nifrətlə üzünü yana çevirirdi. Nəyə görə? Onun qəribə, soyuq baxışlarına görəmi? Yoxsa adamlara yovuşmadığı üçünmü? Hər nə idisə, bu qadını görən gözü yox idi.

      İndi bunlar yadına düşəndə Abbas utandı. Pərinin qəribə baxışlarını xatırladı. Onun haqqında düşünə-düşünə Pərinin evinin yanına necə gəlib çıxdığından xəbəri olmadı. Küçə qapısından asılmış paslı qıfılı görəndə ürəyi sıxıldı.

      – Pəri rəhmətə gedib, bala. – Yanından ötüb keçən Rəhman dayı Abbası tanımadı. Abbas da tanışlıq vermədi. Eləcə:

      – Haçan? – deyə soruşdu.

      – Üç ildir. Yazıq dünyanın əzabından qurtuldu.

      – Hansı əzabından?

      – Təklikdən. Biçarənin kimsəsi yox idi.

      Abbas ürəyinə çökmüş ağırlığı yox etmək üçün toyxanaya yollandı.

      Ayişə barmaqlarının ucunda dəhlizdən öz otağına keçdi. Bədənnüma güzgünün qabağında oturub özünə tamaşa etməyə başladı. Sınıxmış sifəti, kölgələnmiş gözləri, dən düşmüş saçları onun əhvalını bir az da korladı. Əvvəlki gözəlliyindən bircə uzun kirpiklərlə dövrələnmiş iri qara gözləri qalmışdı. Amma bu gözlərdə də əvvəlki parıltı, həyat eşqi yox idi. «Qocalıram», – deyə fikirləşdi. Alnında əmələ gələcək iki qırışın yeri özünü göstərirdi. Kitab şkafının siyirməsindən albomunu çıxarıb şəkillərə tamaşa etməyə başladı. «Aman Allah, gör necə dəyişmişəm? Doğrudanmı şəkildən baxan o gözəl qız mən idim?» Dönüb yenidən güzgüyə baxdı. Oradan baxan əksini şəkli ilə müqayisə etdi. Bundan ürəyi sıxıldı. Albomu yerinə qoymaq istəyirdi ki, arasından Abbasın şəkli düşdü. Hər dəfə saatlarla bu şəkillə dərdləşən, sonra öpüb yerinə qoyan Ayişə bu dəfə ona ötəri, gözünün ucuyla baxıb şəkli albomun arasına qoydu.

      Bayaqkı görüş gözləri önündən getmirdi. Son dəbə uyğun geyinmiş boylu-buxunlu, yaraşıqlı Abbasın yanında necə acınacaqlı göründüyünü təsəvvür edəndə xəcalət çəkdi. Birdən daxilindən qalxan bir hiss üsyan etdi: «Niyə xəcalət çəkirsən? Sənin kimi qızları gözü yolda qoyan oğlanlar xəcalət çəksinlər. O oğlanlar ki, valideynlərinə sahib çıxmırlar, o oğlanlar ki, sevgilərinə sadiq qalmırlar… Sən başını uca tut, Ayişə. Qardaşlarının əvəzinə ata-anana oğulluq edirsən».

      Ayişə qapqara qaralmış əllərinə indi qürurla baxdı. «Bu, zəhmətdən qaralmış əllərdir. Yoxsa Abbasın ağappaq, yupyumşaq əlləri kimi? Doğru deyiblər ki, ağ gün ağardar, qara gün qaraldar. Mənim kimi qızların qara gündən qaralmağının, evdə qalıb qarımağının nə əhəmiyyəti var ki… Təki onlar ağca xanımlarla ağ gün görsünlər». Acı-acı güldü.

      Ayağa qalxıb güzgünün qabağında fırlandı. Diqqətlə özünə baxdı. Paltar əynində torba kimi qalırdı. Arıqlayıb dümdüz olmuş sinəsinə baxıb hirsləndi. Təzəlikcə görüşdüyü sinif yoldaşı Mirvari yadına düşdü. Məktəbdə ən cılız, ən çirkin qız idi. Onuncunu qurtaran kimi qonşu rayona ərə getmişdi. O vaxtdan onu görməmişdi. Bir həftə əvvəl kənddə rastlaşanda Ayişə heyrətdən yerindəcə donub qalmışdı. Əvvəlki Mirvaridən əsər-əlamət qalmamışdı. O, ətə-qana dolmuş, gözəlləşmişdi. Analıq səadəti, ailə xoşbəxtliyi üz-gözündən oxunurdu.

      – Ölmüş, ərə getmək sənə nə yaman düşüb? – deyə Ayişə özünü saxlaya bilməmişdi.

      – Eh, Ayişə, Allah insaf versin cavanlara, hamısı kənddənkəsəkdən qaçaq düşüb… Öz evi, ailəsi olmaq ayrı şeydi. Allah qismətini yetirsin! – demişdi Mirvari.

      Güzgünün qabağından çəkilib yatağına uzandı. Nə edəcək, necə yaşayacaq, kim üçün yaşayacaq bundan sonra? Bu da sevgisinin ona gətirdiyi yolun sonu…

      Birdən ata-anası gəlib gözləri önündə canlandı. Sualından utandı. «Bəs bunlar? Mən ailə qursaydım, bu zavallılara kim baxacaqdı?» Qocalıb əldən düşmüş bu iki əziz adamını bir gün itirə biləcəyini fikirləşib dəhşətə gəldi, dörd divar arasında tək-tənha qalacağından qorxdu. İnnən belə qardaşlarından nə Məmmədşah, nə də Əlişah şəhərdən kəndə qayıtmayacaq. O, bu evdə yalquzaq kimi ömür sürməyə məhkum olacaq…

      Ayişənin havası çatmadı. Pəncərəni taybatay açıb qabağında dayandı. Amma bu halı keçmədi. Ona nə olmuşdu? Bəlkə olan-qalan qətiyyətini Abbas əlindən almışdı? Bəlkə bu, ilk məhəbbətin əzabı idi? Yox, məhəbbətdən, sevgidən ona acı nisgildən başqa bir xatirə qalmamışdı. Ürəyini darıxdıran, onun bütün olan-qalan səbrini əlindən alan başqa şey idi. Sevillə

Скачать книгу