Özgə ağrısı. Sədaqət Kərimova

Чтение книги онлайн.

Читать онлайн книгу Özgə ağrısı - Sədaqət Kərimova страница 9

Özgə ağrısı - Sədaqət Kərimova

Скачать книгу

itmişdi. Bu böyük ailənin nəbzi sanki bu balaca otaqda döyünürdü. Bəzən uşaqlar həftələrlə onun yanında qalırdılar. Dünən Xədicənin vəziyyəti birdən-birə yaxşılaşmışdı. O, deyib-gülür, uşaqlarla zarafatlaşırdı. İlk oğul nəvəsini, Nazimin beşaylıq oğlu Anarı öpüb-oxşamaqdan, əzizləməkdən yorulmurdu. Böyük qızı Nigar onu belə görəndə boynunu qucaqlayıb sevincindən ağlamışdı:

      – Sənin bu halın üçün elə darıxmışıq, ay ana! Nə olar, tez sağal, sənə xəstəlik yaraşmır, heç yaraşmır!

      Dünən Nazim də anasının ağappaq, qırışsız sifətinə, mehriban, dərin gözlərinə baxmaqdan doymurdu. Gəlinlər tez-tez mətbəxdən dadlı yeməklər gətirir, Xədicə isə onların xətrinə dəyməmək üçün biş-düşün hamısının dadına baxırdı. Dünən uşaqlar son iki ayda ilk dəfə arxayın halda, sevinə-sevinə evlərinə dağılışmışdılar. Onlar gedəndən sonra Nazim xəstəxanaya yollanmışdı.

      Bu iki ay ərzində ilk dəfə ikilikdə baş-başa qalan Xədicə ilə Ələddin fürsətdən istifadə edib xeyli dərdləşdilər. Ərinin sınıxmış sifətinə göz qoyan Xədicənin ürəyini kədər bürüdü. Sabah ona bir şey olsa, Ələddinin vəziyyəti necə olacaq? Axı sakit təbiətli, həlim xasiyyətli, təvazökar adam olan Ələddin ondan başqa ömründə kimsəyə dərdini danışmaz, sirrini etibar eləməzdi. «Sən mənim hər şeyimsən – anam, bacım, qızım, gəlinim», – deyərdi Ələddin. Anasını tez itirən, bacısı olmayan, qızlarından, gəlinlərindən həya edən Ələddin üçün doğrudanda Xədicə hər şey idi – hava, su, həyat. Bunları düşünəndə Xədicənin özündən çox ərinə yazığı gəldi. «Mən öləcəyəm, canım qurtulacaq, amma bu yazıq gündə yüz dəfə ölüb diriləcək, hər an məni yada salacaq. Cavan deyil ki, başını qarışdırsın.»

      Xədicə ərinin ağarmış saç-saqqalına, qırışlarla örtülmüş xırda, mehriban gözlərinə baxıb, qəmli səslə dedi:

      – Əgər bacarsaydım, gücüm çatsaydı…

      Ələddin onun nə demək istədiyini yaxşı bildiyindən özünü toxtaq tutmağa çalışdı.

      – Əlimdən bir şey gəlsəydi, səni qoyub getməzdim. Bu yaşda səni tək-tənha qoymaq heç insafdan deyil. Amma deyəsən tək qalacaqsan, – Xədicə sözünü tamamladı.

      Adətən, özünü heç nə olmamış kimi göstərməyə çalışan, arvadının yanında deyib-gülən, xəlvətə düşəndə isə gözünün yaşını saxlaya bilməyən Ələddin onun bu sözlərindən kövrəldi:

      – Niyə ümidsiz danışırsan, Xədicə? Nazim səni sağaldacaq, görərsən… Əgər qismətimə tənhalıq yazılıbsa, bu, bir alın yazısıdır. Onu dəyişməyə kimsənin qüdrəti çatmaz.

      O, qəhərini udub sözünə davam elədi:

      – Səndən yerdən göyəcən razıyam, Xədicə. Sənsiz mənim həyatım heçdir. Bunu bil ki, ömrüm boyu sənə sadiq olmuşam, özüm də, qazancım da ailəmə məxsus olub…

      Sonra söhbəti uşaqların üstünə gətirdilər. Övladları sarıdan ikisinin də bəxti gətirmişdi. Hamısını oxutmuş, ailə sahibi etmişdilər. Bu vaxta kimi onların bir sözünü iki edəni olmamışdı. Hansının evinə gedirdilərsə, o qədər hörmət, o qədər qayğı görürdülər ki, həmişə balaları üçün Allaha dua edirdilər. Xədicə infarkt keçirəndən bir gün sonra Bakıda yaşayan kiçik qızları Aynur gecəyarısı həyəcanla içəri girəndə hamı heyrətə gəlmişdi. Xədicə Nazimlə Ələddinə dönə-dönə tapşırmışdı ki, xəstəliyi barədə uşaqlara heç nə deməsinlər. Amma heç iki gün keçməmiş hamı bundan xəbər tutmuşdu. Bircə qonşu rayona gəlin köçən Təhminəyə bildirməmişdilər. Hər gecə narahat yuxular görən Təhminə tez-tez evlərinə zəng çalırdı, gəlindən anasını çağırmasını istəsə də, o, hər dəfə gah anan qonşudadı, gah həyətdədi deyib, ya da ağlına gələn bir şey uydurub qızı sakitləşdirmək istəyir, narahat yuxularını hamiləliyi ilə əlaqələndirirdi. Qarmaqarışıq yuxuların əlində qalan Təhminə dözə bilməyib anasına baş çəkmiş, onu yataqda görəndə uşaq kimi hönkürüb ağlamış, onu aldatdıqları üçün hər kəsdən incimişdi…

      – Nə dərin düşüncələrə dalmısan, ana? – Nazim Xədicəni fikirdən ayırdı.

      – Heç, bala, elə-belə, – Xədicə köksünü ötürdü.

      «Zəhrimar xəstəlik məni hardan tapdı?» – deyə qadın ürəyində söyləndi. Altmış illik həyatı kino lenti kimi gözlərinin önündən gəlib keçdi. Ələddinlə ailə qurmağı, uşaqlarını böyütməyi, onları məktəbə aparmağı, məktəbdən sonra evdə qarşılamağı, dərsləri ilə məşğul olmağı, bişirməyi, düşürməyi, kiminsə üstünə qışqırmağı, kimisə cəzalandırmağı yadına düşdü. Altı övladının heç biri xasiyyətcə o birinə oxşamırdı. Ona görə də hər biri ilə bir cür dil tapmaq lazım idi. Nigar evin böyüyü olduğuna görəmi, yoxsa çox əzizləndiyi üçünmü, uşaqlıqdan yaman ərköyün idi. Evin ikincisi olan, oğlan kimi böyüyən Aynurun dəcəlliyindən bəzən ağlamaq dərəcəsinə gəlirdi. Sakit, həlim təbiətli Nailənin varlığı ev-eşikdə bir o qədər hiss olunmazdı, amma həssas və küsəyən olduğuna görə Xədicə daha çox onu əzizləyərdi. Həm də bunu o biri uşaqlardan xəlvət edərdi. Şən, şux təbiətli Təhminə itoynadanın biri idi. Onu məhəllədə də, məktəbdə də hamı çox istəyirdi. Sonra Nazim dünyaya gəlmişdi. Dörd qızdan sonra doğulan bu uşaq onunla Ələddinə bir dünya sevinc bəxş eləmişdi. Ən gözəl arzuları onunla bağlı idi, Nazim onların evinin çırağı idi. Sonra Çingiz, evin sonbeşiyi. Anasının şirin-şəkər Çingizi. Xədicə balalarını böyütmək üçün gözüylə qor götürmüşdü. İş-gücdən vaxt ayırıb onların dərslərinə xüsusi nəzarət edərdi. Sonra uşaqların institut vaxtları gəlib çatdı. Xədicə uşaqlarının heç birini Bakıya tək buraxmamışdı. Qəbul imtahanları başlanandan qurtarana kimi özü onlarla olmuş, biş-düşlərini hazırlamış, imtahan günlərində onlardan çox həyəcan keçirmişdi. Elə bil imtahan verən özü idi. Sonra uşaqların toy həyəcanları, sevinc hissinə qarışan narahatlıqlar ürəyində neçə-neçə izlər qoymuşdu…

      Beş ay əvvəl sonbeşiyi Çingizi evləndirib evə gəlin gətirəndən sonra Xədicə ilk dəfə etiraf etmişdi ki, bərk yorulub. Uşaqlara zarafatla:

      – Sizə olan bütün borclarımı vermişəm. Daha bu gündən sonra özüm üçün yaşayacağam, – demişdi. Haqlı idi. Doğrudan da, uşaqları dünyaya gələndən bəri bircə gün də özü üçün yaşamamışdı. Onun üçün hər şey – həyatı da, sevinci də ailəsi və övladları ilə bağlı idi. Artıq hamını yerbəyer edib. İnnən belə öz rahatlığının, istirahətinin qayğısına qalacaq. İş-gücünü bir qədər yüngülləşdirəcək, yeməyinə-içməyinə fikir verəcək, vaxtlı-vaxtında dincələcək.

      Lakin heç nə düşündüyü kimi olmadı. Adını yorğunluq qoyduğu bu halsızlığı toydan sonra da keçib getmədi. Özünü

Скачать книгу