Özgə ağrısı. Sədaqət Kərimova

Чтение книги онлайн.

Читать онлайн книгу Özgə ağrısı - Sədaqət Kərimova страница 11

Özgə ağrısı - Sədaqət Kərimova

Скачать книгу

ona görə.

      – Hə, Xədicə, canım yaman ağrıyır».

      Ələddin yatağından qalxıb əyninə isti jaket geyindi, üstündən yun toxunma canlıq keçirdi. Yadına düşdü ki, onu Xədicə keçən qış toxumuşdu. Canlıq bədənini elə isti saxlayırdı ki, hər dəfə onu geyinəndə arvadına minnətdarlıq edərdi. Ayağına keçirdiyi yun corablar da, başına qoyduğu yun papaq da Xədicənin zəhməti idi. Bu evdə elə bir şey yox idi ki, onun əllərinin izi olmasın. Bu otağın səliqə-sahmanı, hətta əşyaların qoyulma tərzi də Xədicəyə məxsus idi.

      Bir həftə əvvəl işdən qayıdanda Ələddin şkafdakı qabların başqa cür qoyulduğunu görüb hirslənmişdi.

      – A bala, bu sənin işindir? – deyə gəlinindən soruşmuşdu.

      – Hə, ata, tozlarını alırdım.

      – Qabları necə vardı, o cür də yerinə yığ, – deyə Ələddin hirslə dillənmişdi.

      Həlim təbiətli qayınatasının əsəbiləşməsinin səbəbini yaxşı anlayan gəlin tez şkafda əvvəlki səliqə-sahmanı bərpa eləmişdi. Sonra isə:

      – Ata, qırxa az qalıb, otağın pərdələrini dəyişmək istəyirəm, – deyə Gülcan ondan izn istəmişdi.

      Ələddin narazılıqla:

      – Yuyub təmizləmək istəyirsənsə buyur, amma ayrı heç nə lazım deyil, – demişdi.

      Bu kiçik otaqda hər şey Ələddinə doğma idi. Burada hər əşya ona Xədicəni xatırladırdı. Elə bu səbəbdən vaxtının çoxunu burda keçirirdi. Yadına düşən xatirələrdən bəziləri onu üzürdü. Keçən ilki bir hadisədən indi xəcalət çəkirdi. Onda Xədicə xəstə idi. Ələddin işdən qayıdanda:

      – Qulunc məni öldürür, – deyə qadın ona şikayətləndi.

      – Keçib gedər, arvad, – deyə Ələddin mətbəxə keçdi, gəlinin onun qabağına qoyduğu xörəyi ləzzətlə yedi. Sonra qəzetlərə, televizora başı qarışdı. Yatmaq üçün evə keçəndə Xədicə yalvarışla:

      – Ay Ələddin, kürəyimi bir az ovuşdur, qulunc məni yaman incidir, – dedi.

      – Gəlinə niyə demirsən?

      – Gəlindən utanıram.

      – Camaat gəlin gətirir ki, qulluğunda dursun, sən də deyirsən ki, utanıram.

      Elə bu vaxt Nazim içəri girdi deyə söhbəti yarımçıq qaldı. Gecə Ələddin heç nə olmamış kimi soyunub yerinə girdi. Xədicə daha ona heç nə demədi.

      Gecə yarısı belinin ağrısına yuxudan oyanan Ələddin böyrü üstə çevrilmək istəsə də, tərpənə bilmədi:

      – Xədicə, ay Xədicə, – deyə həyəcanla arvadını səslədi. – Tez ol, bura gəl, qurumuşam, tərpənə bilmirəm. Bir az belimi ovxala. Xədicə heç nə demədən yerindən qalxıb onun çarpayısının qırağında oturdu, ərinin belini ovxalamağa başladı. Onun əlləri qaynar idi. Ələddinə elə gəldi ki, bədənində iki köz gəzir. Bu qaynarlıqdan canına xoş bir istilik yayıldı.

      – Əllərin əcəb istidir…

      – Hə, hərarətim var, – Xədicə astadan cavab verdi.

      Ələddin onun səsinin titrəyişini indi, üstündən bir ilə yaxın vaxt keçəndən sonra hiss edirdi. O vaxt buna əhəmiyyət verməmişdi. Onda nə tez öz hayına qalmışdı? Bir neçə saat əvvəl Xədicə də kürəyinin ağrısından şikayətlənmişdi. Bəs o niyə Xədicəyə qayğı göstərməmişdi? Sevdiyi qadına niyə bu qədər diqqətsizlik etmişdi?

      Xədicənin o günkü incikliyini yalnız indi duyurdu. Qızdırma içində yerindən durub əynində nazik gecə köynəyi soyuq otaqda onun belini ovxalayan Xədicə gözlərinin qarşısında canlandıqca bir hiss ürəyini kəlbətin kimi sıxırdı. Bu, vicdan əzabı idi. «Ay Ələddin, kürəyimi bir az ovuşdur, qulunc məni yaman incidir», – deyən arvadının zəif səsi qulaqlarında təkrar-təkrar səslənirdi. Özünün etinasızlığına görə indi elə utanırdı ki… Açıb ağarda bilməzdi bunu. Uşaqlarına necə deyəcəkdi ki, ananızın ürəyi elə o vaxtdan ağrıyırmış. Əgər vaxtında qayğı göstərsəydi, Xədicə ölməzdi. Onu ovxalamamağı bir yana, heç oğluna da deməmişdi ki, ananın kürəyi ağrıyır, bir gör nə dərdi var… Xədicə qırx il ona yoldaşlıq etmiş, bütün ağrı-acısına şərik olmuş, körpə uşaq kimi qulluğunda durmuş, hər nazını çəkmişdi. Bəs o? O niyə etinasızlıq eləmişdi? Düşünəndə ki, bu soyuq qış günündə arvadı qara torpağın altında uyuyur, yatağı ağ kəfəndən başqa bir şey deyil, özünə yer tapa bilmirdi. O, isti otaqda, qalın paltarda üşüyürdü. Bəs qışın bu sazağında Xədicə üşümürmü? Ələddin neyləyəcəyini bilmirdi. Canını qoymağa yer tapmırdı. Nə boğazına tıxanmış qəhər, nə də ürəyini sıxan kədər keçib gedirdi. «Mən necə dözəcəyəm? Sənsiz neynəyəcəyəm? Tək-tənha necə yaşayacağam? İndi mən kimə lazımam?»

      Şkafın sağ gözünü açdı. Buradan Xədicənin bir neçə donu asılmışdı. Qəhvəyi rəngli, üstündə ağ dairələr olan dondan Ələddinin yaman xoşu gələrdi. Bu paltar Xədicəyə çox yaraşırdı. Köklüyünü gizlədir, onu yığcam göstərirdi. Xədicənin özünün də bu paltardan xoşu gəlirdi.

      Ələddin Xədicəni həmin paltarda üz cizgilərindən tutmuş gözlərinin ifadəsinə qədər hər şeyi təsəvvürünə gətirdi. Arvadı vəfat edəndən bəri Xədicənin sifətini olduğu kimi yadına sala bilmirdi. Qırx il bir yastığa baş qoyduğu arvadının üzü yadından çıxmışdı. Kimə desəydi, buna inanmazdı. Amma səsini daim eşidirdi. Onun səsi elə hey qulaqlarında səslənirdi. Söhbətlərini olduğu kimi xatırlayırdı. Gülüşü də, deyinməyi də, mehriban danışığı da, sərt səsi də yaddaşına həkk olunmuşdu. Hər gecə səhərə kimi yuxuda onunla danışırdı. Amma sifətini görmürdü ki, görmürdü. Bu gün ilk dəfə Xədicənin sanki canlı surətini görürdü. Onun artıq həyatda olmadığına inana bilmirdi.

      Paltarı bağrına basdı. Ondan Xədicənin qoxusu gəlirdi. Bir xeyli beləcə qaldı. Sonra paltarı yerinə asıb şkafı bağladı. Təzədən çarpayısına uzanıb, səhərin açılmasını gözlədi. Özünə yer tapa bilmirdi. Tərslikdən səhər də açılmaq bilmirdi…

      «– Sənin ölən vaxtın deyildi, Xədicə.

      – Mən ağrıyırdım.

      – Bəs mənə niyə demirdin?

      – Deyirdim, sən eşitmirdin».

      Bu sözlər qaranlıq otaqda əsl ittiham kimi səsləndi.

      Ələddinin yadına düşdü ki, Xədicənin səhhəti ilə heç vaxt maraqlanmazdı. Hər il adəti üzrə məzuniyyətini kurortlarda, sanatoriyalarda

Скачать книгу