Özgə ağrısı. Sədaqət Kərimova

Чтение книги онлайн.

Читать онлайн книгу Özgə ağrısı - Sədaqət Kərimova страница 7

Özgə ağrısı - Sədaqət Kərimova

Скачать книгу

inanmadı: Kişmiş bir qucaq yasəmənlə küçədə dayanmışdı. Böyük çiçək dəstəsinin arxasından Kişmişin başı güc-bəla ilə görünürdü. Mehribanı gülmək tutdu. Amma tez özünü ələ alıb bunları haradan dərdiyini, niyə gecənin bu vaxtı gətirdiyini soruşmaq istəyirdi ki, Kişmiş yasəmənləri ona verib, bir göz qırpımında qaranlıqda gözdən itdi. Bu, elə tez, elə ani baş verdi ki, böyük çiçək dəstəsi ilə qaranlıqda tək qalan Mehriban özünü itirib nə edəcəyini bilmədi.

      Çox sevdiyi yasəmənlər bu dəfə ona sevinc yox, qorxu qarışıq məyusluq gətirdi. İndi bu qədər gülü neyləsin? Evə aparsa, ondan soruşmazlarmı ki, gecə yarısı gülləri ona kim verib, nə münasibətlə verib? Atasının sərt üzü gözləri qarşısında canlandı. O, bilsə ki, qızına gecə vaxtı kimsə gül bağışlayır, Allah bilir, onu necə cəzalandırar.

      Mehriban həyətdən ehmalca bağa keçdi. Evdəkilərin duyuq düşə biləcəyi qorxusu onun qaranlıq qorxusunu üstələmişdi. Gülləri gizlətməsə, evdə tufan qopardı. Həyəti axtarıb bir vedrə tapdı. Onu su ilə doldurub, gülləri içinə yığdı, kimsə görməsin deyə qarağat kollarının dalında gizlətdi. Sonra isə ayaqlarının ucunda ehtiyatla içəri girib yatağına uzandı. Xeyli vaxt gözlərinə yuxu getmədi. Ürəyinin döyüntüsü onu yatmağa qoymurdu. Yasəmən salxımları arxasında görünməz olan Kişmişin gülməli sifəti təkrar-təkrar onun gözləri qarşısında canlanırdı. Heyf ki, bu gülləri gətirən Fərid deyildi. Əgər onları Fərid gətirmiş olsaydı, bu dünyada Mehribandan xoşbəxt adam olmazdı. Bu fikirlərlə yalnız səhərə yaxın yuxuya getdi.

      Sübh tezdən yerindən qalxıb məktəbə hazırlaşdı. Nə qədər ki, ata-anasının başı mal-qaraya qarışmışdı, evdən tez çıxmaq lazım idi.

      Xidmətçilərdən başqa məktəbə hələ heç kəs gəlməmişdi. Onlar dəhlizin yuxarı tərəfindəki otaqları silib-süpürürdülər. Mehriban sinif otağının qapısını açıb sakitcə içəri girdi. Özüylə gətirdiyi yasəmənləri yalnız indi doyunca qoxladı. Gecə evdəkilərin görə biləcəyindən ehtiyat edib onları qoxlaya da bilməmişdi. Səhər havasından daha da təravətlənmiş çiçəklərin ətri otağa yayıldı.

      Onun heç zaman bu qədər yasəməni olmamışdı. Düşünəndə ki, bir saatdan və ya bir gündən sonra onların hamısı solacaq, güllərin yarımçıq ömürlərinə heyfi gəldi. O, hər partanın üstünə bir yasəmən, Fəridin partasına isə iki dənə qoydu: «Biri mənim, biri Fəridin».

      Mehriban dəhlizdə kimsənin olmadığına əmin olanda sinif otağından çıxdı, yaxşı ki, heç kimlə rastlaşmadı. O, yalnız zəng çalınanda qayıtdı. Otaqda bir səs-küy vardı ki… Hamı bir-birinə dəymişdi.

      – Görəsən, bu gülləri bura kim qoyub? – deyə uşaqlar bir-birindən soruşurdu. Mehriban heç nədən xəbəri yoxmuş kimi onlara qoşuldu.

      – Bu nə tapmacadı, kimdi bizi bu qədər sevən? – deyə hər şeyə xüsusi maraq göstərən Sənubər dilləndi. O gün məktəbdə hər kəs bu sinfin yasəmənə bələnməsindən danışdı…

      Dərsdən sonra məktəbdən evə qayıdanda Mehriban Fatma xalanın qapısı ağzında qələbəlik olduğunu görüb onlara yaxınlaşdı. Anası da, qonşular da onların arasında idi. Fatma xalanın qarğış səsi ətrafı götürmüşdü:

      – Səni görüm əllərin qurusun! Səni görüm ciyərin yansın! Səni görüm…

      – Nə olub, ana? – deyə Mehriban xəbər aldı.

      – Kişmiş gecə Fatmanın yasəmənlərini yoluşdurub.

      – Kişmiş? – Mehriban qulaqlarına inanmırmış kimi heyrətlə soruşdu. – Fatma xala nədən bildi ki, bunu Kişmiş eləyib?

      – Bir yasəmən ilişib Kişmişgilin çəpərində qalıbmış. Bir də ki, Kişmiş özü də boynuna alıb. Hamının yanında deyib ki, Fatma xala kimi xəsisə bu da azdır.

      Mehriban yasəmənlərin haradan dərildiyini yalnız indi anladı. Qəribədir, dünəndən bəri bu, onun ağlına gəlməmişdi. Həyəcan və qorxu içində olduğundan bu sual onu düşündürməmişdi. İndi isə anasından bunları eşidəndə qeyri-ixtiyarı pərt oldu. Dünəndən bəri keçirdiyi həyəcanı bir az da artdı.

      «Birdən kimsə bilsəydi ki, bu güllər mənə görə yolunub, nə cavab verərdim?» – deyə özündən biixtiyar titrədi. «Eybi yox, Kişmiş, baxaq görək bu oğurluğa nə ad verəcəksən», – deyə ürəyində söyləndi.

      Ertəsi gün səhər məktəbə gedəndə Kişmiş həmişəki kimi evlərinin qarşısındakı skamyada oturub gülümsər gözlərlə ona baxırdı. Mehriban ona çatanda:

      – Sənin belə işlərin də varmış, hə? Qəhrəmana bax! – deyə acıqlı-acıqlı dilləndi. – Bilmək istəyirsənsə, özgə bağından oğurlanan güllər mənə lazım deyil. Gərək dünən onları səndən almayaydım. Sən oğrusan! Eşidirsənmi, oğru! – Bunları birnəfəsə deyən Mehriban hirsini soyutduğuna məmnun oldu.

      Kişmişin gözlərindəki gülüş bircə anda yox oldu. O, xəcalətindən və pərtliyindən pörtüb heç nə deyə bilmədi. Peşmanlıq qarışmış incik baxışlarla onu süzdü. Sonra evlərinin darvazasına sarı gedib içəri girdi, qapını arxasınca bağladı. Yalnız bundan sonra Mehriban sözlərinin nə qədər acı, ittihamının nə qədər ağır səsləndiyinin fərqinə vardı. Ancaq gec idi, ox yayından atılmışdı.

      Həmin hadisədən sonra Kişmiş dəyişdi, tamam başqa cür oldu. O, Mehribandan qaçırdı, qızı görəndə özünü görməzliyə vurur, ya da tez yolunu dəyişir, başqa səmtə dönürdü. Mehriban səhərlər onu bir daha skamyalarında oturmuş görmədi, baxışlarını üzərində hiss etmədi. Kişmişi hər gün evlərinin qabağında görməyə elə adət etmişdi ki, indi onu görməmək Mehribana həm qəribə, həm də ağır gəlirdi. Günlər keçdikcə ona aydın oldu ki, Kişmişin xətrinə dəyib, özü də elə dəyib ki, bundan sonra neynəsə də könlünü ələ ala bilməyəcək. O, Kişmişin ürəyini yaralamış, heysiyyətinə toxunmuşdu. Sən demə, Kişmiş onun düşündüyündən də ciddi və həssas adam imiş. Bunu düşündükcə Mehriban öz-özündən utanır, dediyi sözlərə görə xəcalət çəkirdi.

      İki il sonra onlar orta məktəbi başa vurdular. Mehriban Bakıda Pedaqoji İnstituta qəbul olundu, Kişmiş isə Odessada Dənizçilik Məktəbinə girdi.

      O vaxtdan düz beş il keçirdi. Bu müddət ərzində Mehriban ilk dəfə idi ki, yasəmən çiçəkləyəndə doğma rayonda olurdu. Hər şey beş il əvvəl necə idisə, indi də eləcə idi. Amma bu, zahirən belə idi, əslində hər şey dəyişmişdi. İndi başqa uşaqlar öz uşaqlıq dövrünü yaşayırdılar. Bir vaxtlar onların ötdükləri yollardan keçir, oynadıqları oyunlarla başlarını qatır, öz qayğısız həyatlarını yaşayırdılar. Mehribanın tay-tuşları çoxdan uşaqlıq adlı şirin dünyadan ayrılmışdılar. Keçmiş illərdən yadigar qalan bircə Fatma xalanın yasəmənləri

Скачать книгу